9 oktyabr seçkiləri Azərbaycan xalqının iradəsinin ifadəsini əks etdirir - DEPUTAT

Sahibə Qafarova : “ATƏT DTİHB Azərbaycanla bağlı mövqeyində daim qərəzlilik, yaydığı hesabatlarında qeyri-obyektivlik nümayiş etdirir”

Bir sıra beynəlxalq təkilatların  9 oktyabr tarixində Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri barədə həqiqətə uyğun olmayan fikir səsləndirmələri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Millət vəkili Sahibə Qafarova bildirib ki, 9 oktyabr tarixində  Azərbaycanda  möhtəşəm, ədalətli, şəffaf və bütün demokratik normalara, Avropa və dünya dəyərlərinə söykənən prezident seçkiləri keçirilib. Onun sözlərinə görə, prezident  seçkilərinin  nəticəsi Azərbaycan xalqının iradəsinin ifadəsini  bütövlükdə əks etdirmiş oldu: "1993 və 2003-cü illərdən öz müdrik seçimini edən Azərbaycan xalqının ölkə Prezidenti İlham Əliyevə olan inamı, etimadı bu seçkilərin nəticəsində bir daha üzə çıxdı. Azərbaycan  xalqının İlham Əliyevi dəstəkləməsinin, böyük əksəriyyətlə müdafiə etməsinin əsasında isə son 10 il ərzində gedən fundamental dəyişikliklər, hər bir vətəndaşın həyatında baş verən pozitiv məqamlar dayanır".  Millət vəkili bildirib ki, 9 oktyabr seçkilərini təxminən 50 mindən çox yerli, 1400-ə qədər beynəlxalq müşahidəçi izləyib. Ümumilikdə götürəndə 9 oktyabr seçkilərini müşahidə edən  beynəlxalq müşahidəçilərin seçkilərin gedişi və nəticələri ilə əlaqədar səsləndirdikləri rəylər, fikirlər  qaneedicidir: "Beynəlxalq müşahidəçilərin rəylərini də iki hissəyə bölmək olar: seçkiləri qərəzsiz, obyektiv izləyib, nəticələr haqqında ədalətli fikir söyləyənlər və seçki prosesinə müəyyən konyuktura baxımından yanaşaraq, nəticələri məhz bu konyuktura prizmasından dəyərləndirmək istəyənlər. Onu da qeyd etmək istəyirəm ki, beynəlxalq müşahidəçilərin əksəriyyətinin ölkədə keçirilən səsvermə ilə bağlı rəyi birmənalı şəkildə kifayət qədər yüksək olub. Onların verdiyi bəyanatlar seçkilərin kifayət qədər ədalətli, şəffaf və demokratik prinsiplərə əsaslanaraq keçdiyini əks etdirir. Bura şəxsən özümün də  təmsil olunduğum AŞPA, o cümlədən, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların bəyanatları aiddir. Əlbəttə tənqidi fikirlər səsləndirənlər də oldu. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəyini qeyd etmək  olar. Amma mənə elə gəlir ki, ümumilikdə beynəlxalq təşkilatların seçki ilə bağlı rəyini qiymətləndirməli olsaq,  bütövlükdə yanaşma müsbətdir".  Azərbaycanın ATƏT-in üzvü olduğunu, qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq etdiyini xatırladan millət vəkili bildirib ki, Azərbaycan  müəyyən şərtlər daxilində bu əməkdaşlığın səmərəliliyini qeyd edir: "Amma təbii olaraq, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı qeyri-obyektivlikdən əl çəkə bilməsə, ikili standartlar xəstəliyindən xilas ola bilməsə, təbii ki, istər-istəməz, bu qurumla Azərbaycanın əməkdaşlığının nə dərəcədə milli maraqlarımıza uyğun olması sualı ortaya çıxacaq və bu suala cavab axtarılmalı olacaq. Bu yerdə  həmçinin qeyd edim ki, ATƏT-lə, onun Parlament Assambleyası ilə DTİHB arasında da  münasibətlər daim gərgin olub, xüsusilə, ATƏT məkanındakı seçkilərə yanaşmada hər zaman ciddi fikir ayrılıqları yaşanıb və yaşanmaqdadır.  Bunun da əsas səbəbkarı elə DTİHB özüdür.  Çünki ATƏT və onun Parlament Assambleyasından fərqli olaraq, bu qurum bir çox ölkələrlə, o cümlədən, Azərbaycanla bağlı mövqeyində daim açıq-aşkar qərəzlilik, yaydığı hesabatlarında qeyri-obyektivlik nümayiş etdirir, etdirib, necə ki, Azərbaycan keçirilən son seçkilərlə əlaqədar həmin qərəzli və qeyri-obyektiv yanaşmasını bir daha nümayiş etdirdi. Bu da öz növbəsində həm Azərbaycan cəmiyyətinin, həm də ATƏT-in və onu  Parlament Assambleyasının haqlı narazılığına, təpkisinə səbəb oldu. Elə bunun nəticəsidir ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin verdiyi məlumatlara görə, Parlament Assambleyasının bu günlərdə Monteneqronun Budva şəhərində keçirilən payız sessiyasında 9 oktyabr seçkiləri ilə bağlı geniş müzakirələr aparılıb və cənab Vuazan başda olmaqla, bütün iştirakçılar seçkilərlə bağlı öz müsbət mövqelərini ifadə, eyni zamanda, DTHİB-in mövqeyini tənqid ediblər. Yəni, demək istəyirəm ki, 9 oktyabr seçkiləri Azərbaycan xalqının iradəsinin ifadəsini əks etdirir,  heç bir daxili və ya xarici qüvvə də indi ona müdaxilə edə, ona kölgə sala bilməz".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00