Rusiya azərbaycanlılarının doğru seçimi
Soydaşlarımızın İlham Əliyevi dəstəkləməsinin kifayət qədər əsasları var
1 Oktyabr 2013 15:54 SiyasətPrezident seçkiləri yaxınlaşdıqca ölkənin bir nömrəli postu uğrunda mübarizə aparan namizədlər arasında gərginlik də artır. Əksər namizədlər bir-birinə qarşı "qara piar" kampaniyasından istifadə etməklə cəmiyyətin diqqətinı özünə cəlb etməyə, bu yolla xalqın səsini qazanmağa çalışır. Həmin namizədlərdən fərqli olaraq hakim Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş hazırkı dövlət başçısı İlham Əliyevin təbliğat-təşviqat kampaniyası isə sırf seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir. Məhz bunun nəticəsidir ki, hakim partiyanın namizədi İlham Əliyevi dəstəkləyən və seçkilərdə ona səs verəcəyini açıqlayan insanların sayı durmadan artır. Bu bir tərəfdən İlham Əliyevin prezidentliyinin on ilində ölkənin inkişafı istiqamətində gördüyü işlərlə bağlıdırsa, digər tərəfdən onun siyasi liderə xas xüsusiyyətlərə malik olması ilə əlaqədardır. Sevindirici hal ondan ibarətdir ki, təkcə ölkə daxilində yaşayan Azərbaycan vətəndaşları deyil, eləcə də dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız İlham Əliyevə öz dəstəyini nümayiş etdirir, oktyabrın 9-da keçiriləcək seçkilərdə ona səs verəcəklərini açıq şəkildə ifadə edirlər. Bu günlərdə prezident İlham Əliyevə daha bir dəstək şimal qonşumuz olan Rusiya Federasiyasında yaşayan soydaşlarımız tərəfindən gəlib. Xəbərlərdən də aydın olduğu kimi Ümumrusiya Azərbaycan Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərində namizədliyinə dəstək məqsədilə Moskvada mədəni-kütləvi tədbir keçirib. 1000-dən artıq soydaşımızın iştirak etdiyi tədbirdə çıxış edən ÜmumRusiya Azərbaycanlıları Konqresinin prezidenti, akademik Məmməd Əliyev bildirib ki, ölkəmizin ən tarixi və məsuliyyətli gününə diaspor yekdil seçimlə gedir: "İlham Əliyev - ona alternativ yoxdur". Məmməd Əliyev deyib ki, Azərbaycan və Azərbaycan xalqı vacib siyasi hadisə astanasındadır: "Rusiyada yaşayan azərbaycanlılar artıq öz seçimlərini ediblər. İnaniram ki, Azərbaycan xalqı düzgün seçim edəcək və öz liderini seçəcək. Düşünürəm ki, bu, İlham Əliyev olacaq".
***
Məlumat üçün qeyd edək ki, Moskva diasporumuzun öz seçimində İlham Əliyevi dəstəklədiyi 4-cü Rusiya şəhəridir. Buna qədər Ulyanovsk, Tomsk və Pyatiqorsk şəhərlərindəki diaspor fəallarımız kütləvi tədbirlər keçirməklə yerlərdə yaşayan Azərbaycan vətəndaşlarının mövqeyini açıqlayıblar. Qarşıda isə İvanovo, Domodedovo, Yekaterinburq, Peterburq, Murmansk şəhərlərində yaşayan soydaşlarımız vahid namizədini aksiyalarla dəstəkləyəcəklər. Dünyanın ən çoxsaylı Azərbaycan diasporunun yaşadığı Moskvada ölkə prezidentinə olan rəğbətin səbəbləri isə çoxdur.
