Dağılan ittifaqın son həmlələri
1 Oktyabr 2013 13:02 SiyasətÖtən şənbə günü Milli Şura adlanan qurum təşviqat mitinqi keçirməyə çalışdı. Sosial şəbəkələrdən və televiziya efirindən dəfələrlə mitinqdə iştirak çağırışları edilməsinə baxmayaraq tədbir yenə sönük keçdi. Bütün vasitələrdən istifadə edilməklə edilən çağırışlar heç bir işə yaramadı. İnsanlar bütün çağırışlara etinasız yanaşdılar. Mitinq sönük keçməsi ilə yanaşı, bir neçə məqamla da yadda qaldı. Bunlardan biri AXCP və Müsavat partiyalarının sanki mitinqi öz inhisarlarına almaları idi. Sanki Milli Şuranın deyil, AXCP və Müsavat partiyalarının mitinqi idi. Tribunaya yalnız Müsavat və AXCP sədrləri və ReAl hərəkatının nümayəndəsi çıxmışdı. Milli Şuraya daxil olan Açıq Cəmiyyət Partiyası (ACP), Klassik Xalq Cəbhəsi Partiyası (KAXCP), Liberal Partiyası (ALP) və digər təşkilatların nümayəndələri tribunada gözə dəymirdi. KXCP sədri Mirmahmud Mirəlioğlunun mitinqə qatılmayacağı əvvəldən də bəlli idi. Təəccüb doğuran isə bir neçə gün əvvəl Rəsul Quliyevlə telefon danışığı yayılan ACP sədri Sülhəddin Əkbərin mitinqçilər arasında olması idi. ACP lideri Rəsul Quliyevin Milli Şuranın bundan əvvəlki mitinqi barədə ironik ifadələr işlətməsinə, Ali Məclis sədri Zəminə Dünyamalıyevanın partiyanın mitinqə qatılmaqla bağlı qərarı olmadığını deməsinə baxmayaraq, sədr Sülhəddin Əkbər mitinqçilər arasında idi. O, mitinqin lap arxa cərgələrində dayanaraq mitinqi müşahidə etməklə kifayətlənmişdi. Tribunaya çıxmamasının səbəbini Milli.Az-ın əməkdaşı ilə söhbətində belə izah edib: "Bu aksiyada, əsasən, bitərəflərin və ziyalılarin söz deməsinə şərait yaratmağa qərar verilib. Bu səbəbdən mən tribunaya çıxmadım ki, bitərəflərə və ziyalılara şərait yaradılsın".
Bəs ziyalılar və bitərəflər üçün şərait yaradıldımı? Birmənalı şəkildə demək olar ki, "yox".
El hərəkatının rəhbəri Eldar Namazovun və Liberal Partiyasının rəhbər şəxslərinin mitinqdə görünməməsi diqqətdən yayınmırdı.
Əvəz Temirxan Liberal Partiyanın aksiyada iştirak etdiyini iddia edir. Əməkdaşımızın sualını cavablandırarkən deyib ki, özü də mitinqdə iştirak edib, lakin tribunaya çıxaraq söz almayıb. Tribunaya can atmadıqlarını bildirib. "Bəs aksiyada ALP-nin bayraqları görünmürdü?" sualına isə belə cavab verib: "Mitinqdə iştirak etmişik, amma bayraqsız. Məncə, partiyalar bayraqsız çıxmalıdır", - o qeyd edib. Milli Şuranın mitinqini izlərkən bir daha göründü ki, Milli Şura artıq yoxdur. Hələlik yalnız AXCP və Müsavat partiyalarının ənənəvi "birliyi" var. Daha doğrusu, mehriban düşmənçiliyi.