“Orxan Zeynalov planını Kreml hazırlayıb” - GÜNDƏM
Vəfa Quluzadə: “Rusiya sadəcə şou düzəldib, rus internet saytları da hadisəni şou adlandırırlar”
17 Oktyabr 2013 14:46 SiyasətƏrəstun Oruclu: "Rusiyada ehtimal olunan "qatil"in tapılması ilə bağlı yayılan video-materilallarda müəyyən yalançı faktlar yerləşdirilib"
Moskvada oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb oldu. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və "skinhed"lər Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları ölümcül döyüblər. "Skinhed"lər hətta hadisə yerinə cəlb edilən polislərə də müqavimət göstərdilər. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov isə qısa müddətdən sonra Moskva ətrafı Kolomne rayonunda saxlanıldı. Rusiya DİN-i 1982-ci il təvəllüdlü Orxan Zeynalovun 10 ildən çox Rusiyada yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu və alkoqollu içkiyə meylli olduğunu bəyan edib.
Məsələyə münasibət bildirən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu hesab edir ki, "Biryuza" Ticarət Mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasında baş verən hadisələr azərbaycanlılara qarşı planlaşdırılmış əməliyyatdır:
- Rusiyada ehtimal olunan "qatil"in tapılması ilə bağlı yayılan video-materilallarda müəyyən yalançı faktlar yerləşdirilib. Həmin görüntülərdən də məlum olur ki, material əvvəlcədən quraşdırılmış səhnəcikdir. Təhlükəsizlik kameraları tərəfindən qeydə alınmayıb. Rusiyalı ekspertlər də bildirirlər ki, o canlı operator tərəfindən çəkilmiş görüntüdür. Həmin səhnədə Orxan Zeynalovun olması heç bir halda məsələni sübuta yetirmir. Adi bir hadisədə şübhəli bilinən, saxlanılarkən açıq-aşkar təzyiqə məruz qalan, müqavimət göstərməsə belə təpiklənib döyülə-döyülə Rusiya Daxili İşlər Nazirliyinin kabinetinə gətirilən bir "şübhəli" şəxsi rus KİV-də reklam etmək birmənalı olaraq Rusiya hakimiyyət dairələri tərəfindən həyata keçirilən plandır. Plandə əsas məqsəd Azərbaycanı şantaj etmək, azərbaycanlıların Rusiyadan deportasiya olunacağı ilə bağlı rəsmi Bakını hədələməkdir. Aksiya o qədər kobud şəkildə planlaşdırılıb ki, onu həqiqətən olmuş hadisəyə oxşatmaq üçün rus olmaq lazımdır. Bu təxribatdır və bu qanlı aksiyanı planlaşdırılan Rusiya hakimiyyətidir. Bu çox gülünc, primitiv təxribat aksiyasıdır. Məqsədləri də aydındır, Azərbaycanı bu cür yollarla Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzv etməkdir"
***
Politoloq Vəfa Quluzadə bildirdi ki, Rusiya KİV-də məsələ ilə bağlı yayımlanan bütün materialları izləyib. V.Quluzadə Biryulevoda baş verən hadisəni skandal adlandırdı. Hadisə baş verəndən dərhal sonra Rusiyadan olan müəyyən qüvvələrin millətçiləri ayağa qaldırdıdığını deyən analitikin sözlərinə görə, bazarda baş verən hadisələrin arxasında Rusiya hakimiyyəti və qızışdırılmış millətçilər dayanır: "Bundan sonra OMON vəhşicəsinə Orxan Zeynalovun evinə hücum çəkib. Polislərin azərbaycanlını vəhşicəsinə döyməsi və həbs etməsi Rusiya televizayalarında yayımlanıb. Adamı bu cür döyəndən sonra o, nəyi istəsəniz "etiraf edər". Əgər Rusiya DİN-i hadisədə onadan şübhələnirdisə, Zeynalov qaydalara uyğun tutulmalı, istintaq aparmalı idi. Lakin DİN bunun tamam əksini elədi. Həqiqətə qalanda hadisəni Orxan Zeynalov törətməyib, ona işgəncə veriblər və o da məsuliyyəti boyununa almağa məcbur olub. Rusiya sadəcə şou düzəldib, rus internet saytları da hadisəni şou adlandırırlar. Hər hansı hadisəni sübut etmək üçün qanun-qayda lazımdır, lakin Rusiyada bunun heç biri yoxdur. Stalin dövründə ruslar milyonlarla adamı döyüb etiraf etdiriblər ki, onlar "xarici ölkələrin agentlərdir". Sonra da onları güllələyiblər. Sovet hökuməti çökəndən sonra məlum olub ki, həmin ittihamların hamısı yalan olub və xalqlara qarşı terror aparılıb. Rusiya da Azərbaycanı zəif kimi görüb azərbaycanlılara müxtəlif yollarla təzyiq edir. Orxan Zeynalov məsələsi də şübhəlidir, guya ki, o, özünü müdafiə edərkən Yeqor Şerbakovu qətlə yetirib. Lakin Rusiyanın təhlükəsizlik qüvvələri hadisəni hərtərəfli araşdırmaqdan boyun qaçırırlar. Lakin bunun əvəzində Rusiya KİV-i Azərbaycanı təhqir edir. Bu dəhşətli dövlət çökür və çökməlidir. Rusiya iqtisadiyyatı dərin böhran içərisindədir. Ruslar etniklərsiz yaşa bilməyəcəklər. Rusiya təbii ehtiyatlarla zəngin ölkədir, ona görə də ruslar işləmək istəmirlər. Ölkənin zibilini taciklər təmizləyir, vətəndaşları meyvə-tərəvəzlə azərbaycanlılar təmin edir. Orxan Zeynalov da Rusiyaya meyvə-tərəvəz daşıyan adi insan olub. Milyonlar Rusiyadan gedəndən sonra bu ölkə tamamilə boş, xaraba qalacaq. Rusiya miqrantsız yaşaya bilməyəcək. Ona görə də hakimiyyət miqrantları ölkədə saxlamağa məcbur olacaq. Lakin bu cür iyrənc şoular təkrar olunacaq".
Ömər Zamin