Seçkilərdə jurnalistin müşahidə etməkdən başqa hüququ yoxdur
Natiq Məmmədli: Kiminsə fikrini zorla dəyişdirə, mübahisə edə bilməz”
2 Oktyabr 2013 16:16 SiyasətOktyabrın 2-də Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətlərinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan KİVDF sədri Vüqar Səfərli qeyd edib ki, seçki prosesində jurnalistin üzərinə əlavə vəzifə düşür ki, o da prosesi müşahidə edib cəmiyyətə obyektiv məlumat çatdırmaqdır. Seçkilərlə bağlı polis-jurnalist mühasibətlərini tənzimləyəcək monitorinq qrupunun yaradıldığını diqqətə çatdıran Mətbuat Şurasının sədri Əflatun Amaşovun qeyd edib ki, jurnalistlər seşkilərdə daha geniş hüquqa malikdirlər: "Qanunvericiliyə görə, jurnalistlər hətta MCK-nın təsdiq etdiyi protokolun surətini ödənişsiz əldə edə bilərlər. Buna baxmayaraq məqsədimiz ondan ibarətdir ki, jurnalistlər seşki günü hansısa problemlə üzləşməsinlər". MŞ sədri qara "piar"la bağlı narahatçılıqlarını da ifadə edib. MCK sədrinin müavini Natiq Məmmədov isə bildirib ki, yalnız dövlət tərəfindən jurnalist statusu tanınan şəxsin seçki prosesini müşahidə etmək hüququ var: "Jurnalistin müşahidə etməkdən başqa hüququ yoxdur. Yəni kiminsə fikrini zorla dəyişdirmək, mübahisə etmək hüququ yoxdur. Jurnalist aşkar olunan qanun pozuntusu barədə məlumat verə, bununla bağlı səlahiyyətli orqanlardan münasibət öyrənə bilər. Jurnalist təhqiqat apara bilməz. "Mən jurnalistəm, tez qanunsuzluğu aradan qaldırın" tələbilə çıxış edə bilməz. Jurnalistin heç bir üstünlüyü, yaxud müşahidəçilərdən az hüququ yoxdur. Jurnalist aldığı məlumatı ictimailəşdirə bilər". Natiq Məmmədli beynəlxalq müşahidəçinin jurnalistə məlumat vermək hüququnun olmadığını nəzərə çatdırıb: "ATƏT-in qaydalarında da bu, əksini tapıb. Ancaq beynəlxalq müşahidəçilər də statuslarına görə fərqlənir və bəzən müəyyən beynəlxalq təşkilatlar beynəlxalq müşahidəçilərə jurnalistlərə məlumat verməyə icazə verir".
MSK üzvü, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bildirib ki, seçki prosesini müşahidə etmək hələ seçki prosesinə nəzarət etmək demək deyil. Müşahidə zamanı pozuntularla bağlı KİV nümayəndələri Mərkəzi Seçki Komissiyasına məlumat verə bilərlər: "Ona görə də biz müşahidəçilər kimi jurnalistlərin də yardımından istifadə etməliyik. Baxmayaraq ki, qanunvericilikdə göstərilib ki, KİV seçki prosesində iştirak edir. Müşahidəçilərin hüquqları seçki qanunvericiliyində daha genişdir. Ona görə də jurnalistlər seçki prosesində qanun pozuntusu aşkar edirsə, müşahidəçi statusuna yaxın statusda çıxış edir və bu qanun pozuntuları ilə bağlı səlahiyyətli orqanlara məlumat verir". Azər Tağıyev deyib ki, KİV təmsilçisi pozuntu ilə bağlı Məntəqə Seçki Komissiyasının sədrinə müraciət etməlidir: "Çünki qanun pozuntusu varsa, ona dərhal münasibət bildirilir. Jurnalist bu qanun pozuntusu barədə müşahidəçiyə də məlumat verə bilər. Qanunların hər birində məlumatı alma qaydaları, müddəti müəyyən edilib. Amma seçki prosesində KİV nümayəndəsi məlumatı dərhal almalıdır. Seçki prosesində "dərhal institutu" çox önəmlidir. Bu prosesdə Seçki Məcəlləsi, seçki qanunları əsas götürülür. Çünki jurnalist seçki prosesində müşahidəçiyə çevrilir. Seçki prosesində KİV dərhal məlumat əldə etməli, KİV-i maraqlandıran məsələlərə səlahiyyətli orqanlar dərhal münasibət bildirməlidir".
Müazikərələr zamanı "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli son dövrlər kütləvi aksiyalar zamanı "Azadlıq" qəzeti və bir sıra xarici KİV-lərin prosesə müdaxilə etdiyini qeyd edib və bununla bağlı Natiq Məmmədova sual ünvanlayıb. Natiq Məmmədov isə bildirib ki, söhbət hər hansı bir əqidənin, missiyanın, dünyagörüşün tərəfindən çıxış etməkdən gedirsə, iki ziddiyyətli məqam bir dəyər kimi təqdim oluna bilməz: "Biz hələ də KİV-lərin proseslərdə tam qanunauyğun fəaliyyətinə nail ola bilməmişik. Xüsusən, kənardan idarə olunan, yaxud bizim məkana daxil olmağı bacaran KİV-lər inadkarlıq nümayiş etdirirlər. Bu qurumlar seçki prosesinə qoşula bilməz. MSK bununla bağlı araşdırmalar aparıb, 3 dəfə bəyanat da verilib. Bu yayımla məşğul olan KİV-lərdən biri dünyanı fəth etmiş dövlətə məxsusdur, biri başqa bir nüfuzlu dövlətdə fəaliyyətdə göstərən KİV-dir. İkili standartlar olmamalıdır. Biz qanundan çıxış edirik. Hanısa KİV kiminsə lehinə, kiminsə əleyhinə təbliğat aparırsa, təşviqat sayılır. Bu halda bizi maraqlandırır ki, təşviqat kimin xeyrinə aparılır. Xeyrinə təşviqat aparılan şəxs bunun nəticəsində müəyyən etimad qazanıbsa, bu halda onun namizədliyinin ləğvinə əsas yaranır". Sonda MSK-nın sədr müavini jurnalistlərə də tövsiyələr verib. N. Məmmədov qeyd edib ki, jurnalist müstəntiq deyil: "Jurnalist seçiciyə yaxınlaşıb kimə səs verdiyini soruşa bilməz, bu, qanuna ziddir. Jurnalist yalnız ümumi prosesləri müşahidə edib, hadisələri izləyə bilər. Jurnalist təşəbbüsdən o yana keçə bilməz. Jurnalistlər seçkidə ehtiyatlı davranmalıdır".
Alim