“Vətəndaşımıza sahib çıxmalıyıq” - MİLLƏT VƏKİLİ

Qənirə Paşayeva: “Rusiyanın bəzi dairələrinin yaratdığı "şou"nun arxasında dayanan maraqları görmək o qədər çətin deyil ”

Son günlər Rusiyada soydaşlarımıza qarşı artan təzyiqlər Moskva-Bakı münasibətlərinə öz mənfi təsirini göstərməkdədir. Adam öldürməkdə şübhəli bilinərək  həbs edilən soydaşımız Orxan Zeynalova qarşı insan haqlarına zidd adamların atılması, eləcə də Moskva və ətraf vilayətlərdən azərbaycanlıların deportasiya edilməsi ilə bağlı səslənən fikirlər Azərbaycan tərəfini rəsmi Moskvaya nota vermək məcburiyyətində qoyub.  Bəs görəsən baş verən bu xoşagəlməz hadisələrin arxasında nə dayanır? Ümumiyyətlə, məişət və ya şəxsi zəmində baş verən hadisəni bu qədər siyasiləşdirməkdə məqsəd nədir? Heç kimə sirr deyil ki,  indiyə qədər Rusiyada xeyli sayda azərbaycanlı öldürülüb və onlar arasında dəhşətli amansızlıqla qətlə yetirilənlər də az deyil. Ancaq biz onları qətlə yetirənlərin nazirin qəbuluna gətirilməsi, oradakı görüntülərin kütləvi informasiya vasitələrinə ötürülməsi hadisəsinin şahidi olmamışıq. Millət vəkili Qənirə Paşayeva isə hesab edir ki, Rusiyada məişət zəminində baş verən cinayət ətrafında, Rusiyanın bəzi dairələrinin yaratdığı "şou"nun arxasında dayanan maraqları görmək o qədər çətin deyil: "Hər zaman olduğu kimi çox kobud, etik normalara sığmayan və qeyri-peşəkar bir "şou" idi. Dünyanın istənilən meqopolisində hər gün belə cinayətlər olur. Elə Moskvanın özündə də. Amma onların ətrafında belə isteriya yaratmırlar... Məsələn, bu günlərdə Rusiyada bir azərbaycanlı, Ruslan Arif oğlu Qaraxanlı vəhşicəsinə öldürülüb. Günün günorta çağı paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında yerləşən dayanacaqda üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi məlum olub. Amma Rusiyanın nə hüquq-mühafizə orqanları nə də ki, kütləvi informasiya vasitələri bu barədə "isteriya" yaratmayıblar. Açıq deyək çünkü qətlə yetirilən azərbaycanlıdır. Və onun öldürülməsi ətrafında şou Rusiyanın böyük siyasi çevrələrinin marağında deyil. Amma bir rus kökənli insanın qətlə yetirilməsi ətrafında şübhəli azərbaycanlı Orxan Zeynalov olunca əllərinə düşən fürsəti Azərbaycan, azərbaycanlılar əleyhinə əldən vermədilər". Millət vəkilinin sözlərinə görə,  onun həbs olunması, nazirin qəbuluna gətirilməsi kimi səhnələr, eləcə də onların kütləvi informasiya vasitələrinə gen-bol ötürülməsi tam bir rəzalətdir: "İndiyə qədər Rusiyada bu qədər azərbaycanlı öldürülüb və onlar arasında dəhşətli amansızlıqla qətlə yetirilənlər də az deyil. Amma biz onları qətlə yetirənlərin nazirin qəbuluna gətirilməsi, oradakı görüntülərin KİV-lərə ötürülməsi hadisəsinin şahidi olmadıq. Bir sözlə tam bir rəzalət. Məhkəmə olmadan bu cür addımlar hüquq aliliyi olan dövlətlərdə baş vermir". Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan dövləti baş verən bu xoşagəlməz hadisəyə reaksiya verib və ümid edilir ki, bundan sonra da lazımi addımlar atılacaq. Millət vəkili onu da vurğulayıb ki,  Rusiyada yaşayan soydaşlarımız, azərbaycanlılar diqqətli və ehtiyatlı olmalıdırlar. Çünki bu "şou" dan sonra bu ölkədə bir sıra "millətçi" qrupların
aktivləşəcəyi istisna deyil: "İnsanlarımız bir müddət çox ehtiyatlı olsalar yaxşıdır. Bəlkə son hadisə də bunun bir işarəsidir. Məncə hər birimiz əslində nə baş verdiyinin və bu "isteriyanın" arxasında dayanan böyük maraqları anlaya bilirik. İnşallah, bu istiqamətdə arzularına çatmazlar".

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də hesab edir ki, Rusiyada məişət zəminində baş verən hadisədən müəyyən maraqlı qüvvələr şou yaradırlar: "Bir neçə gündür ki, həmyerlimiz Orxan Zeynalovun Moskvada qətl hadisəsi törətməkdə şübhəli bilinərək həbs olunması bütün Rusiyanı ayağa qaldırıb. Əslində nə baş verib, hamını bu sual düşündürür. Rusiya mətbuatı Orxan Zeynalovun timsalında sanki bütün Azərbaycanı hədəfə alaraq bizim üçün xoş olmayan  informasiyalar ötürürlar. Minlərlə azərbaycanlıların calışdıgı, min bir əzabla çörək pulu qazandıgı "Pakrov" bazarına hücum təşkil olundu və bazar 3 ay müddətinə bağlandı. Federal Məclisin növbədənkənar toplantısı çagrıldı və Moskva şəhər meri "Pakrov" bazarından danışdı". İsmayıl Ağayev də deyir ki, gün ərzində Rusiyada onlarla insan qətlə yetirilir və təəssüflər olsun ki, həmin cinayətkarların heç birini daxili işlər naziri özü qabul etmir: "Özü də o vəziyyətdə? Bəs sual olunur, bu günə qədər Rusiya vətəndaşı olan azərbaycanlıları qətlə yetirənləri bu vəziyyətdə niyə həbs etmirlər? Hanı bunların insanlığı, demokratiyası, qonşuluğu?". Mərkəz rəhbəri onu da deyib ki, bu günlərdə Rusiya-Azərbaycan futbol oyununa gələn içkili rus azarkeşlərini hamı gördü: "Onlar sanki Bakını işğal etməyə, bizi öz şəhərimizdə əzməyə hazırlaşmışdılar. Onları qoruyan polis qardaşlarımız, təhlükəsizlik xidmətinin əməkdaşları öz vəzifələrinin öhdəsindən gəldilər. Bəs Rusiyada fəaliyyət göstərən insan hüquqları təşkilatları, partiyalar, ziyalılar, qeyri-hökumət təşkilatları hara baxır? Hanı bizim insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarımız, millətçi partiyalarımız, Rusiya QHT-ləri ilə çalışan təşkilatlar? Sanki bütün azərbaycanlıları öz ətrafında toplamağa çalışan Rusiyada fəaliyyət göstərən "Azərross" adlı təşkilat?  Eləcə də ÜmumRusiya Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlıları Konqresi sanki  kimisə gözləyir ki,  kim qabağa düşəçək". İsmayıl Ağayev deyir ki, dövlətimiz vətəndaşına sahib çıxmalı, səfirliyimiz işə qarışmalı, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz piketi keçirilməlidir: "Qətlə yetirilmiş azərbaycanlı vətəndaşımızın qanı yerdə qalmamalıdır. Harada olmasından asılı olmayaraq vətəndaşımıza sahib cıxmalıyıq".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00