“Türkiyə azərbaycanlıların hüquqlarının tanınmasını da nəzərə almalıdır” - Qabil Hüseynli
“Ərdoğanın demokratik islahatlarına baxmayaraq kürdlər şovinizmdən əl çəkmirlər”
1 Oktyabr 2013 14:15 SiyasətTürkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan hazırlanan siyasi islahatlar paketini açıqlayıb. Paketdə kürdlərə verilən güzəştlər yer alıb. Güzəştlərə təhsil, mədəni, dil və siyasi hüquqlar daxildir. Məktəblərdə kürd dilinin istifadəsinə qoyulan qadağa götürüləcək. Ərdoğan kiçik siyasi partiyalara parlamentə girməyə mane olan 10%-lik baryeri də ləğv etməyi təklif edib. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Ərdoğanın təqdim etdiyi islahatlar paketi olduqca ciddidir, çünki orada Türkiyədə yaşayan kürdlər üçün ciddi imtiyazlar müəyyənləşdirilir. Q.Hüseynli qeyd etdi ki, əgər kürdlər paketi normal qəbul edib, Türkiyədə adi vətəndaş kimi yaşayıb terror fəaliyyətlərindən əl çəksələr islahatlar onların xeyrinə olacaq. Bundan sonra gələcəkdə həyata keçiriləcək islahatların kürdlərə daha geniş hüquqlar verəcəyini deyən politoloqun sözlərinə görə, Diyarbəkirdə keçirilən mitinqdə Ərdoğanın "Demokratik islahatlar paketi"ni pislənildi: "Çünki paketə əsasən kürd dili yalnız özəl məktəblərdə xüsusi tədris olunmaqla yanaşı dövlət məktəblərində əlavə seçmə dil kimi tədir olunacaq. Amma kürdlər tələb edirlər ki, bütün məktəblər kürd dilində olsun, müəllimlər də kürd millətindən olsun. Ərdoğanın demokratik islahatlarına baxmayaraq kürdlər şovinizmdən əl çəkmirlər. Onlar rəsmi Ankaradan terrorbaşı Abdullah Öcalanın həbsdən azad olunaraq siyasi fəaliyyətinə icazənin verilməsini təkidlə tələb edirlər. Öcalan cinayətkardır, neçə insanın ölümündə günahkardır. Kürdlər Ərdoğanın təqdim etdiyi paketin onların hüquqlarını təmin etmədiyini iddia etsələr də Türkiyə bundan artığına getməz və kürdlər bir az da etiraz etsələr Ankara verdiyi qərarı ləğv edə bilər. Əgər "Demokratik İslahatlar Paketi" Avropa İttifaqı tərəfindən bəyənilirsə, demək ki, normal islahatlar paketidir. Amma orada azərbaycanlılar haqqında danışılmaması paketin qüsurlarından biridir. Türkiyədə Azərbaycan Mədəniyyət mərkəzinin yaradılması və azərbaycanlıların digər hüquqlarının tanınması məsələsinə diqqət yetirilməlidir". ("OLAYLAR "İA)