Azay Quliyev: "Terrorizm müxtəlif regionlarda fərqli şəkildə özünü göstərir"
14 Oktyabr 2013 19:17 SiyasətBu gün millət vəkili Azay Quliyev ATƏT PA-da "ATƏT ərazisində terrorla mübarizə və transmilli təhdidlər və insan haqlarına hörmət" mövzusunda çıxış edib.
AZADİNFORM xəbər verir ki, tədbirdə çıxışı zamanı terrorla mübarizədən, terrorun insan həyatı üçün yaratdığı təhlükələr barəsində danışan A.Quliyev "Bu gün dünyada elə bir dövlət yoxdur ki, tamamilə terrordan sığortalanmış olsun. Dünyanın ən qabaqcıl ölkələrindən tutmuş ən kiçik inkişaf etməkdə olan ölkəsinə kimi bütün dövlətlər müxtəlif zamanlarda ya terror hədəfinə çevrilib, ya da ən azı terror təhlükəsi ilə üz-üzə dayanıb" deyə bildirib. Sonra isə millət vəkili Amerikada baş verən 11 sentyabr hadisəsindən sonra dünyanın 150-dən çox dövlətinin birləşərək terrora qarşı mübarizə elan etdiyini vurğulayaraq "ATƏT-in iştirakçı ölkələri kimi, biz müəyyən öhdəlikləri özündə ehtiva edən çox sayda qərarlar qəbul etdik və terrorizmlə mübarizə istiqamətində effektiv tədbirlər həyata keçirdik. Bəzi ölkələr terrorist təşkilatların bank hesablarını dondurmaqla, ciddi sərhəd yoxlama və güclü nəzarət mexanizmləri vasitəsilə terrorla mübarizədə uğurlar əldə ediblər. Lakin, bu gün dünyada terrorizm müxtəlif regionlarda fərqli şəkildə özünü göstərir. Hər regionun özünün səciyyəvi cəhətləri mövcuddur. Misal üçün, Orta Şərqdə terrorizm birbaşa müəyyən ekstremist qruplarla bağlıdırsa, Cənubi Qafqazda terrorizm separatist rejimlərlə əlaqədardır. Terrorla ən effektiv mübarizə, ona qarşı bütün cəbhələrdə vuruşmaqdır. Ona görə də, mən iştirakçı ölkələri terrorizmi, ekstremizmi və separatizmi dəstəkləyən dövlətlərə qarşı sanksiyalar qəbul etməyə çağırıram. Terrorizm üçün şərait yaradan mühitləri aradan qaldırmayınca, terrora tamamilə qalib gələ bilməyəcəyik".