Narkotacirlər yeni marşrut axtarışında

Ölkəmizin əlverişli quru, hava, dəniz və dəmir yolu nəqliyyatı şəbəkələri üzərində yerləşməsi cinayətkar qrupların diqqətini Azərbaycana yönəldir

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil daxili və xarici siyasət kursu yürütməyə başladı. Məhz həyata keçirilən bu siyasət Azərbaycan dövlətçiliyinin müntəzəm şəkildə möhkəmləndirilməsi, inkişaf etdirilməsinə öz töhfəsini verdi. Daxili siyasətin tərkib hissəsi kimi ölkə ərazisində mövcud olan neqativ halların aradan qaldırılması, qlobal miqyaslı cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi də dövlətin diqqət yetirdiyi əsas istiqamətlərdən hesab olunurdu. Bu mənada narkomaniyaya qarşı mübarizə də diqqətdən kənarda qalmırdı. Ancaq etiraf etmək lazımdır ki, Azərbaycan da daxil olmaqla ayrı-ayrı dövlətlər səviyyəsində fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılsa da, ildən-ilə dünya üzrə narkomaniyaya düçar olanların sayında artım qeydə alınır. Dünyaya nəzər salsaq görərik ki, bu gün təxminən 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər  formada istifadə edir.  Bu isə dünya əhalisinin təxminən 4,8 faizi deməkdir.  Onlardan 26 milyonu sırf narkoman xəstələrdir.  Marixuana kimi nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir. Aparılmış araşdırmalar onu deməyə əsas verir ki, son dövrlər heroin, opium və tiryəkdən istifadə edənlərin sayı daha çox artıb.

Narkomaniyaya qarşı mübarizə aparan müvafiq beynəlxalq təşkilat və qurumların məlumatına görə hazırda narko istehsalçı dövlət kimi Əfqanıstan dünya ölkələri arasında "liderliyi" qoruyub saxlayır. 2000-2009-cu illərə nəzər salsaq görərik ki, nu illər ərzində həm Əfqanıstanda, həm də digər bu tipdən olan ölkələrdə  narkotiklərin istehsalı qat-qat artıb.  Birləşmiş Millətlər Təşkilatının  Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin qiymətləndirmələrinə əsasən 2007-2012-ci illər ərzində Əfqanıstanda ümumən 727 min hektar ərazidə 32 min 200 ton tiryək istehsal edilib.  Son beş ilin statistikasında da bunu aydın görmək mümkündür. Əgər 2007-ci ildə dünya üzrə narkotika əkilən sahələr 235 min 700 hektar təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 238 min hektara çatıb.

Narkoişbazlar istehsal etdikləri tiryək və heroini Avropaya və digər ölkələrdəki qara bazarlara çıxarmaq üçün daima yeni marşurutlar axtarırlar.  Azərbaycanın coğrafi mövqeyi, yəni narkoistehsalçı Asiya ölkələri ilə narkoistehlakçı Avropa ölkələri arasında yerləşməsi, ölkəmizin əlverişli quru, hava, dəniz  və dəmir yolu nəqliyyatı şəbəkələri üzərində yerləşməsi cinayətkar qrupların diqqətini Azərbaycana yönəldir. Bu da eyni zamanda narkotiklərin     qanunsuz dövriyyəsində  ərazimizdən tranzit dəhliz kimi istifadə hallarına gətirib çıxarır. Məhz Əfqanıstanda istehsal olunan narkotik İran vasitəsilə Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanın üzərindən keçməklə Avropaya daşınır. Azərbaycan üzərindən keçən narko marşurutlar isə ildən-ilə dəyişir. Əgər bir neçə il əvvəl İran-Azərbaycan, Azərbaycan-Rusiya və ya İran-Azərbaycan, Azərbaycan-Gürcüstan-Avropa marşurutu həyata keçirilirdisə, daha sonra Xəzər dənizi vasitəsilə Əfqanıstan-Orta Asiya-Xəzər dənizi-Azərbaycan və quru sərhədləri boyunca Gürcüstan-Avropa marşurutları narkotacirlər üçün əsas rol oynayır.

Bundan başqa keçid dövrünün sosial-iqtisadi problemləri narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə mənfi təsir göstərir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistanın silahlı qüvvələrinin nəzarət etməsi nəticəsində həmin sahədən Avropaya, eləcə də Qara Dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. Ermənitan silahlı qüvvələrinin işöalı altında olan Azərbaycan Respublikasına məxsus ərazilədə narkotiklərin istehsal edilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və onların təlim keçmələrinə istiqamətlənməsi isə gələcəkdə gözləniləcək təhlükənin miqyasını bir qədər də artırır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00