Ordumuz müstəqillik tariximizə yeni Zəfər səhifəsi yazdı- ÖZƏL
5 Noyabr 2024 15:38 Siyasət"Tarixi Zəfərimizdən üç il sonra ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müstəqillik tariximizə növbəti Zəfər səhifəsi yazıldı". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Dövlət başçısı İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə gerçəkləşdirdiyi 16 noyabr 2020-ci tarixli səfəri ilə Böyük Qayıdışa xidmət edən ilk quruculuq tədbirləri başladı. Dastana çevrilən Şuşa əməliyyatının aparılmasına bələdçilik edən Füzulu- Şuşa yolu Zəfər yolu adlandırıldı və təməli qoyuldu. Bu yol qısa zamanda tikilib istifadəyə verildi. Bu torpaqlarda aparılan, sadalamaqla bitməyən bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini abidələrimizin bərpası işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar".