Seçkinin nəticələrini şübhə altına almaq istəyən müşahidəçilər
Avropalı həmkarları tərəfindən qınaq obyektinə çevrilir
14 Oktyabr 2013 19:51 SiyasətPrezident seçkilərindən artıq bir xeyli müddət keçsə də, hələ də səsvermənin nəticələri və seçkinin gedişinə müxtəlif münasibətlər sərgilənməkdədir. Bəzi beynəlxalq təşkilat və qurumların müşahidəçiləri səsvermənin nəticələrini şübhə altına almağa, onun legitimliyini tanımamağa cəhd göstərsələr də, ümumi mənzərə ondan ibarətdir ki, oktyabrın 9-da Azərbaycanda keçirilən seçkilər azad və demokratik şəkildə baş tutub. Elə seçkiləri yaxından izləyən əksər beynəlxalq müşahidəçilər də məhz bu qənaətdədirlər. Səsvermənin nəticələrini şübhə altına almağa çalışan bəzi beynəlxalq müşahidəçilərə elə onların öz həmkarları tərəfindən verilən cavablar belə deməyə əsas verir. Son bir neçə gündə də bu kimi açıqlamalar müşahidəçilərin hesabatlarında öz əksini tapıb.
ATƏT PA-nın Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyasının tərkibində olan Volfqanq Qrossrukun açıqlamasında da bu məqam açıq şəkildə özünü göstərir. 1990-cı illərdən etibarən Azərbaycandakı seçkilərdə müşahidəçi qismində iştirak etdiyini vurğulayan Qrossruk bildirib ki, son zamanlar keçirilən seçkilərdə həqiqi irəliləyişə nail olunub: "Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində gözə çarpacaq qədər müsbətə doğru dəyişikliklər olub. Mən şəxsən seçkilərin keçirildiyi gün olduğum məntəqələrdə hansısa mənfi hadisənin şahidi olmadım. Bu seçkilər ümumilikdə yaxşı təşkil edilmişdi. Seçkilərdə baş vermiş saxtakarlıqlar haqda danışanda əlbəttə ki, konkret faktlara söykənməliyik. Yəni, necə, harda, nə zaman, kimlər tərəfindən və s". Müşahidəçi deyib ki, seçkilərdə bu və ya digər formada mənfi hadisələr bütün ölkələrdə baş verir: "Misal üçün bu yaxınlarda Avstriyada keçirilmiş seçkilərdə də seçki komissiyasının rəhbəri ilə bağlı müəyyən qalmaqal olmuşdu. Dünya dəyişib, çox şey dəyişib, seçkilərdə baş verən əyriliklərin forması da dəyişilib. Belə bir vəziyyətdə yeni standartlar və metodologiyalar tapıb işləməliyik".
ATƏT Parlament Assambleyasının qısamüddətli missiyasının tərkibində Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən Georgi Sereteli də bir çox seçki məntəqəsində olduğunu, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardığını diqqətə çatdırıb. Hətta seçki məntəqələri bağlandıqdan sonra səslərin hesablanmasında da iştirak etdiyini deyən Georgi Sereteli qeyd edib ki, Azərbaycandakı seçkilərlə bağlı onda çox müsbət təəssürat yaranıb. Georgi Seretelinin sözlərinə görə, bu, yalnız onun deyil, başqa dairə və məntəqələrdə müşahidə aparmış digər həmkarlarının da qənaətidir: "Hesab edirəm ki, seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi. Bizim müşahidə sahəsində yaxşı təcrübəmiz var, çox vaxt komissiya işini düzgün qurmayanda suallarımıza cavab verə bilmir. Burda isə vəziyyət tam əksinə idi, onlar bizim bütün suallarımızı dəqiqliyi ilə cavablandırdılar. Bundan başqa, müşahidə apardığım məntəqələrin hamısında bir neçə müxalifət partiyasını təmsil edən müşahidəçilər gördüm, çoxu ilə də söhbət etdim. Görünən o idi ki, onların da prosesə nəzarət etməsi üçün kifayət qədər imkanları var idi. Məntəqələrdə kameralar quraşdırılmışdı, bu da bir növ nəzarət formasıdır və pozuntular olan zaman, kameralar vasitəsilə görmək olur". Ümumilikdə prosesi müsbət dəyərləndirdiyini qeyd edən müşahidəçi seçkilərlə bağlı bəzi həmkarlarının kəskin dərəcə mənfi bir rəy vermələrinin onu heyrətləndirdiyini vurğulayıb: "Başa düşürəm ki, seçkilərdə hansısa pozuntular olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyil. Əsasən, səslərin hesablanmasında hansısa prosedurları yaxşılaşdırmağa əlbəttə ki, ehtiyac var, mən də bunu qəbul edirəm. Amma bu o demək deyil ki, bütün seçki prosesi mənfi tərzdə keçirilib. Dünənki iclasımızda da Almaniya və Fransadan olan həmkarlarımız bu haqda geniş şəkildə məruzələrini etdilər, onlar da bu və ya digər formada hansısa pozuntuların olduğunu istisna etmədilər, amma onlar da prosesin ümumilikdə müsbət şəkildə keçdiyini vurğuladılar. Biz siyasətçiyik və gördüyümüzü də obyektiv şəkildə deməliyik, həm mənfisini, həm də müsbət tərəflərini... Ona görə də fikrimcə, Azərbaycanda seçkilərə qiymət verdikdə, təbii ki, burada hansısa pozuntular olduğunu deməliyik. Ola bilsin, həm seçkidən əvvəl, həm seçki günü hansısa pozuntular olub və bunları aradan qaldırmaq lazımdı. Amma yalnız seçki gününü mənfi və sərt tənqid etmək düzgün addım deyildi. Həm müsbət addımları qeyd etmək, həm də nöqsanları göstərmək lasımdır. Düzgün və obyektiv yanaşma bu cür olmalıdır. Bizdə - ATƏT PA üzvlərində Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı və biz bu seçkiləri növbəti irəliləyiş kimi qiymətləndiririk".
Qeyd edək ki, dünən Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazen məruzə ilə çıxış edib. O, çıxışında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu bildirib: Cənab Vuazen ATƏT/DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını da qeyd edib. Mişel Vuazen Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına yaxınlaşmaq istiqamətində böyük addım adlandırdı. O, seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğulayıb.
Süleyman İsmayılbəyli