“Araz Əlizadənin "Talış-Muğan Respublikası" yaratmaqda əli olub”
Aslan İsmayılov: “Bundan sonra Arazın Əlikramla münasibətini araşdırdıqda onların bir komandada olduğuna əmin oldum”
1 Oktyabr 2013 14:03 Siyasət"Araz Əlizadə Əlikram Hümbətovla əməkdaşlığını təkzib etməsə bu mövzuya toxunmazdım. 1993-cü ilin 7 iyun tarixində işlədiyim Prezident Aparatından ictimai-siyasi vəziyyəti öyrənmək üçün Lənkərana ezamamiyyətə göndərildim. Elə həmin gün rayonun bütün rəhbərliyi ilə və Əlikram Hümbətovla ayrı-ayrılıqda bu barədə söhbətlərim oldu. Xüsusilə Ə.Hümbətovla görüşdə durumun faciəli olduğunu anladım. Səhərisi gün rayon aktivi ilə görüşdən sonra xəbər aldıq ki, bir neçə nəfər polis işçisini Ə.Hümbətovun adamları oğurlayıb dağlara çəkiliblər. O dövr polis rəisi olan Əlövsət Abbasov başda olmaqla heç kim polisləri azad edə bilmirdi. Elə bu məqamda Araz Əlizadə peyda oldu və söz verdi ki, Ə.Hümbətovla danışıb polisləri azad edəcək. Düzü buna inanmadım. Ancaq Arazın Əlikramla söhbətindən az sonra polislər azad edildi. Bundan sonra Arazın Əlikramla münasibətini araşdırdıqda onların bir komandada olduğuna əmin oldum. Ancaq çox heyif ki, qayıtdıqdan sonra Əlikramın və havadarlarının Azərbaycanı parçalamaq, "Talış-Muğan Respublikası" yaratmaq haqqındakı fikirlərimi ciddiyə alan olmadı" - "OLAYLAR"ın məlumatına görə, bu barədə fəlsəfə elmləri doktoru, hüquqşünas Aslan İsmayılov "Facebook"da paylaşdığı statusda bildirib. ("OLAYLAR" İA)