Rus ayısı - KÖŞƏ
17 Oktyabr 2013 15:50 SiyasətMəşədi Cəfər
Uca xalqım və dünya ictiamiyyəti Rusiyanın qonşuları ilə, başqa millətlərlə qaba rəftarına "rus ayısı sayaq davranış" adı verib. Rus ayısı təsəvvürlərdə çox zorba, qaba, qanmaz kimi qalıb. Rus ayısının zorbalığı Qərbə, Amerikaya da bəllidir. Gönü qalın rus ayısı 1956-da Macarıstanda, 1968-də Çexoslovakiyada, 1986-cı ildə Qazaxıstanda, 1990-larda Gürcüstanda, Litvada və nəhayət, Azərbaycanda vəhşi xarakterini nümayiş etdirdi. 2008-ci ildə qəzəbli rus ayısının vəhşi nəriltisi Tiflisin bir addımlığından gəlirdi. Bütün dünya yığıldı, Avropanın dövlət başçısı tökülüb gəldi ki, ay ayı, Gürcüstan müstəqil dövlətdi, SSRİ respublikası deyil, yığış, qayıt mağarana. Rus ayısı qayıtdı, amma pəncəsində Abxaziya ilə Cənubi Osetiyanı da vurub apardı. Rus ayısı təkcə qabalıq bilmir ha, siyasət da bilir. Bir neçə il qabaq tərsliyinə salıb az qala Avropanı soyuqdan donduracaqdı. Ancaq rus ayısının yaxşı bildiyi iş qabalıqdı, pəzvənglikdi, məsələləri zorbalıqla həll etməkdi. Neçə vaxtdı Rusiya MDB dövlətlərinə, o cümlədən də Azərbaycana təzyiq edir ki, Vahid Gömrük İttifaqına daxil olsun, Kollektiv Müqavilə Təşkilatına üzv olsun. Rus ayısı anlamır ki, Azərbaycanın müstəqillliyi dönməzdir və bundan sonra SSRİ-ni başqa adla bərpa etmək mümkün olmayacaq. SSRİ 1922-ci ildə yaradılmışdı və keçmiş Rusiya imperiyasının sərhədlərini əhatə edirdi. Sovet dövləti ha çalışsa da, keçmiş imperiyanın sərhədlərini tam bərpa edə bilmədi. 1991-ci ildə dağılmış SSRİ-nin yerində MDB yaradılıb. İndi Rusiya bu qurumu gah Avrasiya İttifaqı, gah Vahid Gömrük İttifaqı adı ilə möhkəmləndirmək niyyətindədir. Respublikalara təzyiqlər də bundan ötrüdür. Bu aralar Kreml siyasi şoulara üztünlük verir, hər respublikanı bir faktorla sıxmaq istəyir. Azərbaycana miqrantlarla təzyiq edir. Azərbaycanlı Orxan Zeynalovun qətldə suçlandırılması, onun həsb edilərək daxili işlər nazirinin kabinetinə aparılması, aşağılanması, ertəsi gün azərbaycanlı gəncin öldürülməsi bu təzyiqin işartılarıdır. Ən maraqlısı orasıdır ki, bütün bu təzyiqlər də "ayı zorbalığı" ilə həyata keçirilir. Rus ayısı incə siyasət həyata keçirə bilmir, "biz böyük dövlətik" təfəkkürü ilə balaca dövlətlərə əzələ nümayiş etdirilir. Orxan Zeynalovun ətrafında baş verənlər göstərdi ki, rus ayısı xarakterini dəyişməyib. Və nə qədər ki, dünya ictimaiyyətindən, super güclərdən sərt sillə almayıb, belə də davam edəcək. Rus ayısının son qabalıqları göstərdi ki, bu nəhəng şimal imperiyası dünyada sülhə və sabitliyə təhlükədir. Hərçənd rus ayısına qol-qanad verən Qərb imperializminin Yaxın Şərqdəki siyasi oyunbazlıqlarıdır. Kimyəvi silah adı ilə neftlə zəngin İraq, strateji əhəmiyyəti olan Əfqanıstan işğal edilməsəydi, rus ayısı qəzəblənib Gürcüstana girməz, MDB dövlətlərini hədələməzdi.
Rus ayısının son zorbalıqlarının xeyri də oldu, amma. SSRİ-nin xiffətini edən ruspərəstlərə dərs oldu bu. Demək, 1990-cı illərin qərəzli Moskvası dəyişməyib. O zaman da bizi "qaniçən", "adamyeyən" kimi təqdim edirdilər, bu gün də. Heç nə dəyişməyib. Rus ayısının bütün nəriltiləri "bizə xoş gün gətirmək", "xalqa çörək vermək" deyil. Çörək verən bazarı bağlayıb, minlərlə adamı işsiz qoymaz. Rus ayısının qəzəbinin tək səbəbi var:qonşu dövlətləri yenidən əsarət altına salmaq. Qurddan qorxan meşəyə girməz. Biz müstəqillik yoluna çətinlikləri göz altına alaraq girmişik. Ayıdanmı qorxacağıq?