Mübariz Əhmədoğlu: “Sərkisyan Moskvanı bu dəfə də aldadır”

Oktyabrın 2-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu 2013-cü ilin sentyabr ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatını keçirib. Politoloq Mübariz Əhmədoğlu çıxışında bildirdi ki, Ermənistan prezidenti Moskvada səfərdə olarkən ölkəsinin Avrasiya İqtisadi Birliyinin formalaşması məsələsində maraqlı olduğunu dedi. M.Əhmədoğlu hesab edir ki, Serj Sərkisyan Moskvanı bir neçə dəfə Gömrük İttifaqına və AİB-ə üzv olmaq vədi ilə aldadıb. Sonuncu belə vəd yanvar ayında verilib. AİB-ə üzvlüyünün qarşılığında Vladimir Putin Sərkisyanın növbəti dəfə Ermənistana prezident təyin olunmasının qarşısında "yaşıl işıq" yandırdı və əsas namizədlər seçkiyə buraxılmadı. Sərkisyan sonradan vədini unutsa da, AİB-in Avrasiya İqtisadi Komissiyasının sədri V.Xristenko Sərkisyanın andiçməsi zamanı Ermənistana səfər etdi və ölkənin baş naziri ilə Ermənistanla AİB arasında sənədlərin hazırlanması barədə razılaşma imzalandı: "Az sonra S.Sərkisyan Moskvanın çağırışlarını yenidən unutdu və Avropa İttifaqı ilə danışıqlara yenidən vüsət verdi. Yaranmış vəziyyət V.Putini kəskin addımlar atmağa məcbur etdi. Moskvaya dəvət olunan Sərkisyanın səfərdən imtina ilə bağlı bütün manevrləri nəticəsiz qaldı. Erməni prezidentinin "sağalmaz xəstə" rolunu imitasiya etməsi, vəziyyəti ilə bağlı məlumatı Moskvaya göndərilməsi də nəticəsiz qaldı. Özünün və avropalı müttəfiqlərinin Sərkisyanın ən çox etimad etdikləri yalançılığı və blefləmə qabiliyyəti Putinin qabağında işləmədi. Mosvaya getməli olan Sərkisyan nəinki GB-ya, hətta AİK-ə üzv olacaqlarını bildirdi. Avrasiya İqtisadi Komissiyası keçmiş SSRİ Nazirlər Sovetinə oxşar qurumdur. Ermənistanın GB-ya üzv olması ilə bağlı mövqeyi ABŞ və Aİ-də şok yaratdı. Əslində Aİ rəsmiləri ərazisində Rusiyanın hərbi bazası olan, iqtisadiyyatı bərbad vəziyyətə düşmüş, Dağlıq Qarabağ münaqişəsini həll etmək istəməyən Ermənistanı Rusiyanın təsir zonasından ayrılıb, Aİ-nin təsir zonasına necə keçəcəyi ilə bağlı əsla düşünmədilər. Ermənistan nə yalan dedisə, avropalılar da o yalana inandılar. Ona görə də Aİ-nin Şərq Tərəfdaşlığı proqramının belə biabırçı iflasa düşməsinin əsas səbəbi Aİ-nin özüdür. Aİ-nin yenidən mövqeyini dəyişməsi həm Aİ, həm də Ermənistan üçün daha böyük rüsvayçılıq vəd edir. Bu dəfə isə regionda ciddi dağıdıcı proseslər baş verə bilər. Ümumilikdə isə bu dəfə də GB və AİB-ə üzv olmaq barədə Moskvaya müsbət cavab verən Sərkisyan Rusiyanı yenə də aldadır. Ermənistan rəsmilərinin açıqlamaları və Aİ-ilə aparılan danışıqlar onu deməyə əsas verir ki, Ermənistan Avropa İttifaqına qoşulmaqda daha maraqlıdır. Bu isə heç də Ermənistana yaxşı şeylər vəd etmir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00