Azərbaycan Ordusu ağlagəlməz qələbəni əldə etdi- ÖZƏL
4 Noyabr 2024 14:40 Siyasət"Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri cəmi 44 gün apardığı hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu, həqiqətən də qeyri-mümkün bir işin mümkün edilməsidir". Olaylar xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib:
"İşğal dövründə ermənilər gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurmuşdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratmışdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Ordumuzun gözlənilməz manevrləri, artilleriya və PUA-ların dəqiq zərbələri ilə düşmənin zirehli texnikası və ağır artilleriya qurğuları tez bir zamanda məhv edilir, döyüşlərin gedişinə təsir etmək imkanını itirirdi. Bir sözlə, Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı".