“1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmayıb”
“Ermənilərin yaşadıqları ərazilərə sonradan gəlmə olduqlarını sübut edən xəritələr atlas şəklində nəşr olunacaq”
3 Oktyabr 2013 16:14 SiyasətAzərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant şəklində maliyyə dəstəyi ilə millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva "Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən orta əsr və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi" adlı layihə çərçivəsində Azərbaycana xəritə surətləri gətirməkdə davam edir. Layihə çərçivəsində bir sıra ölkələrin kitabxana və arxivlərində axtarışlar aparan millət vəkili, yüzlərlə qədim xəritə və atlasları nəzərdən keçirərək, onların surətini çıxarıb, elektron variantını hazırlayıb, çəkilişlər aparıb. Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. Gətirilən bir çox mühüm sənədlər sırasında orijinalları Hamburq, Bolonya, Cota, Leyden, Paris, London, Berlin və Vyanada saxlanılan qədim ərəb və fars əlyazmaları var ki, bunlarda Azərbaycana aid xəritələrin və onların Avropa alimləri tərəfindən hazırlanan transkripsiyalarının fotosurətləri əks olunub.
Professorun "OLAYLAR"a verdiyi məlumata görə, X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir. Məsələn, onlardan birində Azərbaycan əraziləri şimalda Bab al-abvabdan ("Dərbənd") bir qədər də yuxarıyadək torpaqları, cənubda indiki Cənubi Azərbaycan ərazisini və ondan daha cənubda yerləşən Ərməniyyə vilayətinin, əl-kəbir (böyük) və əl-sağır (kiçik) daxil olmaqla, böyük hissəsini əhatə edir (Balxi, Hamburq nüsxəsi).
Xəritədə Azərbaycan ərazisinə Dərbənd, Şabran, Şəki, Qəbələ, Şəmkir, Gəncə, Bərdə, Bərzənd, Əhər, Ərdəbil, Mərənd, Marağa, Təbriz, Səlmas, Xoy, Hilat, Bidlis, Miyanə və s. şəhərlər daxildir. Xəritədə aydın görünür ki, "böyük" və "kiçik" Ərməniyyə tarixi Azərbaycan torpaqlarından cənubda yerləşib və yer adından başqa bir şey deyildir: "Bu xəritələr bir daha təsdiq edir ki, erməni təbliğatının dənizdən-dənizə "Böyük Ermənistan" xülyası böyük yalandan başqa bir şey deyil.
Gətirilən sənədlər ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu, Fərat çayının yuxarılarında qədim Assuriya və Mesopotamiya ilə sərhəddə məskunlaşdığını və zaman-zaman indiki Türkiyə və İranın ərazisinə köç etdiklərini əyani şəkildə nümayiş etdirir. 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmayıb. Bu, tarixi reallıqdır və əldə edilən yeni xəritələr bunu bir daha təsdiq edir".
Azərbaycan xalqının əcdadları hələ eramızdan əvvəl Arazdan şimalda, Dağlıq Qarabağ da daxil olmaqla, Albaniya, cənubda isə Manna və Atropatena kimi dövlətlər yaradıblar. Millət vəkili bildirdi ki, bu dövlətlər süqut etdikdən sonra da həmin ərazilərdə müxtəlif Azərbaycan dövlətləri yaranıb və xalqımız öz tarixi torpaqlarında kompakt şəkildə yaşamağa davam edib. Bunu əldə edilən xəritələrdə çoxsaylı Azərbaycan toponimlərinin əks olunması bir daha sübut edir. Yalnız XIX əsrin əvvəllərindən Rusiya imperiyasının regionda apardığı məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqaza Türkiyə və İrandan ermənilərin kütləvi köçürülməsi başlandı və beləliklə də, Cənubi Qafqazda erməni dövlətinin yaradılmasının əsası qoyuldu. Xalqımızı öz tarixi torpaqlarından məhrum etmək və bu torpaqları ermənilərlə məskunlaşdırmaq məqsədi ilə erməni millətçiləri tərəfindən xalqımıza qarşı zaman-zaman deportasiyalar və qətliamlar həyata keçirildi, boşaldılan tarixi Azərbaycan ərazilərinin adları isə erməniləşdirildi. Hazırda Ermənistan Respublikası adlanan ərazinin tarixi Azərbaycan torpaqları olduğu və burada xalqımıza məxsus toponimlərin tarixin yaddaşına möhkəm həkk olunduğu əldə edilən xəritələrdə tutarlı dəlillərlə əyani şəkildə bir daha təsdiq edilir.
