Müsavat başqanlığına sürpriz namizəd - SİYASİ ŞƏRH
İki Hacılıdan biri başqan ola bilər
2 Oktyabr 2013 15:12 SiyasətMüsavat Partiyasında seçki ilə əlaqədar ertələnmiş, müvəqqəti dondurulmuş daha bir problem var:başqan məsələsi. Hazırkı başqan növbəti dəfə namizədliyini verməyəcəyini bildirib. Partiya Nizamnaməsi də buna yol vermir. Neçə ildir ki, Müsavatda yeni başqanın kimliyi məsələsi müzakirə olunur. Qısa olaraq onu deyək ki, Sülhəddin Əkbər və İbrahim İbrahimlinin istefasından sonra mərkəzi icra aparatının sədri Arif Hacılının potensial rəqibi qalmayıb. Məclis sədri Arzu Səmədbəyli Arif Hacılıya nisbətən zəif fiqur sayılır. Elçibəy ailəsinə yaxın olan Arzu bəyin yeganə dəstəyi Müsavatdakı Elçibəyçilərdi. Amma məsələ burasındadır ki, elçibəyçilərin Müsavatda gücü olsaydı, o gücdən İbrahim İbrahimli də faydalanardı. Hazırda Müsavat başqanlığına yeganə şanslı aday Arif Hacılı sayılır. Arif Hacılının siyasi, təşkilati və seçki təcrübəsi Müsavatın siyasi vitrinində qərar tutmuş insanlardan daha çoxdur. O, başqan seçkisində Arzu Səmədbəylini də, uzun müddət partiyadan kənarda qalmış Vurğun Əyyubu da qabaqlaya bilər. Başqan seçkisi mart ayında keçirilsə, Arif Hacılı öz gücünə başqan seçiləcək. Hazırda Müsavat başqanı İsa Qəmbərin Arif Hacılıya mane olacaq gücü qalmayıb. Onun ciddi adayı da qalmayıb. Bir sözlə, Müsavatdakı köhnə nəsil siyasətçilər arasında ən şanslı Arif Hacılıdır. MİP rəhbərinin qarşısını tək bir qüvvə kəsə bilər.
***
Hazırda Azərbaycan siyasətində "atalar-oğullar" problemi var. Yeni nəsil, gənclik qocalara meydan oxuyur. Əlində Zamin Hacı, Elnur As, Natiq Ədilov kimi qara piar maşınları olan köhnələrin gücü yeniləri söydürməyə çatır. Köhnələr və onların mirzələri bütün parametrlər üzrə yenilərə uduzurlar. Onlar daha çox qəzəbləndirən intellekt kasadlığıdır. Hazırda bütün köhnə müxalifətin tək Erkin Qədirlinin qarşısına çıxaracaq kadrı yoxdur. Köhnələr narahatdır. Onların yerini tutacaq adamlar yeni qüvvələr, Erkin Qədirli ilə, İlqar Məmmədovla rəqabət apara biləcəklərmi? Göründüyü kimi yeniləşmə, siyasətin gəncləşməsi tendensiyası getdikcə hakim olmağa başlayır. Bax, Arif Hacılının qarşısını kəsən, şansını azaldan da bu amildir. Arif Hacılı 2 il əvvəl başqan ola bilərdi. Amma indi artıq gecdir. Onun qarşısına gənc fiqur çıxaracaqlar. Bu, İsa Qəmbərin də maraqlarına uyğundur. İsa Qəmbər həm partiyasını qorumaq, rəqabətədavamlı etmək istəyir, həm də oğlu Turqut Qəmbərin karyerasına şərait yaratmaq istəyir. İntellektli, gənc fiqurun Müsavatda başqan olması Turqutun da yolunu açacaq. Müsavata Arif Hacılının başqan olması partiyanı indiki durumdan fərqləndirməyəcək. Arif Hacılı zəif İsa Qəmbər olacaq. Bu üzdən Müsavatın "dərin dövlət"i partiyanın başına daha uğurlu, yeni çağla ayaqlaşa bilən fiqur gətirə bilər. Adaylar sırasında sürpriz adlar var. Bunlardan biri partiya gənclərinin lideri Tural Abbaslıdır. İkinci aday iqtisadçı, Müsavatın fəxr etdiyi karlardan biri Qubad İbadoğludur. Daha bir aday Vüqar Bayramlıdır. Hər üç şəxs bu və ya digər şəkildə Müsavata, İsa Qəmbərə yaxın adamlardır. Tural Abbaslı sadiq müsavatçı olsa da intellektual deyil. Amma İsa Qəmbərə də, Arif Hacılıya da yaxın adamdır. Müsavat başqanlığına daha bir sürpriz namizəd var. Bu, müxalifətçi cameəyə yaxınlığı ilə seçilən Ramin Hacılıdır. Hacılı bu günlərdə Asim Mollazadənin partiyasından da istefa verib. Onun Müsavatda başqan seçkisinə qatılması tamamilə realdır. Arif Hacılının timsalında köhnələr Müsavatı parçalanma ilə təhdid etməsələr, gənc intellektuallardan biri başqan seçiləcək.
Ərhun Abbas