Gənclər siyasəti zamanın çağırışlarına uyğun yürüdülür
2 Noyabr 2024 12:58 Siyasət"Tarixə qısa nəzər yetirdikdə bir reallıq öz təsdiqini tapır, əgər Dahi Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra, daha dəqiq desək, 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu". Olaylar xəbər verir ki, bunu YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib:
"Belə ki, dövlət gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu Forum Ulu Öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Dahi Lider Heydər Əliyevin Sərəncamı əsasında həmin Forumun keçirildiyi tarix - yəni, 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi bu sahədə əsas fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı. Gənclər siyasəti zamanın çağırışlarına uyğun olaraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə çoxsaylı islahatlar həyata keçirib".