Partiyalarda sədrlər niyə dəyişmir?
Qurucu liderlər partiyadan əl çəkmirlər
3 Oktyabr 2013 15:30 Siyasət"Partiya sədri 20 ildir dəyişmir", "20 il bir partiyaya rəhbərlik etmək olmaz" söhbətləri olanda yada düşən nədənsə təkcə Müsavat Partiyası və onun artıq 21 ildir partiyanın başında olan başqanı İsa Qəmbər düşür. İsa Qəmbər 1992-ci ildə keçirilən Müsavatın bərpa qurultayında bu partiyanın rəhbəri seçilib. Maraqlıdır ki, o biri partiyaların liderləri də məşhur misalda deyildiyi kimi bu mövzu açılanda ancaq İsa Qəmbərə baxırlar. Halbuki 20 il partiya sədri olan tək İsa Qəmbər deyil. İqtidarlı müxalifətli bir çox partiya var ki, sədr 15 ildən çoxdur ki, partiya sədridir. O zaman onlar niyə istefa vermirlər? Ana Vətətn Partiyasının sədri Fəzail Ağamalı 1992-ci ildən sədrdi. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı partiya qurulandan sədr postundadır. İqtidaryönlü partiyalardan təkcə Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə öz postundan istefa verib. İndi onu başqası əvəzləyir. Demokratik Maarifçilik Partiyası da sədrini dəyişib. Mərhum Məmmədhənifə Musayev dünyasını dəyişəndən sonra onu sədr postunda gənc fəal Elşən Musayev əvəzləyib. Müxalifət partiyalarında isə partiyanı quran adamlar türklər demiş, bir türlü partiyanı buraxıb getmək niyyətində deyillər. AMİP sədri Etibar Məmmədov 2003-cü ildə sədrlikdən istefa verib. Ancaq onun kölgəsi bu gün də partiyanın üstündədir. Seçilən (təyin olunan daha düzdür-müəll.) sədrlər liderin iradəsindən kənara çıxa bilmirlər. Rəsul Quliyev bir neçə partiyaya sədr olub. Bu partiyalarda Rəsul müəllimin sədrliyi həmişə uğursuz olub. Bu gün ACP-nin lideridir. Sədr başqası olsa da, partiya Quliyev tərəfindən idarə olunur. Demokrat Partiyasında bir neçə sədr olsa da, ADP həmişə Sərdar Cəlaloğlu tərəfindən idarə olunub. 10 ilə yaxındır ki, Cəlaloğlu sədr seçilib. Ancaq yaranan gündən bu günə kimi partiyada əsas söz sahibi Sərdar bəy olub. Cəlaloğlu nə yorulub, nə də usanıb. Partiyanı başqa kadrlara buraxıb getmək fikri də yoxdur.
AXCP də də həm ADP-yə, həm Müsavata oxşar məqamlar var. Hazırkı sədr Əli Kərimli 2000-ci ildən bu postu tutur. Artıq onun rəsmi sədrliyinin tarixi `13 ildir. Ancaq maraqlı məqam burasıdır ki, Əli Kərimli 1995-ci ildən partiyanın faktiki lideridir. O zaman mərhum Əbülfəz Elçibəy Ordubad rayonunda yaşayırdı, müəyyən səbəblərdən Bakıda deyildi. Partiyanı da faktiki olaraq Əli Kərimli yönəldirdi. Kəsəsi, Əli Kərimlinin partiya rəhbəri kimi stajı 2015-ci ildə 20 il olacaq. 18 ildir partiya rəhbəri olan bu adamın uğurları Müsavat başqanından artıq deyil. O halda o niyə partiya sədri qalmalıdır? Partiya ideoloqları deyəcəklər ki, "hazırkı sədri əvəz edəcək adam yoxdur". Yoxdursa, niyə yoxdur? Niyə bu partiyada kadr qalmayıb? Yetişməyibsə, bəs bu illərdə sədr nə işlə məşğul idi? Partiya funksionerlərinin bu cür sözləri bəhanədən başqa bir şey deyil. Partiyalarda sədri əvəz edəcək kadrlar yox deyil. Sadəcə, hazırkı partiyalar klassik partiya formasını və mahiyyətini çoxdan itiriblər. Bizdəki partiyalar bir şəxsin siyasətdən qazanc götürməyi qarşıya məqsəd qoymuş qeyri-hökumət təşkilatlarından başqa bir şey deyil. Partiyada sədr var və əsasən maddi maraqlara görə, partiyaya toplaşmış adamlar var. Onlar sədrin yaxın adamlarıdır, qoruyucularıdır. Bu adamlar üçün sədr toxunulmazdır. Sədrə qarşı hər hansı tənqid təhqir, sifarişli hücum kimi yozulur və dərhal cavablandırılır. Onlar mətbuatda, sosial şəbəkələrdə sədrə qarşı adi bir tənqidə dözümsüzdürlər. Çünki sədr onlara vaxtaşırı paketdə pul verir, xarici səfərlərə yollayır. Bax, elə bu cür dözümsüzlük mühitinə görə də partiyalarda yeni liderlər, sədrliyə iddilılar yetişə bilmir.
Ərhun Abbas