ABŞ-İran danışıqları razılaşmadan çox müharibənin qarşısını almağa hesablanıb-ÖZƏL

İran ABŞ-ni danışıqlarda birtərəfli tələblər irəli sürməkdə ittiham edib və mümkün hərbi hücuma qarşı müdafiəyə hazır olduğunu bəyan edib. İRNA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə diplomatik təmasların vasitəçilər üzərindən davam etdiyini bildirib. O, Tehranın danışıqlardan imtina etmədiyini, lakin "tam təslim olmaq" şərtlərini qəbul etməyəcəyini vurğulayıb.

ABŞ-nin İrana qarşı mövqeyində güzəşt ehtimalı varmı, yoxsa? Tehran vasitəçilər üzərindən təmasların davam etdiyini açıqlayır. Bu, real razılaşma ehtimalının olduğunu göstərirmi?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" ABŞ-nin İrana qarşı hazırkı mövqeyində yaxın gələcəkdə birtərəfli güzəştə getməsi ehtimalı olduqca aşağıdır. Eyni zamanda vasitəçilər üzərindən aparılan təmaslar real bir razılaşmadan daha çox genişmiqyaslı hərbi münaqişənin qarşısını almaq üçün böhran menecmenti xarakteri daşıyır. İran XİN sözçüsü İsmayıl Bəqayinin də vurğuladığı kimi, ABŞ  yəni, Prezident Donald Tramp administrasiyası Tehrandan güzəşt yox, daha sərt şərtlər daxilində tam təslim olmağı tələb edir. Vaşinqton İrana qarşı liman blokadası və iqtisadi sanksiyalar vasitəsilə maksimum təzyiq siyasətini davam etdirir. ABŞ-nin mövqeyində yumşalma ancaq Tehranın nüvə proqramı, regional proksi qüvvələri və raket sənayesi barədə fundamental güzəştlər etməsi qarşılığında məsələn, Hörmüz boğazının təhlükəsizliyi müqabilində liman blokadasının açılması kimi şərtlərlə müzakirə oluna bilər. Pakistan kimi regional vasitəçilər üzərindən ötürülən mesajlar tərəflərin bir-birinə birbaşa etimadsızlığı fonunda yeganə diplomatik çıxış yoludur. Lakin bu təmasların mövcudluğu tərəflərin ortaq məxrəcə yaxın olduğunu yox, sadəcə kommunikasiya xətlərini qorumağa çalışdıqlarını göstərir. Bu təmaslar böyük bir razılaşma əldə etməkdən ziyadə, hər iki tərəfin səhv hesablama nəticəsində bir-birinə genişmiqyaslı hərbi zərbələr endirməsinin qarşısını almaq funksiyasını daşıyır. Real razılaşma ehtimalı hazırda çox zəifdir. Çünki ABŞ-nin tələbləri İran üçün suverenliyin itirilməsi, İranın şərtləri isə ABŞ üçün yetərsiz və vaxt qazanmaq taktikası kimi qiymətləndirilir.
Ümumiyyətlə hər iki tərəf diplomatiya pəncərəsini rəsmən bağlamasa da, həm Vaşinqton, həm də Tehran hərbi eskalasiya və hər bir ssenariyə, mümkün hərbi hücumlara paralel olaraq hazırlaşmaqdadır. Təmaslar müharibə riskini azaltsa da, yaxın müddətdə köklü bir sülh və ya kompromis sazişinin imzalanacağına işarə etmir. Hər bir halda davam edən gərginlik və digər ehtimallar yeni həlledici savaşı da istisna etmir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31