El hərakatı AXCP-Müsavat cütlüyündən uzaqlaşır

Eldar Namazovu ənənəvi müxalifətdən soyudan nədir?

Milli Şuranın sonuncu mitinqində El Hərəkatının liderləri görünməyib.
Özəlliklə hərəkatın sədri Eldar Namazov mitinqə qatılmayıb.  "EL" Hərəkatının sədr müavini Zəfər Quliyev hərəkat rəhbəri Eldar Namazovun Cəmil Həsənlinin mitinqində olmamasını belə şərh edib:  "Birinci mitinqdən sonra "EL" rəhbərliyi qərara gəldi ki, hər aksiyada yeni simalar görünməlidir". Onun sözlərinə görə, sentyabrın 28-də keçirilən mitinqdə C. Həsənli Eldar Namazova tribunada olmağı və çıxış etməyi təklif edib. Amma Eldar Namazov özü dedi ki, dalbadal hər mitinqdə eyni adamın çıxış etməyi uğurlu olmaz: "Təklif etdik ki, yeni adamlar çıxış etsin. Bu baxımdan Erkin Qədirlinin çıxışını müsbət qiymətləndirirəm. Söhbət çıxışın özündən getmir. Yeni simaların qoşulması yaxşı haldır. Məhz bu səbəbdən mitinq iştirakçılarının arasında olduq. Hər mitinqdə tribunada olmağa və çıxış etməyə ehtiyac duymuruq". Z.Quliyev bildirib ki, mitinq Cəmil Həsənlinin mitinqi olduğundan əsas çıxışçı o olmalıdır: "Milli Şuranın prezidentliyə namizədi C.Həsənlinin mitinqi bir çox təşkilatların, o cümlədən İctimai Palatanın mitinqindən fərqlənməlidir. Yanaşmalar müxtəlif ola bilər. Fikrimizcə, bu görüşlər C. Həsənlinin seçicilərlə daha sıx ünsiyyət yaratmasına xidmət etməlidir. Birinci mitinqdə bütün partiyalar, liderlər çıxış edib özlərini göstərdilər. Aparıcı adam C.Həsənli olmalı, onun ətrafında adamlar dəyişməlidir". Göründüyü kimi El təmsilçisi Namazovun aksiyaya qatılmamasına münasibət bildirməklə bərabər replikalarını da atıb. El hərəkatı ənənəvi müxalifət liderlərinin özünü reklamından narazıdır. Ötənki mitinqdə onsuz da Eldar Namazovun çıxışı qeyri-qənaətbəxş sayılmışdı. Zal toplantıları adamı olan Eldar müəllim kütlə qarşısında olduqca zəif çıxış etmişdi. Bəlkə də son mitinqdə Eldar müəllim bu üzdən çıxış etməmişdi. Liderlərin özünüreklamı isə El hərəkatını ona görə narahat edir ki, aksiyalar Milli Şura adına keçirilir. O qurumun ki, Rüstəm İbrahimbəyov gəlməsə, vahid namizəd Eldar Namazov olmalı idi. Amma Müsavat-AXCP cütlüyü buna imkan vermədi. Eldar Namazov Milli Şuradan ikinci adam ola-ola birdən-birə aşağı yuvarlandı. O vaxtdan Eldar Namazov Milli Şuradan narazıdır. Milli Şuraya Moskvadan maliyyənin kəsilməsi də bununla bağlı idi. Müxalifətə böyük pullar vəd verən MŞ sədri bir gün çıxıb 1 manat aksiyasını elan etdi. Bütün bunlar həm də Namazovun hikkəsi ilə baş vermişdi.
  Bəs Eldar Namazovun taktikası nədir və bu hikkə onu hara aparır? Fikrimizcə, Namazov prezident seçkilərindən sonrakı dövrə hazırlaşır. Ziyalılar Forumunda uğurlu fəaliyyəti, Rüstəm İbrahimbəyovla ənənəvi müxalifəti əlaqələnbirməklə birdən-birə hamıdan qabağa düşmüş Namazov parlament seçkiləri zamanı da bu avantajı yaxalamaq əzmindədir. Bu seçki Ziyalılar Forumundan yararlanan Namazov qarşıdakı dövrdə gənclər hərəkatı və yeni qüvvələrdən faydalanmaq niyyətindədir. El hərəkatı indidən təşkilatlanmaya və Real Alternativ Hərəkatı ilə əməkdaşlığa başlayıb. Namazovun Rəsul Quliyev və Lalə Şövkətlə də münasibətləri var. Ola bilər ki, seçkidən sonra El hərəkatı Milli Şura formatını saxlasın. Eldar Namazovun planı ənənəvi müxalifət qurumu tərk edərsə, boşluğu Realla və yeni gənclər təşkilatlarının fəalları ilə doldurmaqdır. El sözçüsünün AXCP-Müsavat cütlüyünə İctimai Palatanı xatırlatması təsadüfi deyil. Bu açıq bir mesajdır:sizin yeriniz İP-dir və seçkidən sonra fəaliyyətinizi orda davam etdirin.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00