COP29 xalqımızın növbəti böyük uğuru olacaq
14:16 Siyasət"Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a sayılı günlər qalır. Ötən il dekabrın 11-də COP28-in Dubayda keçirilən plenar iclasında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Dekabrın 15-də isə dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı müşavirə keçirildi. Qərarın qəbulundan dərhal sonra hazırlıq işlərinə başlanılması ölkəmizin ev sahibliyi etdiyi hər bir tədbiri yüksək səviyyədə təşkil etmək istəyinə bir daha aydınlıq gətirir". Olaylar xəbər verir ki, bunu Millət Məclisin deputatı Malik Həsənov deyib: "COP29 dünyada ən mötəbər tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından geri qalmır. Cənab İlham Əliyev sözügedən müşavirədə beynəlxalq tədbirə ölkəmizin ev sahibliyini şərtləndirən amilləri, görüləcək hazırlıq işlərini diqqətə çatdıraraq belə bir əminliyi də ifadə etdi ki, COP29 xalqımızın növbəti böyük uğuru olacaq.
Təbii ki, bu əminlik üçün böyük əsaslar mövcuddur. Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır, sözünü imzası qədər əhəmiyyətli edir. COP29-un paytaxt Bakıda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və Azərbaycanın beynəlxalq nüfuzunu göstərən mühüm amildir".