Rusiyanın xüsusi nümayəndəsi hansı təkliflərlə gəlir? – Putin Zəngəzur planını aktivləşdirir
23 Mart 16:55 SiyasətRusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayevin bölgəyə səfəri gözlənir. Onun gəliş səbəbi hələlik açıqlanmır. Lakin bir çoxları bu səfərin Azərbaycan və İrəvan münasibətləri ilə əlaqəli olduğunu bildirir. Bəzi ekspertlər isə onun gəlişini Zəngəzur dəhlizinin açılması ilə əlaqələndirir.
Xovayev Bakıya və İrəvana hansı təkliflərlə gələ bilər? Kremlin planı nədir?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, ABŞ Prezidenti Donald Trampla Rusiya başçısı Vladimir Putinin telefon danışığı Kremldə çox böyük ümidlər yaradıb.
Onun fikrincə, bu vaxta qədər Kreml danışıqlardan kənar qalmışdısa, onları heç yerdə yüksək səviyyədə qəbul etmirdilərsə, Trampın zəngindən sonra onlar artıq özlərini dünya gündəmini həll edən tərəf kimi hiss etməyə başlayıblar:
"Telefon danışığında nədən söhbət getdiyi açıqlanmır. Ukrayna ilə bağlı bəzi məsələləri açıqladılar, amma ola bilər ki, orada yeni dünya düzəninin formalaşması barədə də müəyyən razılığa gəliblər. Çinlə mübarizə bu gün ABŞ-ın əsas məqsədlərindən biri olduğuna görə ona Rusiya kimi müttəfiq lazımdır. Bu baxımdan ola bilsin, ABŞ Rusiyanın keçmiş sovet məkanı üzərində təsir dairəsini tanımağı barədə qərar qəbul edib və bunu Putinlə danışıqda deyib. Fikir verdinizsə, məhz bundan sonra Kremlin diplomatik aktivliyi artıb, deyilənlər də o hadisədən sonra başlayıb".
Politoloq deyib ki, ola bilər Xovayevin bölgəyə təklifi Azərbaycan və Ermənistana yeni vəziyyətin yarandığı barədə məlumat verməkdir:
"Eyni zamanda iki ölkənin yenidən Moskva tərəfə döndərməsinin vaxtı çatdığını deyəcəklər. İkinci məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Kreml əvvəldən istəyirdi ki, Zəngəzur dəhlizi açıldıqdan sonra ora nəzarəti Rusiyanın xüsusi xidmət orqanları həyata keçirsinlər. Nəzərə alsaq ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi artıq imzalanma ərəfəsindədir, Rusiya da bu prosesdən kənarda qalmaq istəmir. O da proseslərdə yaxından iştirak etməyə çalışır. Sülh müqaviləsinə Rusiya maraqlarına uyğun nələrisə salmaq istəyəcəklər. Ümumiləşdirsək, deyə bilərik ki, Rusiyanın diplomatik aktivliyi nəzərə çarpır. Bununla da onlar bu vaxta qədər Ukrayna müharibəsinə görə itirdikləri mövqelərini geri qaytarmağa çalışırlar".
Xatırladaq ki, Rusiya son günlər Azərbaycanla münasibətləri düzəltməyə çalışır. Bir müddət öncə prezident Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefon danışığı aparıb. O, İlham Əliyevi Faşizm üzərində qələbənin 80 illik yubiley tədbirinə dəvət edib. Martın 16-18-də isə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Azərbaycana rəsmi səfərə gəlmişdi.