Xainin nə vətəni olur, nə də milliyəti

Əlikiram Hümmətov özünün kim olduğunu sadəlövhlər üçün də isbata yetirdi

 Hafiz Mirzə
     www.hafizmirza.com

Son günlər Ələkram Hümmətov barəsində yazılar mətbuatın gündəmindən düşmür. Bir azərbaycanlı sayılan şəxsin düşmən Ermənistana dost kimi getməsini, vaxtı ilə onlara qarşı  mitinqlərdə xalqı ayağa qaldırdığı, lənətlədiyi, cəbhədə onlara qarşı döyüşdüyü halda indi ermənilərlə qucaqlaşmasını, onların mübarizəsini dəstəkləməsini, orada talışşünaslıq üzrə elmlər doktoru adını almasını  hamı heyrət və hiddətlə qarşılayır, lənətləyir, bunu bağışlanılmaz xəyanət hesab edir. Sanki heç insanlar onun kim olduğunu tanımırmış, bilmirmiş. Bu adam bəlkə də yeganə şəxsdir ki, xəyanətlərinə görə vətəndaşlıqdan məhrum edilib. Əslində elə birisindən indi məhz Vətənə məhəbbət göstərməsi çox təəccüblü olardı. Sevindirici haldır ki, onun talış xalqının adından danışma çabalarına və etnik separatizmə xidmət edən sərsəm fikirlərinə görə kimsə talışları qınamaq fikrinə düşmür. Çünki xainin Vətəni və ya milliyəti olmur! Sağlam məntiqə istinad edən hansı talış ziyalısı onu müdafiə edir ki? Cavanların məlumatsızlığını başa düşmək olar. Axı Ələkram Hümmətovun liderlik dönəminin üstündən düz 20 il vaxt keçir. Təəssüf ki, sonralar bu barədə çox az yazıldı, onun yaratmaq istədiyi qondarma "Talış Muğan Respublikası"nın mahiyyəti geniş açıqlanmadı, etnik separatçılıq fəaliyyətinə görə yüzlərlə vətəndaş bağışlanıldı, mövzunun üstünə  getməyi qəbahət hesab etdilər və bütün bunlara uyğun olaraq, etnik separatizm üzərində tarixi qələbənin qəhrəmanları da layiqincə dəyərləndirilmədi,.. İlk baxışdan bu ləkəli olayı çox qurdalamamaq, türk və talış xalqlarının arasında minilliklərə söykənən səmimiyyətə, dostluğa, birliyə mənfi təsir edə bilər deyə  onu tədricən unutdurmaq bəlkə də düzgün hal hesab edilə bilərdi. Lakin əks tərəfə mənsub olan bəzi səbatsız şəxslərin öz separatçılıq fəaliyyətini yenə də davam etdirməsini, çaşdırılmış sərsəm gənclərin sosial şəbəkələrdə  bu yönümlü radikal təbliğat işlərini, bölgəni büsbütün talışlaşdırmaq cəhtlərini, Rusiya və İranın xüsusi xidmət orqanlarının ardıcıl və məqsədyönlü separatçılıq fəaliyyətini  nəzərə aldıqda  onlara ardıcıl olaraq siyasi və elmi cavab verilməməsi əsla doğru sayıla bilməz.  Bu cür  birtərəfli susqunluğun, fəaliyyətsizliyin belə də aqibəti olmalı idi. Xüsusən də 1993-cü il avqust ayının 23-də lənkəranlıların Ə. Hümmətov qaraguruhuna, onun qondarma "TMR"-na qarşı hücuma keçib, onu qovmasının, yalın əllə silahlı briqadanı tərksilah etməsinin, dövlətçiliyi qorumasının 20 illiyini əsla qeyd etməmək əslində lənkəranlıların bu qəhrəmanlığını kiçimsəmək sayılmlıdır. Həmin tarixdə Lənkəranda Azərbaycan talışları və türkləri əl-ələ verərək etnik-separatizmi birlikdə rədd etmiş, Azərbaycan Dövlətçiliyini birlikdə qorumuşdular. Bu zaman üç lənkəranlı qəhrəmancasına şəhid olmuş, ona yaxın insan yaralanmışdı. Heç də unudulası tarix deyil. Hər il 23 avqust tarixində bir dəstə lənkəranlının həmin hadisələr zamanı şəhid olmuş 3 milli qəhrəmanın abidəsi önünə toplaşması,  susqun halda əklil qoyması, sonra da sakitcə dağılışıb getməsi çox