Azərbaycan Məkkə Konvensiyasına qoşuldu
17:01 SiyasətAzərbaycan Məkkə Konvensiyasına qoşulub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokurorluğunun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, konvensiya korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlıq üçün hüquqi çərçivə yaradır.
"Bu konvensiya məlumat mübadiləsini və qabaqcıl təcrübələrin paylaşılmasını asanlaşdırır. Birgə istintaq tədbirlərinin həyata keçirilməsinə, qarşılıqlı hüquqi yardıma, korrupsiya nəticəsində əldə edilmiş aktivlərin müəyyənləşdirilməsinə, müsadirəsinə və geri qaytarılmasına imkan yaradır", - deyə T.Rəhimli qeyd edib.
O qeyd edib ki, Baş Prokurorluğun ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumlarının rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə 46 üzv və müşahidəçi dövləti, eləcə də səkkiz beynəlxalq təşkilatı təmsil edən 250-dən çox iştirakçı iştirak edir.
"Bugünkü görüşün əsas məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, məlumat və qabaqcıl təcrübələrin mübadiləsini asanlaşdırmaq, eləcə də korrupsiya nəticəsində əldə edilmiş aktivlərin geri qaytarılmasını təmin etməkdir", - deyə o bildirib.
T.Rəhimli görüşün mühüm nəticələrindən birinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun büroya üzv seçilməsi olduğunu vurğulayıb. O qeyd edib ki, bu, tərəfdaş ölkələrin korrupsiyaya qarşı mübarizə aparan qurumlarla əməkdaşlığı daha da gücləndirməyə imkan verəcək.
"Əminik ki, bugünkü görüş üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında beynəlxalq əməkdaşlığı gücləndirəcək və birgə səylərimizin artırılmasına töhfə verəcək", - deyə o əlavə edib.