“Avropa bir “marianetka”nın sözünə görə Rusiya ilə münasibətləri korlamaz” - POLİTOLOQ
Vəfa Quluzadə: “Ermənistanın idarə olunması Moskvanın cibindədir, çünki bura Rusiyanın öz quberniyasıdır, ona görə də Sərkisyanın bu bəyanatlarının qiyməti iki qəpikdir”
3 Oktyabr 2013 13:56 SiyasətErmənistan prezidenti Serj Sərkisyan AŞ-ın Parlament Assambelyasının Strasburqdakı konfransında çıxışında bildirib ki, ölkəsi Avropa İttifaqı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək: "Məsələ ilə əlaqədar islahatlara davam edəcəyik. Ermənistan noyabrda Aİ-nin Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək. Biz yenə də əvvəlki kimi Avropa İttifaqı ilə müqavilə imzlamağa hazırıq". Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə hesab edir ki, "Ermənistan müstəqil dövlət deyil, Serj Sərkisyan da Rusiyanın "marianetka"sıdır. Ona görə də Ermənistanın dövlət başçısı tez-tez bu cür absurd bəyanatlar səsləndirir. V.Quluzadə qeyd edib ki, Ermənistan eyni anda həm Gömrük Birliyində, həm də Avropa İttifaqına üzv olmaq istəyir: "Əslində indi haradadırsa, elə orada da qaxılıb oturub. Faktiki olaraq Ermənistan Rusiyanın caynağından çıxaraq müstəqil dövlət ola bilməyəcək. Kreml artıq Ermənistana qarşı addımı çoxdan atıb, ona görə də yeni plan işləyib hazırlamağa ehtiyac yoxdur. Ermənistanın bütün dövlət rəsmiləri Moskva tərəfindən təyin olunub. Ermənistanın idarə olunması Moskvanın cibindədir, çünki bura Rusiyanın öz quberniyasıdır, ona görə də Sərkisyanın bu bəyanatlarının qiyməti iki qəpikdir. Hamı başa düşür ki, Sərkisyan "marianetka"dır və hamı da onun fikirlərini qulaqardına vurur. Sərkisyanın kim olduğunu bilən Avropa heç vaxt Rusiya ilə əlaqələrini korlamaz". ("OLAYLAR" İA)