Kommunistlər Əlikram Hümmətovu vətən xaini elan etdilər
2 Oktyabr 2013 12:59 SiyasətAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, özünü separatçı "Talış-Muğan Respublikası"nın "prezidenti" elan edən və Lənkəran batalyonunun sabiq komandiri Əlikram Hümmətovun Ermənistan və Dağlıq Qarabağa səfəri ilə əlaqədar bəyanat qəbul edib. Sənəddə bildirilir ki, Əlikram Hümmətovun Ermənistan və Dağlıq Qarabağa səfər etməsi Azərbaycan kommunistlərinin və geniş ictimaiyyətinin böyük hiddətinə səbəb olub: "Vaxtı ilə Qarabağ separatçılarına qarşı vuruşan və Bakıdan Xankəndinə basıb keçəcəyini bəyan edən "polkovnik" Hümmətov heç nə olmayıbmış kimi, bir neçə gün qabaq özü İrəvandan Xankəndinə səfər edib və yaşlaşdıqca müdrikləşmək, səhvlərini etiraf edib düzəlmək əvəzinə, orda növbəti ağılsız açıqlamalar verib. Öz sərsəm çıxışlarında Qarabağda, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş azərbaycanlı, talış, ləzgi, rus, yəhudi və digər millətlərdən olan insanları şəhid yox, "lazımsız qurbanlar" adlandıran bir insana ağıllı demək mümkün deyil. Talış xalqına heç bir etnik, bioloji bağlılığı olmayan separatçı Əlikram Hümmətovun İrəvan və Xankəndindəki çıxışları, konkret olaraq talış xalqını, bu xalqın Qarabağ uğrunda şəhid olmuş övladlarının ruhunu alçaltmaqdır. Azərbaycanın ağır illərində bütün azsaylı xalqlar kimi, talışlarda silaha sarılaraq vətənin müdafiəsinə qalxıblar və bu mübarizədə canlarını qurban veriblər. Talış xalqının yüzlərlə, minlərlə oğlu Qarabağda şəhid olub. Onların ruhu heç vaxt Ə. Hümmətov kimi vətənsiz xaini bağışlamaz".