Seçkidən sonrakı müxalifət
Yenilər revanşda, köhnələr müqavimət göstərir
30 Sentyabr 2013 16:29 SiyasətHazırkı müxalifətin seçkidən sonra hansı durumda olacağı müzakirə mövzusudur. Milli Şura formatının müvəqqəti olacağı söylənilir. Bu versiyanı təkzib edənlər də çoxdur, şuranın dağılmasına çalışanlar da. AXCP və ətrafındakı QHT-lər, müstəqillər, ziyalılar, jurnalistlər, El hərəkatı Şuranın dağılmasını istəmir. Müsavat və ətrafındakı qüvvələr Milli Şuraya müvəqqəti birlik kimi baxırlar. Hətta Cəmil Həsənli vahid namizəd seçiləndə Rauf Arifoğlunun rəhbərlik etdiyi müsavatçılar şuranın fatihəsini də vermişdilər. İndi də onlar əslində seçkini gözləyirlər. Seçkidən sonra Müsavatın ACP, ALP və El hərəkatı ilə birlikdə Milli Şurada qalacağı mümkün olmayacaq. AXCP-non mövqeyi fərqlidir. Cəbhəçilər Milli Şura formatının saxlanmasının, Rəsul Quliyev, Lalə Şövkət, Rüstəm İbrahimbəyovla birlikdə blokun yaşamasında maraqlıdırlar. AXCP daxilindən tələblər var ki, Müsavatın qarşısında şərt qoyulsun: Rauf Arifoğlu partiyadan uzaqlaşdırılsın, Pənah Hüseynlə əməkdaşlığa son verilsin. AXCP-nin Milli Şura formatına korrektləri də nəzərdə tutulur. AXCP yetkililəri Cəmil Həsənlini El Hərəkatının, Rüstəm İbrahimbəyovun da dəstək verdiyi Milli Şuranın yeni sədri etmək istəyirlər. Bu məsələdə Müsavatla AXCP arasında fikir ayrılığı var. Cəmil Həsənli variantı Müsavata sərf etmir. Müsavat AXCP ilə müttəfiqliyi saxlamaq istəyir. Yalnız bir formatda:İctimai Palata müstəvisində. AXCP də isə hesab edirlər ki, İctimaİ Palata formatı keçmiş mərhələdir. Onlar daha iri, daha geniş siyasi birlik tərəfdarıdılar.
Müşahidələr onu göstərir ki, müxalifətin hazırkı kövrək birliyi uzun sürməyəcək. Seçkidən həmən sonra Müsavat bəyanat verərək Milli Şuradan çıxa da bilər. Və ya Milli Şuranın buraxıldığı elan oluna bilər.
Amma proseslər başqa istiqamətdə də cərəyan edə bilər. Qərbdən gələn siqnallar ənənəvi müxalifəti fərqli taktikaya sövq edə bilər. Son zamanlar seçkidən sonra yeni müxalifətin yaranacağı, 2015-ci ildə Qərbin Müsavat başqanı İsa Qəmbərə və onun komandasına, AXCP-yə deyil, İlqar Məmmədovun, Erkin Qədirlinin timsalında yeni qüvvələrə "stavka" edəcəyi söylənilir. AXCP-nin yeni güclər koalisiyasında yer alacağı ehtimalı hələ qalır. Amma Müsavat köhnənin qalığı kimi indidən çıxdaş olunub. Müsavatın Qərbin "2015-ci il müxalifəti proyekti"ndə yer almayacağı dəqiqdir. Deməli, ənənəvi müxalifətin taktikası bu üzdən dəyişə bilər. Müsavata yaxın bloqqerlərdən birinin öz bloq yazısında Erkin Qədirlini aşağılaması, onu hətta kütləyə yaxınlığına görə İsgəndər Həmidovdan belə geri qaldığını yazması, Müsavatın ideoloji şilləvuranlardan biri Zamin Hacının Erkin Qədirlini təhqir etməsi vəziyyətin ciddiliyindən xəbər verir. Aşkar görünür ki, köhnələr yenilərin güclənməsindən qorxurlar. Köhnələr intellektcə yenilərə uduzurlar. 2015-ci ildə tamam fərqli situasiya yaranacaq, köhnələr tədricən sıradan çıxmağa başlayacaq. Yalnız bu amil, sıradan çıxmaq qorxusu ənənəvi müxalifəti daha bir dəfə birləşməyə, yenilərə müqavimət göstərməyə sövq edə bilər. Ən yaxşısı o olardı ki, ənənəvi müxalifət daxilində yeni təfəkkürlü gənclik ayrılsın və yeni qüvvələrə qoşulsun. Amma köhnə müxalifətin əlindəki maliyyə və təbliğat resursları öz sözünü deyəcək. Ənənəvi müxalifət 2015-ci ildə də yeni qüvvələrə əngəl ola biləcək. Siyasi birlik formatına gəlincə, böyük ehtimalla, İctimai Palata və ya AXCP ilə Müsavat arasından başqa bir ittifaq yaradılacaq.
Ərhun Abbas