Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq prinsiplərinə əsaslanır

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.

Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Maraqlıdır, sosial mediada bəzi Türkiyə vətəndaşlarının Azərbaycan dövlətinə, xüsusən dövlət başçısına qarşı yönəlik tənqid və təhqir dolu çıxışları fonunda Ərdoğanın prezident İlham Əliyevə zəng etməsi özündə nəyi ehtifa edir?

Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) İdarə Heyətinin üzvü Azər Qasımov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq prinsiplərinə əsaslanır: "Kimlərsə dini özünə həyat tərzi seçibsə, bu, onların şəxsi işidir. Ailələrini də dini baxışlarına görə idarə edib yaşayırlarsa, bu da onların şəxsi işidir. Amma, dövlət öz məktəbinə qayda qoyub. Hamı da bu qaydaya əməl etməyə borcludur. Məsələ bu qədər sadədir. Əgər bunun dini tərəflərini izah etməyə başlasaq bizə əsrlər yetməz, necə ki, XIV əsrdən çoxdur dinimizin adi məsələlərini izah edib qurtara bilmirik. Türkiyədən də "başörtüsü" deyib qışqıranlar gedib Əfqanıstanda qız uşaqlarının ümumiyyətlə məktəbə getməsini qadağan edənlərə qışqırsınlar. Çünki onların tay-tuşları Əfqanıstanda yaşayırlar". 

Azərbaycan müasir siyasi tarixinin həlledici dövrünə qədəm qoyur. Beynəlxalq proseslər dünya güclərinin qarşıdurmasında regional güclərin də tərəfini müəyyən etməsini şərtləndirir. Azərbaycanın regional gücə çevrilməsi prosesi, bunda Türkiyənin rolunun dəqiqləşdirilməsi, supergüclərin Azərbaycana münasibəti və gələcək planları Azərbaycan üçün həlledici xarakter daşıyır. Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq prinsipləri ilə yanaşı ortaq maraqlarla müəyyən edilir. Türkiyənin yürütdüyü siyasətin çoxvektorlu olması, ətraf regionlarda aktiv rolu və bu səbəblə Türkiyəyə qarşı formalaşan münasibətlər Azərbaycana da təsirsiz ötüşmür, xüsusən də İsraillə olan münasibətlər. Azərbaycanın gündəminin fərqli olmasına baxmayaraq Türkiyənin gündəminə köklənməsi Azərbaycan üçün əlavə təzyiqlər yaradır. Məsələ ondadır ki, Azərbaycanın gələcək planları regionda sülh gündəmi olduğu halda yaranan qeyri-ixtiyari əlavə gündəm Azərbaycanın planlarını pozur. Bu da Türkiyədən Azərbaycana təzyiqlər yaradır. Hesab edirəm ki, hər iki ölkə öz siyasətinin mahiyyətini qarşılıqlı müzakirə edib ortaq məxrəcə gəlməlidirlər ki, gələcəkdə eyni problemlərlə üzləşməsinlər. Türkiyə Azərbaycana problem yaradan siyasətini yenidən korrektə etsə, yaxşı olar".

A.Qasımov qeyd edib ki, Azərbaycan xalqı və hakimiyyəti olaraq heç vaxt düşünməzdik ki, son günlər olduğu kimi Türkiyədən bizim əleyhimizə bu qədər kin və nifrət kampaniyası aparıla bilər: "Biz uzun illər Azərbaycan əleyhinə erməni, fars və s. dairələrdən edilən bu kimi hücum  kampaniyaları ilə mübarizə aparmışıq. Amma Türkiyədən edilən bu hücumlar onlar qarşısında aciz qalıb. Onda biz bilirdik ki, onlar bizim düşmənlərimizdir, bunu təbii qarşılayır, cavablarını da layiqincə verirdik. Türkiyədən edilən son hücumlar qarşısında Azərbaycan olaraq "Türkiyə hakimiyyəti nə etmək istəyir?"- deyə pərişan haldayıq. Söyüş və təhqirlərə, təhdidlərə qarşı nə cavab verəcəyimiz çətin suala çevrilib. AKP hakimiyyət funksionerləri bir-iki cümlə quru birlik-bərabərlik mesajı verməklə öz işlərini bitmiş hesab edirlər. 

Türkiyə AKP hakimiyyəti bu durumu niyə istəsin? Türkiyə hakimiyyətinin Azərbaycan barəsində nə kimi gizli planları və ya tələbləri vardır ki, AKP hakimiyyətini bu yolu tutmağa sövq edir? Əslində, bu məsələ başqa ölkə ilə bizim aramızda baş versə idi, Azərbaycan olaraq bunu o qədər də problem etməzdik. Amma məsələ Türkiyə olduqda, bu, Azərbaycanın bir nömrəli təhlükəsizlik məsələsi olur. Ona görə ki, Azərbaycan Türkiyəni özü hesab edir. Türkiyəyə özü kimi inanır. Türkiyə adi bir məsələdə Azərbaycanla belə rəftar edirsə, sabah daha ciddi məsələlərdə Azərbaycan tərəfində ciddi suallar yaranacaq ki, Türkiyə AKP hakimiyyətinə inanmaq olar, ya olmaz. 

Hesab edirəm ki, Türkiyə AKP hakimiyyəti Azərbaycana qarşı kampaniya aparan əsas insanları öz sıralarından kənar etdiyini açıq şəkildə bəyan etməli, onlardan sosial mediada Azərbaycana və dövlət başçısına təhqir yağdıranları həbs etməlidir. Azərbaycan və Türkiyə birliyi çat verib, sınmasını gözləmək sonradan bərpa olunmayacaq durumlara səbəb olacaq. Buna yol vermək olmaz".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31