Bakıda keçirilən Forum xalqlar arasında etimadı gücləndirir-Özəl
16:24 Siyasət"Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində milli-mənəvi dəyərlərə sadiqliklə müasir inkişaf prinsiplərinin uzlaşdırılması mühüm rol oynayır. Ölkəmiz müxtəlif dinlərin, mədəniyyətlərin və dünyagörüşlərinin qarşılıqlı anlaşma şəraitində bir araya gəlməsinin mümkünlüyünü öz təcrübəsi ilə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın yalnız regional məsələlərin həllində deyil, qlobal miqyasda dialoq və əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsində də fəal iştirakını təmin edir. Bu baxımdan, Bakıda keçirilən Forum xalqlar arasında etimadın gücləndirilməsi, dini və mədəni ayrı-seçkiliyin qarşısının alınması, eləcə də gələcək nəsillər üçün daha təhlükəsiz və harmonik dünyanın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanlı deyib: "Azərbaycanın qarşıdakı illərdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə və Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsi də xüsusi əhəmiyyət daşıyır. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin zirvə görüşlərinin Bakıda keçirilməsi ölkəmizin müxtəlif siyasi və mədəni platformalar arasında əməkdaşlığa verdiyi töhfənin göstəricisidir. AQEM-də sədrliyin uzadılması və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatında iştirakının genişlənməsi də ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu nümayiş etdirir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir, lakin bizim müxtəlif aspektlər üzrə rolumuzun tanınmasının və eyni zamanda, bizə göstərilən hörmətin əlaməti olaraq biz buraya dəvət olunduq: "Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu və bizdə olan beynəlxalq potensialı nümayiş etdirir".
Forumda Ermənistanla sülh prosesinə toxunan Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqları diqqətə çatdırıb. 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından mühüm siyasi hadisədir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradıb.
Bütövlükdə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu mövqeyi, milli maraqlarına əsaslanan müstəqil siyasətini və sülhə verdiyi önəmi nümayiş etdirir. Azərbaycan fərqli mədəniyyətləri və siyasi mövqeləri bir araya gətirən etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan dünya nizamının tərəfdarı olduğunu bir daha təsdiqləyir".