azdır və  həm də çox mənasızdır. İldönümün bu cür qeyd olunmasındansa onun keçirilməməsi daha yaxşıdır. Halbuki tarixi qələbənin 20 illiyinin həm ölkə səviyyəsində, həm də Cənub bölgəsinin rayonlarında geniş qeyd olunması mühüm siyasi, ideoloji, həm də tərbiyəvi əhəmiyyət kəsb edəcəkdi. Amma bu olmadı. Əvəzində Ə.Hümmətov öz məğlubiyyətinin  20 illiyini  Ermənistanda İrəvan Universitetinin regionşünaslıq kafedrasında, sonra talışşünaslıq konfransında özünü "TMR" prezidenti kimi təqdim etdirməklə, Azərbaycan dilində müsahibə verməkdən qəti imtina etməsilə  qeyd etmiş oldu. Bəzən mərdi qova-qova namərd edirlər. Lakin onu tanıyanlar, indi TV ekranlarından onun son əməlini hiddətlə pisləyən cəbhədaşları və politoloqlar yaxşı bilir ki, Ələkrəm Hümmətov  heç vaxt mərd olmayıb və öz əməlləri ilə həmişə məhz özü-özünü qovarağa salıb. O qədər bərk qovub ki, gedib Hollandiyaya çıxıb. Onun xəyanətlərinin fəsadlarını isə həmişə yaxınları, həmyerliləri və sadəlövh fanatiklər çəkib. Törətdiyi bunca neqativ əməllərə görə adamın heç burnu da qanamayıb. Xatırlayıram, o vaxt AXC LT-nin konfransı keçirilən Mədəniyyət Sarayının qapısı ağzında mandatı olmayan bir qadının içəri keçmək istədiyini bildirdilər. Yaxınlaşıb məqsədini öyrənmək istədim. Bu abırlı  qadın Ə.Hümmətovun arvadı Südabə xanım imiş. Ələkrəmi çağırmağımı istədi. Bunun mümkün olmadığını dedikdə o məni də cəbhəçi hesab elədi və ağlamsınaraq "Çalışın ki, onu heç yerə seçməsinlər, o  ağır xəstədir!"  dedi. Ə.Hümmətov bu zaman konfransa sədrlik edirdi və arvadının ismarıcını ona çatdıranda bərk əsəbiləşdi. Həmin o " ağır xəstə" adam 23 il ötməsinə rəğmən indi xeyli sağlam görsənir. Amma onun siyasi fəaliyyətinin müxtəlif məqamlarında həlak, xüsusən də onun cəbhəyə apardığı əsgərlərin sırasında şəhid olmuş talış və türklərin Lənkəranın rütubətli torpağında artıq sümükləri də çürümüşdür.
   Nə Ələkram Hümmətov, nə də Azərbaycanın siyasi kuliarlarında araqarışdırmaq, ürək bulandırmaqla məşğul olan bir qisim şəxs heç də təsadüfün nəticəsi və ya xalqın daxili potensialının təzahürü deyil.
    Milli azadlıq hərəkatını gur selə bənzədənlər çoxdur; özü ilə bol su, həm də çör-çöp gətirən gur selə. 1988-ci ilin yazında Azərbaycanda milli-azadlıq hərəkatı  qəflətən və sel kimi cövlan etməyə başladı. Xalqımızın azadlıq və müstəqillik hissi çox güclü və tarixi köklərə malik olsa da, onun imperiyaya qarşı açıq mübarizəsi bu inqilabi proses sonuncu mərhələyə çatmadan və qəflətən  başlandı. Buna əsas verən qüvvə isə torpaq yanğısı - Qarabağ yanğısı idi. Əgər xalqımız milli-azadlıq mübarizəsinə özünün dissident hərəkatı, çoxdan mövcud olan gizli və yetkin təşkilatları və həqiqi ziyalıları ilə gəlsəydi, hərəkata çoxlu yad və səbatsız ünsürlər soxula, bunca torpaq və can itkilərinə səbəb ola, 1993-cü ildə onu tamam uçurumun ağzına gətirə bilməzdi. Respublikalarda baş qaldıran milli-azadlıq hərəkatına ilk soxulanların bir qisimi "çör-çöp" ya "KQB" cuğulları, ya da xarici ölkələrin "verbovat" olunmuş (ilişdirilmiş)  agentləri idi. "NKVD" qorxusu hələ canından çıxmamış ziyalılar bu qəfil hərəkatdan əvvəlcə bir qədər çaşdılar, həyəcanlandılar. Sonradan Qarabağ yanğısı, torpağa, millətə məhəbbət onları ayağa qaldırsa da, əvvəldə buraxılmış mühüm vaxt ərzində bəzi "KQB" sukaları artıq özlərini tanıda bilmişdilər. Onlar elə cəsarətli hərəkətlər edirdilər ki, o vaxt bunu qəhrəmanlıq hesab edərək alqışlamamaq mümkün deyildi. Moskvaya etiraz əlaməti olaraq zavod və fabriklərin işini dayandırmaq, beynəlxalq əhəmiyyətli magistral yolları bağlamaq, dəmiryolunun iş qrafikini pozmaq, piket və mitinqlər keçirtmək o vaxt Ələkrəm kimi adamların əsas fəaliyyət formaları idi.  Buna bənzər əməllər edən digər hər kimsəni o dəqiqə damlayar, nəslini Sibirə sürgün edərdilər. Amma bunlara "gözün üstündə qaşın var" deyən yox idi.  Bu qədər böyük cəsarət və ağıl sahibləri bəs əvvəllər harada idilər? Cəmiyyətin həyatında  niyə mühüm rol oynamırdılar? Əvvəllər çoxlarının tanımadığı bu infizorlar həqiqi milli-azadlıq aşiqlərini nüfuzdan salır, sıradan çıxardır, hətta güdaza verib aradan götürür, həlledici məqamlarda düzgün qərar qəbul etməyə çox ciddi mane olurdular. Elələrindən biri də Əlikram Hümmətov idi. Radikal və ekstremist fikirlərinə görə onu əvvəlcə AXC-nin İdarə Heyətindən kənarlaşdırdılar. AXC LT -nin rəhbərliyi onu qəbul edə bilməsə də sıravi cəbhəçilər arasında böyük nüfuzu vardı. Onun ifrat radikalizmi   kimsəni şübhələndirmir, çoxları bunu ifrat milli-azadlıq yanğısı olaraq qəbul edirdi. Mitinqlərdə odlu-alovlu çıxışları əslində siyasi cəhətdən açıq-aşkar provokasiya olsa da, onu daha çox müdafiə edir, alqışlayır, mifini formalaşdırırdılar. Lakin siyasətin öz diktəsi var, təkcə hisslər və haray-həşirlə iş görülmür.Bəzən fanatiklərin səriştəsizliyi onların özünü də  fəlakətə sürükləyir. Ələkrəm Hümmətov da sonunu fikirləşmədən, ən radikal addımlar atmaqdan qalmırdı. Bunun nəticəsi olaraq o, 1990-cı ilin yanvarında bir dəstə sadəlövh cəbhəçini ayağa qaldıraraq, əlində adi  tir silahı ilə Lənkəranda yerli hakimiyyət orqanlarının fəaliyyətini dayandırdı və ilk dəfə Sovet Hakimiyyətini devirdiyini bəyan etdi. Lənkəranda Sovet Ordusunun  böyük bir diviziyası olduğu halda tir silahı ilə hakimiyyəti devirə bilmək absurd idi. Amma o bunu etdi və kimsə də ona müqavimət göstərmədi. Onun əleyhinə çıxan idarə-müəssisə rəhbərinin başına ləçək bağlatdırmaq cəhtləri vardı. Çıxışlarında daim Moskvanı və Ermənistanı söyən bir adamın çevriliş əməli ilə əslində Moskvanın əlinə oynadığı göz qabağında idi. Amma bu həqiqətləri ortaya qoya biləcək qüvvələr çox az, çox zəif və dişsiz  qalmışdı. Bu vəziyyət Moskvaya Azərbaycana əlavə cəza dəstələrini yeritməkdən ötrü lazım imiş. Bunlar isə  "dövlət çevrilişi" görüntüsü ilə buna rəvac verirdilər. Xüsusi cəza dəstələri 20 yanvar Bakı qırğınından sonra Lənkərana gəldi və Sovet hakimiyyətini bərpa etdi. Ələkram bu zaman öz dəstəsi ilə dağlara çəkildi. Rus qoşunları bu dəstəni darmadağın etdi, bir neçə nəfəri öldürdü, bir qrup cəbhəçini həbs edib apardı. Amma Ələkrəm və yaxın ətrafı nə ələ keçdi, nə də sonradan həbs olundu. