Milli Şuranı daha geniş istefa dalğası bürüyəcək
17 Oktyabr 2013 15:30 Siyasət"Zəminə Dünyamalıyevanın istefası bir daha göstərdi ki, radikal müxalifət, hakimiyyətə qarşı destruktiv və barışmaz mövqe tutan Milli Şura daxilində həmrəylikdən, əməkdaşlıqdan, müttəfiqlikdən, ən əsası səmimilikdən söhbət gedə bilməz və hər gün bu cinah öz uğursuz addımları bir daha siyasi iflasa doğru yaxınlaşır". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, yaxın zamanlarda radikalları, Milli Şuranı daha geniş və daha böyük istefa dalğası bürüyəcək: "Radikal müxalifət liderlərinin ətrafında olan azsaylı insanlar da bu düşərgənin və onun səbatsız, cığal liderlərinin heç nəyə qadir olmadığının artıq fərqindədirlər. Uzun illərdən bəri radikal liderlər tərəfindən aldadılmış bu insanlar bu gedişlə heç nəyə nail ola bilməyəcəklərini, o cümlədən, növbəti dəfə yalançı vədələrlə aldadılacaqlarını başa düşməkdə və ona görə mənsub olduqları düşərgə ilə yollarını ayırmağın zamanı çatdığını özləri üçün yəqinləşdirməkdədirlər. Bu baxımdan hesab edirəm ki, radikal müxalifət düşərgəsindən - Milli Şuradan və ACP-dən istefa verən təkcə xanım Dünyamalıyeva olmayacaq. Onun arxasınca istefa verənlərin, istefa qərarını verib, radikallarla birdəfəlik yollarını ayıranlar çox olacaq. Bu, istefa dalğasının ilk başlanğıcıdır və obrazlı şəkildə desək, müxalifətin, barışmazların növbəti yarpaq tökümüdür". OLAYLAR