***
Millət vəkilinin sözlərinə görə, surətləri gətirilən xəritələr müxtəlif dövrlərdə və regionlarda tərtib edilib. Burada qədim Şərq alim, tarixçi və səyyahları Balxi (miladi 921-ci il), İstaxri (m. 934), Müqəddəsi (m. 985), Əhməd əl-Tus (m. 1160), İbn Səid (m. 1276 m), Nəsrəddin Tusi (m. 1270) və sairə müəlliflərin tərtib etdiyi xəritələr vardır.
XV-XVII əsrlər Avropa alim, səyyah və xəritəşünasların tərtib etdiyi xəritələr də çox mühüm əhəmiyyətə malikdir. Abraham Orteliusun 1570 və 1606-c illərdə çap olunan Avropa xəritələri, Georq Sansonun 1669-cu ilə aid, Guiljelmo Blacuvun isə üzərində tarixi əks olunmayan Asiya qitəsinə aid xəritələri, Rofellenin 1506-cı il tarixli Yer kürəsi xəritəsi, naməlum müəllifin 1529-cu ildə hazırladığı və Avropa, Asiya və Afrikanı əhatə edən xəritəsi, Stalpartidin Antverpendə nəşr etdiyi dünya xəritəsi, 1562-ci ildə İenkensononun yaratdığı Rusiya, Moskoviya və Tartariya xəritəsi, həmçinin 1482-ci ildə Florensiyada Françesko Berlingierinin tərtib etdiyi xəritə və digər naməlum müəlliflərin əsərləri bu qəbildəndir.
Sonrakı dövr Avropa xəritəşünaslarının tərtib və nəşr etdirdikləri xəritələr də erməni təbliğatının yalan üzərində qurulduğunu sübut edir. XVIII-XIX əsrlərə aid bu xəritələrdən 1877-ci ildə tərtib edilən Qafqazın xəritəsi (Qota, Almaniya), A.Fon Petermannın hazırladığı Qafqazın fiziki-coğrafi xəritəsi, Dr.H.Kiepertin 1854-cü ildə Berlində nəşr etdirdiyi Qafqaz ərazilərinin xəritəsi, eləcə də Gilyermo del İslenin, N.Sansonun (1724), Fridrix de Vitin (1775), Antonio Zattanın (1785) və digərlərinin xəritələri Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi sənədlərdir
Görkəmli fransız xəritəşünası Alfons Taridin müxtəlif illərdə nəşr etdirdiyi Qafqaza və Osmanlı imperiyasına aid xəritələri xüsusi əhəmiyyətə malikdirlər.
Digər xəritələr qrupunu isə çar Rusiyası zamanı hərbi topoqrafik depoda və Əlahiddə Qafqaz Korpusunun Baş Qərargahı nəzdində tərtib edilən və İmperator Rus Coğrafiya Cəmiyyəti tərəfindən müxtəlif illərdə (1841, 1847, 1862, 1895, 1898, 1899, 1908, 1909, 1910 və s.) nəşr edilən Qafqaz və onun müxtəlif quberniya və uyezdlərini əks etdirən xəritələr təşkil edir.
Bunlardan əlavə, İstanbul Baş Bakanlığı arxivindən Qafqaza aid Osmanlı xəritələrinin gətirilməsi də xalqımızın tarixi keçmişinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. XVII-XIX əsrin əvvəllərinə aid bu xəritələrdə Azərbaycanın tarixi coğrafiyası olduqca düzgün, obyektiv və dolğun əks olunub. Məsələn, xəritələrdən ikisində İrəvan şəhəri öz ilkin adına müvafiq olaraq Rəvan variantında verilib. Tarixdən məlumdur ki, bu şəhər məhz yarandığı dövrdən Rəvan adlanıb və sonradan buraya gələn ermənilər tərəfindən adı dəyişdirilərək hazırkı variantını alıb.
Bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir.
Professor bildirdi ki, fürsət düşdükcə, xəritələr yığılır. Yaxın aylarda həmin xəritələr Azərbaycan ictimaiyyətinə atlas formasında təqdim olunacaq: "Yığılan xəritələri tarixi oçerklə birlikdə atlas şəklində hazırlayıram. Xəritələrin surətini kitab şəklində vermək bir az çətindir. Bəzi xəritələr qədimdir. Ordakı yazılar çətin görünür. Xəritələrin bəziləri çox böyükdür, onları bir də keçirəndə çətin oxunulası olur. Bunun üzərində xüsusi rəssam işləməlidir ki, aydın görünsün. Amma bütün çətinliklərə baxmayaraq, atlası bu ilin sonuna kimi hazırlamağı planlaşdırırıq".
Aygün