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra da çox ildırımlar çaxdı, çox sellər axdı,.. Zərdüşt və Araz Əlizadə kimi Moskva yönümlü siyasi kurs nümayəndələri onu tezliklə öz nəzarəti altına aldılar və Sosial Demokrat Partiyasının sıralarına qatdılar. Ələkram Lənkəranda "Aftobaza" kimi tanınan Sərnişindaşıma müəssisəsinin ilk partiya təşkilat  katibi olmuşdu. Sürücülər arasında nüfuzu vardı. Onun siyasi səriştəsi sürücülərin lideri olmaq üçün yetərli idi. AXC LT-də də onu əsasən sürücülər müdafiə edirdi. Burada hampaçılıq hisslərinin həqiqətdən daha güclü olduğunu  nəzərə almaq lazımdır. Sosdemçilər Moskvapərəst  sabiq prezident Ayaz Mütəllibovu dəstəkləyirdilər. Onların vasitəçiliyi ilə Ələkrəm sonralar  özünümüdafiə  batalyonu yaratmağa başladı. Hərbçi mütəxəssilər olduğu halda Ələkrəmin hərbi batalyon yaratması da şübhə obyekti  idi. Hətta Azərbaycandan çıxarkən rus ordusu öz silahlarını ona məmuniyyətlə təhvil verirdi. Onun əli altında silahlı dəstənin olması sonralar öz sözünü Dağlıq Qarabağ döyüşlərində dedi. Ələkramın dəstəsi həlledici  məqamlarda hərbi tapşırıqları pozur, digər hərbi hissələri mühasirəyə düşmək təhlükəsi yaradırdı. Azərbaycanlılardan ibarət hərbi hissələr əslində çox pis silahlanmış vəziyyətdə də ermənilərə çox güclü müqavimət göstərirdilər. Bu zaman ordu rəhbərliyində ələ alınmış şəxslər guya ki,  prerzidentə qarşı siyasi iradə göstərir, əslində isə Vətənə xəyanət edərək  cəbhədə özbaşınalıqlar törədirdilər. Bunun ucbatından müdafiə zəifləyir, torpaqlar itirilirdi. Nəhayət ölkə rəhbərliyi siyasi qətiyyət göstərərək Ə.Hümmətovu Müdafiə Nazirinin müavini postuna gətirmək adı ilə hərbi hissədən ayırdı. Bundan sonra həmin hərbi birləşmədə adi əsğərlər də komandiri söyür, əmrləri yerinə yetirmir, hətta polkovniki basıb döyürdülər. Ələkram Müdafiə Nazirliyində, mütəxəssislərin arasında özünün artıq olduğunu başa düşdü və özü istefa verdi. Geriyə - Lənkərana qayıtdıqdan sonra onun burada dinc durmayacağı, öz məqamını gözləyəcəyi aydın idi.  Elə bir məqamı yenə də Moskva yetişdirdi. Dağlıq Qarabağ torpaqlarını öz ordusunun və yerli satqınların əli ilə işğal edib ermənilərə peşkəş edən Rusiya nəhayət Azərbaycanın parçalanıb bir ölkə və dövlət olaraq ləğv edilməsi məqsədlərini açıq şəkildə ortaya qoydu. Bu zaman Ə.Hümmətov  yenidən bir dəstə tərəfdarı ilə dağlara çəkildi. İyunun 15-də o, Lənkəranda yenidən çevriliş etdi. Amma bu dəfə Müstəqil Azərbaycanın hakimiyyət strukturunu devirirdi. Hərbi diviziyada yerləşdirmiş olduğu adamlar bütünlüklə hərbi korpusu onun xidmətinə gətirdilər. Bu da təsadüfi deyildi. Bundan sonra o, cənub bölgəsinin 7 rayonunda "Talış Muğan Respublikası" yaratdığını elan etdi. Bu isə artıq Azərbaycanın parçalanması və dövləti xəyanət idi. Sonrakı olaylarda onun ucbatından həlak olan, həbs edilən, məhrumiyyətlərə məruz qalan onlarca günahsız insan taleyi vardı. Xaini hər yerdə yalnız xainlər müdafiə edər. Onun bir vaxt  hədəf edib atəş açdığı Ermənistanda indi bağırlarına bassalar da, sevdiklərini düşünmək sadəlövhlük olar. O, öz siyasi iddialarına görə düşmənə qucaq açmaqla, bu düşmənin öldürdüyü 200-ə yaxın lənkəranlı talışın, türkün qanına tüpürürdü. Bu sadə məntiqi də anlamamaq yalnız zehni geriliyin ifadəsi olar. O isə kifayət qədər intellekt sahibi sayılırdı. Deməli, olmayan yalnız şərəfi və Vətənə sədaqəti idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00