İlham Əliyev jurnalistlərin dostu seçilməyə layiq dövlət başçısıdır
Onun mətbuata qayğı sahəsində xidmətləri ölçüyəgəlməz dərəcədə çoxdur
1 Oktyabr 2013 16:39 Siyasət"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi bu günlərdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında rəy sorğusu keçirib. Ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: "Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?" Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. Elə mətbuat nümayəndələrinin reaksiyası da sorğunun tam obyektivliyini təsdiq etməyə əsas verir.
Modern.az saytının baş redaktoru, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı bildirib ki, sözün həqiqi mənasında Prezident İlham Əliyev jurnalistlərin dostu seçilməyə layiq bir dövlət başçısıdır. Çünki onun jurnalistika sahəsində xidmətləri ölçüyəgəlməz dərəcədə çoxdur. Dünyada elə bir dövlət başçısı tapılmaz ki, cəmiyyətin ən həssas təbəqəsi hesab olunan jurnalistlərə İlham Əliyev qədər diqqət ayırsın: " Dövlət başçısı bunu əməli fəaliyyəti ilə sübut edib. Prezident İlham Əliyevin mütəmadi olaraq jurnalistikanın inkişafı, jurnalistikaya dəstək, bu sahədə çalışan insanların sosial-məişət problemlərinin həlli istiqamətində imzaladığı sərəncamların özü hər şeyi deyir. Beş il önsə prezident İlham Əliyev dünyada misli görünməmiş bir sərəncama imza atdı. Bu, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə sərəncam idi. Etiraf edilməlidir ki, jurnalistika sahəsinin üzləşdiyi maliyyə sıxıntıları dönəmində belə bir sərəncamın imzalanması bu sahənin inkişafına əvəzsiz töhvə oldu. Nəhayət bu il Azərbaycanda 156 jurnalistə Prezident tərəfindən mənzil hədiyyə edildi. Həmin vaxt xaricdən jurnalist qonaqlarımız var idi. Onlar buna həsəd aparırdılar. Deyirdilər ki, kaş bizim də jurnalistlərə dövlət başçısı belə hədiyyə versin...Eyni zamanda dövlətin ölkə mətbuatına verdiyi dəstəklə də tanış oldular..." E.Eyvazlı əlavə edib ki, dövlət başçısının jurnalistlərə qayğısı bununla bitmir. Məlum olduğu kimi prezidentin şəxsi təşəbbüsü ilə Azərbaycanda "əməkdar jurnalist" fəxri adı bərpa edilib. Jurnalistikanın inkişafına dəstək məqsədilə beş il öncə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Artıq Fondun ayırdığı maliyyə yardımı hesabına çap və internet mediası ayaq üstə dura bilir. Ümumilikdə qeyd edilməlidir ki, Azərbaycan prezidenti İlham Əliyevin mediaya qayğısı onun jurnalistlərin dostu seçilməsini labüd edir.
"Azadinform" İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev qeyd edib ki, Prezident İlham Əliyevin növbəti dəfə jurnalistlərin dostu seçilməsi dövlət başçısının mətbuata göstərdiyi qayğının nəticəsidir. Bu illərdə Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığını ən yüksək səviyyədə təmin edib, jurnalistlərin rahat və təhlükəsiz şəraitdə çalışması üçün hər cür imkan yaradıb: " Bu gün də Prezident İlham Əliyev söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Son on ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına qısaca nəzər salsaq görərik ki, ötən illər dövlət başçısının məhz mətbuat üçün bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qalıb. Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, jurnalistlərin fəxri adlar və "Tərəqqi" medalı ilə təltif edilməsi barədə sərəncamlar imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addımı da atıb. Bu da mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır". Onun sözlərinə görə, ötən on il Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçib. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi dəyərləndirmək olar. Fondun yaradılmasında əsas məqsəd məhz azad mətbuatı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fondun və Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələri keçirmələri, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlmiş ən mütərəqqi addımlardır. Artıq bir neçə ildir söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-in müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək Azərbaycan hakimiyyətinin prioritet mövzusuna çevrilib: "Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində də xüsusi tədbirlər görülür. Mətbuat Şurası üçün yeni inzibati binanın tikilməsi, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxarıb. Jurnalistlərin mənzil problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. İki ay bundan əvvəl məhz dövlət başçısının Sərəncamı ilə tikintisi başa çatdırılan jurnalistlər üçün yaşayış binasının açılışı və bunun ardınca daha bir yaşayış binasının tikintisi haqqında növbəti Sərəncamın imzalanması Prezident İlham Əliyevin mətbuat işçilərinə qayğısının nümunəsidir".
Avrasiya İA-nın rəhbəri Cavid Şahverdiyein sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin jurnalistlərin dostu seçilməsini şərtləndirən bir neçə amil var. Onlardan biri jurnalistlərə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsidir. KİVDF-nin yaradılması, ildə iki dəfə müsabiqələrin keçirilməsi, eyni zamanda müsabiqə yolu ilə qəzetlərin maddi-texniki bazalarının inkişafı ilə bağlı maddi yardımların ayrılması və s. amillər prezidentin jurnalistlərin dostu seçilməsini şərtləndirən amillərdir: "Bu il Milli Mətbuat gününün 138-ci ildönümü ilə bağlı prezidentin sərəncamı ilə jurnalistlərə 156 mənzilli binanın tikilib təhvil verilməsi, bundan başqa imkansız jurnalistlərə maddi və mənəvi dəstəyin göstərilməsi, jurnalist Nicat Dağların müalicəsinin xaricdə təşkilinə göstərişin verilməsi də bu qəbildəndir. Daha mühüm fakt isə azad mətbuata yaradılan şəraitdir. Fikir verin, açıq-aşkar İ.Əliyevlə yanaşı, bütün məmurlar qəzetlərdə tənqid olunur. Düzdür, mətbuat özünə dost qəbul etdiyi şəxsi tənqid etməməlidir. Amma Azərbaycanda bu sahədə demokratiyanın pik həddə olması bunu deməyə əsas verir. İ.Əliyev onu tənqid edən hec bir mətbuatı məhkəməyə verməyib, onunla bağlı hansısa ölçünün götürülməsinə tapşırıq verməyib. Bu da onun mətbuata sadiqliyinin göstəricisidir. "Mətbuatın dostu" tituluna prezident çoxdan layiq görülüb. Bunun üçün hansısa sorğunun keçirilməsinə ehtiyac da yoxuydu".
Alim