Əksər dünya ölkələri Azərbaycandakı seçki mühitinə həsəd aparır
2 Oktyabr 2013 16:27 SiyasətBəzi xarici ölkələr və beynəlxalq təşkilatlar Azərbaycandakı seçki mühitinə həsəd aparır. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, əksər ölkələrdə Azərbaycanda keçirilən seçki prosesi kimi şərait yaradılmayıb: "Bu proseslər yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə, demokratik prinsipin əsas amili şəffaflıqdır. Seçkilərdə şəffaflığın təmin olunması üçün mediaya ən üstün şərait yaradılıb. Medianın seçkini izləmək və prosesin içində olması üçün heç bir məhdudiyyət olmayacaq. Məntəqə seçki komissiyasının işinə qarışmamaq şərti ilə müşahidəçilərə də seçkini izləmək üçün bütün səlahiyyətlər verilib. İndi müşahidəçilərin qeydiyyatdan keçirilməsi problemi yoxdur. Müşahidəçilərin sayı isə 40 minə yaxınlaşır. Təkcə beynəlxalq müşahidəçilərin sayı 1300-dən çoxdur. Ümumiyyətlə, seçkidə 100-ə yaxın ölkədən müşahidəçi olacaq".