Milli Şura gəncləri vədlərlə "bəsləyir"

ktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə bir həftədən də az vaxt qalıb. Seçkilərə namizəd qismində qatılmış Cəmil Həsənlinin təbliğat və təşviqatını təmin edən qərargahın fəaliyyətində isə aktivlik yalnız zahiridir. Batində isə pərişanlıq və ruh düşkünlüyü hökm sürür. Səbəb bəlli: seçicilərlə görüşdən tutmuş, təşviqat plakatlarının çapına və tərəfdarların yığılmasına qədər olan proseslərdə hər şey planlaşdırılmış məcra ilə səviyyədən çox uzaqdır. Bütün bunlar azmış kimi, Cəmil Həsənlinin seçki qərargahının daha bir başağrısı gənclərdir. O gənclər ki, "bir nəfər kimi müxalifətin vahid namizədini dəstəkləməli" idilər: iqtibas AXCP funksionerlərindən birinə məxsusdur. Gənclər populist çıxışlarını sıralayan Cəmil Həsənlini dəstəkləmək əvəzinə, onun mövqeyini və hələlik yalnız internetdə dolaşan platformasını illüziya sayırlar. Milli.Az AXCP və ADP-dəki mənbələrə istinadən bildirir ki, bütün bunların nəticəsində Cəmil Həsənlinin təbliğat kampaniyasının ilkin mərhələsində onu dəstəkləyən gənclər arasında yanıldıqlarını anlayanların sayı artır.Facebook sosial şəbəkəsi və Twitter mikrobloqinq servisindəki statuslar, yazılar və mesajlar arasında "Biz deyən olmadı, yanıldıq" tipli ifadələrə tez-tez rast gəlmək olar. Dünən isə Cəmil Həsənlinin "dəstək qrupu"nun sıralarını 18 gənc tərk edib. Onların gedişi Milli Şuranın "vahid namizədi"nin tərəfdarları arasında sərt reaksiya doğursa da, gedənlər "Səhvi anlayırıq, yanlışlığı davam etdirmək istəmirik" yazıblar. Müşahidəçilər də Cəmil Həsənlinin təbliğat kampaniyasında "stavka" etdiyi gənclər arasında qələmə verildiyi kimi populyar olmadığını vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00