Sahil Kərimli: “Ermənistan bölgədə yeni münaqişəyə zəmin yaradır” – ÖZƏL

Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə yerləşən nümayəndələrinin nizamnaməyə uyğun olmayan hərəkətlərinə dair təkzibolunmaz sübutlar, o cümlədən foto və video materiallar mövcuddur. Ermənistan hərbçilərindən biri təxribat xarakterli davranış sərgiləyərək sərhəd bölgəsində gərginliyi artırmağa cəhd edib. 

Ermənistan hərbçilərinin sərhəd bölgəsindəki təxribatçı hərəkətləri, regionda davam edən gərginliyi daha da artırarsa, beynəlxalq icma bu cür hallara necə reaksiya verəcək? Ermənistanın ikili siyasətinin məqsədi nədir?

"Ümumiyyətlə, bu gün Ermənistanın açıq-açıq sülh istəməməsi, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ciddi zərbələr endirməsi göz önündədir. Son bir neçə gündə Ermənistan ordusunun Azərbaycanla şərti sərhədlərdə hərbi təxribatlar törətməsi, Azərbaycan mövqelərinin atəşə tutulması və bu kimi təxribatçı faktlar mövcuddur".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Avropa İttifaqının dırnaqarası missiyasının tez-tez sərhədlərimizə gələrək təxribatçı müşahidələr aparması onu göstərir ki, Ermənistan heç cür  Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Əgər belə olmasaydı, əlbəttə ki, Ermənistan atəşkəsi pozmaz, hərbi təxribatlara əl atmazdı. Görünən odur ki, Ermənistan yenə də xaricdəki,   Avropadakı havadarlarına güvənərək bu cür təxribatçı hərəkətlərə yol verir. Xüsusilə onu vurğulamaq lazımdır ki, Ermənistanın son aylarda kütləvi şəkildə silahlandırılması Ermənistanın xaricdən silah tədarük etməsi və qeyd edək ki, bu silahlar hücum xarakterli silahlardır,  bəli, Ermənistan müharibəyə hazırlaşır və yaxud hazırlaşdırılır. Bu gün Ermənistan bu havadarlardan, ona dəstək olan qüvvələrdən istifadə edərək yenə də bölgədə pozuculuq fəaliyyəti törətməyə çalışır. Amma bu gün Azərbaycan dövləti hələ ki, Ermənistanın hərbi təxribatlarını təmkinlə izləyir. Təbiidir ki, bu hərbi təxribatları, ümumiyyətlə, atəşkəsi pozan tərəf susdurulur. Amma hələ ki, Azərbaycan böyük səbr və təmkin nümayiş etdirir. Çünki yeganə problem yaradan tərəf  Azərbaycanın sülh istəklərinə baxmayaraq, Ermənistandır və Ermənistan gec-tez Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir və bu konstitusiyada da təsbit olunmalıdır. Yalnız bundan sonra biz Ermənistanın həqiqətən də sülh tərəfdarı olduğunu deyə bilərik. Əgər faktiki olaraq bu gün Ermənistan bunu etmirsə, deməli, konkret sülh istəmir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31