Əməli ilə jurnalistlərin dostuna çevrilmiş prezident
Dövlət başçısının on il ərzində gördüyü işlər onu azad söz və mətbuatın himayədarına çevirib
30 Sentyabr 2013 16:30 SiyasətMəlum olduğu kimi "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi bu günlərdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında rəy sorğusu keçirib. "Jurnalistlərin dostu" mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirilən sorğunun respondentləri qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları olub. Ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: "Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?" Sorğu anketinə üç şəxsin adını yazmaq imkanı olsa da, rəyi soruşulanların yalnız 20 faizi sualı cavablandırarkən anketə birdən artıq şəxsin adını qeyd edib. Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. Burada maraq doğuran və müsbət qiymətləndirilməli olan məqamlardan biri ondan ibarətdir ki, ölkədə əldə edilən hər bir uğura qısqanclıqla yanaşan, vətəndaşların, cəmiyyətin mövqeyini qəbul etmək istəməyən dairələr, radikal mövqedən çıxş edən müxalifətin himayədarlıq etdiyi mətbu orqanlar da sorğunun nəticələri ilə razılaşmalı olublar. Ən azı ənənəvi olaraq səsləndirilən "sorğunun nəticələri obyektivliyi əks etdirmir" kimi iddialara bu dəfə rast gəlinmədi. Bu isə onunla əlaqədardır ki, artıq yuxarıda qeyd edilən dairələr də prezident İlham Əliyevin jurnalistlərin dostu olduğu reallığını qəbul etmək məcburiyyətindədirlər. Çünki dövlət başçısınin mətbuatın, azad sözün inkişafına yönəlik müntəzəm addımları göz qabağındadır və cənab prezident İlham Əliyev məhz öz əməli, gördüyü işlərlə jurnalistlərin dostuna çevrilib. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi on il ərzində bu sahədə gördüyü işlərə qısa nəzər saldıqda deyilənlər öz təsdiqini tapmış olur.
***
İlk növbədə onu qeyd etmək yerinə düşər ki, prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq ölkəyə rəhbərlik etdiyi 10 il ərzində hər zaman mətbuata, KİV-lərə böyük diqqət və qayğı ilə yanaşıb. Cənab İlham Əliyev də Heydər Əliyev kimi qəzetlərin "Azərbaycan" nəşriyyatına olan külli miqdarda borclarını bağışlayıb. Müxtəlif illərdə müntəzəm olaraq KİV rəhbərləri, jurnalistlərlə bir araya gələn dövlət başçısı ölkədə KİV-in inkişaf etdirilməsi məqsədilə konkret addımlar atıb. Belə ki, cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq olunub. Bir müddət sonra isə konsepsiyadan irəli gələrək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Məhz adıçəkilən fondun yaradılması ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin maddi durumunu yaxşılaşdırıb ki, bu da öz-özlüyündə həmin qəzet və jurnallarda çalışan qələm əhlinin sosial rifah halının yaxşılaşmasına müsbət təsirini göstərib. Bundan başqa hər il Prezidentin Ehtiyat Fondundan ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın ayrılması, mətbuat işçilərinə fəxri adların verilməsi və s. addımlar da cənab İlham Əliyevin "Jurnalistlərin dostu" olmasını şərtləndirən amillərdəndir.
Prezident İlham Əliyevin KİV, söz və mətbuat azadlığına, bu sahədə çalışan insanların sosial problemlərin həllinə xüsusi diqqətlə yanaşdığı dövlət başçısının 2010-cu il, iyul ayında imzalamış olduğu sərəncamla bir daha təsdiqini tapdı. Milli Mətbuatın yaranmasının 135 illiyi ərəfəsində cənab prezident jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncam imzaladı ki, həmin sərəncam əsasında mətbuat nümayəndələrinə yaşayış binasının tikilməsi üçün 5 milyon manat vəsait ayrıldı. Bu ilin iyul ayında, Milli Mətbuatın növbəti ildönümündə nbinanın təhvil verilməsi və açılış mərasimində prezident İlham Əliyevin də iştirak etməsi dövlət başçısının bu sahəyə olan diqqət və qayğısının göstəricisi idi. 156 ailəyə sevinc bəxş edən cənab İlham Əliyev bu addımı ilə dünyada daha bir müqayisə olunmayacaq ilkə imza atmış oldu. Dünyanın heç bir yerində jurnalistlər üçün yaşayış binasının tikilməsi praktikası olmadığı halda Azərbaycan Respublikası dünya ölkələrinə bir nümunə göstərdi. Bir məqamı da qeyd etmək yerinə düşər ki, jurnalistlər üçün inşa edilmiş binada mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxalif siyasi baxışlara malik olan insanlar vardı ki, bu da cənab prezidentin heç bir sahədə ayrı-seçkiliyə yol vermədiyini göstərirdi. Bununla kifayətlənməyən dövlət başçısı həmin ərəfədə növbəti bir sərəncam imzalayaraq mətbuat işçiləri üçün yeni bir yaşayış binasının tikintisi məqsədilə əlavə 5 milyon manat vəsait ayırdı.
2003-cü ilin prezident seçkilərindən sonra andiçmə mərasimində çıxışı zamanı "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam" deyən İlham Əliyev bir neçə ay əvvəl atmış olduğu daha bir humanist addımı ilə bunu sübuta yetirdi. Səhhətində çox ciddi problemlər yaşanan jurnalist Nicat Dağları öz hesabına Almaniyaya müalicəyə göndərən prezident İlham Əliyev onu yenidən həyata qaytarmış oldu. Bu bir tərəfdən dövlət başçısının sadə vətəndaşın probleminə olan diqqət və qayğısının göstərici idisə, digər tərəfdən prezidentin KİV-ə, qələm əhlinə yüksək dəyər verdiyinin nümunəsi idi.
Bütün bu amillər onu deməyə əsas verir ki, prezident İlham Əliyev ötən on il ərzində öz əməli ilə jurnalistlərin dostu olduğunu təsdiqləyib. Qarşıdakı illərdə cənab prezidentin bu dostluq bağlarını bir qədər də möhkəmləndirmək məqsədilə yeni fərman və sərəncamlar imzalayacağı, anoloji addımlar atacağı şübhə doğurmur.
Süleyman İsmayılbəyli