Yusif Bağırzadə: İrandakı həmyerlilərimizin taleyinə biganə deyilik–ÖZƏL

"Əlbəttə, ABŞ və ya İsrail tərəfindən İrana məxsus hərbi obyektlərin, xüsusilə də nüvə silahının əldə olunmasına yönəlik obyektlərin vurulması hər zaman aktual olub. Əgər nəzərə alsaq ki, artıq ABŞ ilə Rusiya arasında yaxınlaşma başlayıb və birinci Səudiyyə Ərəbistanında keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri cənab Lavrovun İrana yönəlik bəyanatı, yəni İranın nüvə silahı əldə etməsinin düzgün olmadığı barədə bəyanat, deməkdir ki, artıq ABŞ ilə Rusiya arasında İranla əlaqədar müəyyən müzakirələr gedir". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Hətta cənab Trampla cənab Putinin telefon danışığından aydın oldu ki, dövlət başçıları arasında, hətta İran və İsrail məsələləri də müzakirə edilib və burada cənab Trampın bir cümləsi diqqətəlayiqdir: "İranın İsrailə hücumunu məhv etmək düzgün deyildir, bunu qəbul etmək olmaz." Bu o deməkdir ki, cənab Putin ilə cənab Tramp arasında birbaşa İranla bağlı müəyyən bir sövdələşmə var. 

Digər tərəfdən, bildiyiniz kimi, İranla Rusiya strateji müttəfiqdir. 2024-cü ildən 2025-ci ilə kimi bu iki dövlət arasında strateji müttəfiqlik haqqında danışıqlar gedirdi. Artıq ilin əvvəlində cənab Pezeşkianın Rusiya səfərində iki dövlət arasında strateji müttəfiqlik haqqında müqavilə imzalanıb. Bu müqavilə, bildiyiniz kimi, Cənubi Koreya müqaviləsindən fərqlidir. Yəni burada bir-birinə hücum edən üçüncü dövlətə birgə cavab verilməsi barədə bir maddə yoxdur. 
Bildiyiniz kimi, cənab Pezeşkianın Rusiya səfərində iki dövlət arasında çox böyük iqtisadi müqavilələr imzalanıb. Həmin müqavilələrdən biri də Rusiyaya məxsus qazın Azərbaycan vasitəsilə İrana ötürülməsidir. İlk növbədə beş milyard kubmetr, sonra isə bu həcmin 50 milyarda çatdırılması nəzərdə tutulur.

Əgər nəzərə alsaq ki, ABŞ artıq Yəmən dövlətinin hərbi obyektləri vurur və bununla əlaqədar olaraq həmin münaqişəyə İranı cəlb etmək istəyir. Bu iki dövlət arasında hər hansı bir danışıqlar baş tutmasa, diplomatik münasibətlərin gedişatında, İsrailin və ya ABŞ-nin İranın hərbi obyektlərini vurması qaçılmaz olacaq. Əlbəttə ki, Azərbaycan qonşu dövlətlərlə münasibətlərini yaxşı saxlayır, oradakı həmvətənlərimizin taleyinə biganə deyilik. Heç vaxt Azərbaycan öz ərazisində İrana qarşı hər hansı bir təcavüzə icazə verməyib. 

Əgər nəzərə alsaq ki, ABŞ və ABŞ-yə məxsus hərbi texnika Ermənistan ərazisində cəmlənir, böyük ehtimalla, gələcəkdə ABŞ İrana qarşı hər hansı bir hərbi təcavüz etsə, bunu Ermənistan ərazisindən edə bilər. Buna görə də biz istəmirik ki, qonşu dövlətdə vəziyyət pisləşsin və oradakı azərbaycanlıların taleyi ilə bağlı məsələ ciddiləşsin. Bildiyiniz kimi, İranın əhalisinin çox böyük hissəsi azərbaycanlılardır. Buna görə də oradakı azərbaycanlıların taleyini biz biganə yanaşa bilmərik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31