“İrana verilən vaxt limiti azalır” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Əgər Tehran yaxın bir neçə aya isbat edə bilməsə ki, nüvə proqramı dinc məqsədlər üçündür, onda ABŞ əvvəlki kəşfiyyat missiyasına qayıdacaq”

"İranın yeni seçilmiş prezidenti Həsən Ruhani mötədil kimi görünməyə çalışır. BMT-nin 68-ci sessiyasına da qatıldı, gülərüzlə, hamının əlini sıxmaqla, çoxsaylı müsahibələr verməklə, Barak Obama ilə telefona danışığı aparmaqla sanki yumşaq siyasətçisi görüntüsü yaradır" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu hesab edir ki, Ruhaninin BMT-nin sessiyasında davranışları İsraili ciddi şəkildə narahat edib. İsrailin narahat olmasının qarşısında çoxsaylı səbəblərin olduğunu deyən politoloqun sözlərinə görə, amerikalı konqresmen və rəsmilərindən də Ruhaninin yumşalma siyasətinə adekvat cavab vermək istəyənlər var: "İsrail isə hesab edir ki, Ruhani onlarla oyun oynayıb vaxtı uzadır ki, İran nüvə silahını əldə edə bilsin. Amma ABŞ İsrailin istək və təkliflərini qulaqardına vurmayacaq. Çünki Vaşinqtonun əsas prioritet məsələlərindən biri İsrailin bölgədəki təhlükəsizliyini təmin etməkdir. Qərb də Ruhaniyə xoş mesajlar ünvanlayırlar. Amma Ruhaniyə verilən vaxt limiti azdır. Əgər İran yaxın bir neçə aya isbat edə bilməsə ki, nüvə proqramı dinc məqsədlər üçündür, onda ABŞ əvvəlki kəşfiyyat missiyasına qayıdacaq. Buna qədər isə İsrail narahat olmağa davam edəcək. Baxmayaraq ki, Həsən Ruhani son çıxışında dolayı yollarla Yəhudi soyqırımını tanıdığını bildirdi, lakin Netanyahu İran prezidentinin verdiyi bəyanatın səmimi olmadığını qeyd etdi. Çünki ondan əvvəl Ruhani İranda keçirilən aksiyalardan birində İsraili hədələmişdi. Əgər İran Konstitusiyasında İsrailin bir dövlət kimi varlığı şübhə altına qoyulursa, rəsmi Təl-Əviv narahat olmaya bilməz. Nə vaxt ki, İran həmin maddəni qanunvericilikdən çıxaracaq və nüvə proqramını dayandıracaq İsrail həmin vaxt rahatlaşacaq". ("OLAYLAR" İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00