Birincisi, Azərbaycan Hökuməti hər zaman Rusiya Federasiyasında yaşayan azərbaycanlılara qarşı xüsusi diqqət göstərib. Hələ ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Rusiya Federasiyasına etdiyi hər bir səfər zamanı orada yaşayan soydaşlarımızla xüsusi maraqlanır, Rusiyadakı Azərbaycan diasporu ilə görüşlər keçirirdi. Təsadüfi deyil ki, şimal qonşumuzdakı ən iri diaspor təşkilatımız sayılan ÜmumRusiya Azərbaycanlıları Konqresi də məhz Heydər Əliyevin zamanında təsis edilib. Belə ki, ÜAK-ın təsis qurultayı 2001-ci il, mart ayının 5-də Heydər Əliyev və Vladimir Putinin dəstəyi ilə baş tutub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də dünyada yaşayan bütün soydaşlarımıza, eləcə də Rusiya azərbaycanlılarına hər zaman xüsusi diqqətlə yanaşıb. Cənab İlham Əliyev də Rusiya Federasiyasına səfərləri zamanı vaxt taparaq bu ölkədəki diaspor nümayəndələrimizlə görüşüb, onların fəaliyyəti ilə tanış olub. Azərbaycan Hökumətinin diaspor siyasətinə xüsusi diqqət və qayğısının İlham Əliyevin zamanında da davam etməsi ötən müddət ərzində şimal qonşumuzda yeni-yeni diaspor təşkilalarının təsis olunmasına gətirib çıxarıb. 2009-cu il, aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis olunmasını buna örnək olaraq göstərmək mümkündür.
Xaricdə yaşayan soydaşlarımızın, xüsusilə Rusiyadakı həmvətənlərimizin İlham Əliyevi dəstəkləməsinin digər bir səbəbi ölkə başçısının ötən on il ərzində hər bir azərbaycanlının prezidenti olmasıdır. Dünyanın istənilən bölgəsində yaşayan azərbaycanlının probleminə şərik çıxan, onun aradan qaldırılması istiqamətində konkret addımlar atan İlham Əliyev 2007-ci ildə bunu bir daha sübut etdi. Belə ki, Rusiya Federasiyası hökumətinin 15 noyabr, 2006-cı il tarixli 683 saylı məlum qərarına əsasən, 2007-ci il, yanvar ayının 15-dən etibarən ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulurdu. Həmin qərar müvafiq olaraq bu ölkədə ticarətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarına da şamil olunduğundan noyabr ayının 22-də prezident İlham Əliyev "Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" sərəncam inzaladı. Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq sözügedən məsələ ilə bağlı Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyasının həmin il, dekabrın 2-də keçirilmiş iclasında komissiyaya daxil olan qurumların məsul şəxslərindən ibarət işçi qrupu formalaşdı. Qərara uyğun olaraq Rusiya Federasiyasında ticarətlə məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi, həmin problemlərin ümumiləşdirilməsi və müvafiq tədbirlər planının hazırlanması həyata keçirildi. Həmçinin soydaşlarımıza operativ köməyin göstərilməsi məqsədilə Rusiya Federasiyasının müxtəlif regionlarında Azərbaycan diaspor təşkilatlarının, ölkəmizin Rusiyadakı səfirliyinin və konsulluqların adı çəkilən Dövlət Komissiyasında təmsil olunan nümayəndələrindən ibarət operativ qərargah yaradıldı. Məhz prezident İlham Əliyevin birbaşa nəzarəti altında Azərbaycan dövlətinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində soydaşlarımızın Rusiya Federasiyasından kütləvi şəkildə köçürülməsi ehtimalının qarşısı alındı. Bu ölkədə yeni qanunun qəbulu azərbaycanlıların öz iş və yaşayışlarını leqallaşdırmasına stimul verdi. 2007-ci il, fevralın 20-dən etibarən Azərbaycanın Moskvadakı səfirliyində Rusiyada yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsinə başlandı.
Yuxarıda qeyd edilən faktlar Azərbaycan Prezidenti İlham Əliyevin dünyada yaşayan soydaşlarımıza, eləcə də Rusiya azərbaycanlılarına olan diqqət və qayğısının cüzi bir hissəsidir. Bütün bunlar da öz-özlüyündə soydaşlarımıza doğru-düzgün seçim etməyə və oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə sövq edir.
Süleyman İsmayılbəyli