Litvanın beyin mərkəzi Azərbaycanla bağlı hesabat yaydı

"Balanslı xarici siyasət Azərbaycanı regionun ən stabil və uğurlu dövləti edib”

Litvanın "Ronald Regan House" beyin mərkəzi "Cənubi Qafqaz 2008-2013: Gürcüstan, Ermənistan və Azərbaycanda iqtisadi və siyasi inkişaf" adlı hesabat yayıb. ANS PRESS-in məlumatına görə, "Ronald Regan House" beyin mərkəzinin direktoru Yustas Sireykanın (Justas Sireika) müəlliflik etdiyi hesabatda hər üç Cənubi Qafqaz dövlətində son beş ildə müşahidə edilən iqtisadi və siyasi vəziyyət təhlil edilir, bu ölkələrdə baş verməkdə olan əsas proseslərin hazırkı durumuna və gələcək inkişaf perspektivlərinə nəzər salınır. "Ronald Regan House" beyin mərkəzi Mərkəzi və Şərqi Avropa ölkələrində azadlıq, demokratiya, azad sahibkarlıq və səmərəli idarəetmənin inkişafı və möhləmləndirilməsinə istiqamətlənmiş tədqiqatlar aparan institutdur. Hesabatın birinci hissəsində Cənubi Qafqaz dövlətlərinin iqtisadi durumu ətraflı şəkildə təhlil edilir. Müəllif qeyd edir ki, dünya maliyyə böhranının təsiri ilə Gürcüstan və Ermənistanda iqtisadi geriləmə yaşansa da, Azərbaycan nəinki özünü böhranın mənfi təsirlərin qoruya bilmiş, hətta son illər ərzində beynəlxalq səviyyədə önəmli sərmayəçiyə çevrilib. Hesabatın Ermənistan iqtisadiyyatından bəhs edən "Ermənistan: Borc və pul köçürmələri iqtisadiyyatı" başlıqlı bölməsində ölkənin iqtisadi problemlərindən danışılır, 2009-cu il böhranı dövründə ölkənin ümumdaxili məhsulunun 14% azaldığı qeyd edilir. Bu ölkənin Türkiyə ilə tarixi mübahisələri və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsi səbəbindən iqtisadi təcrid vəziyyətində qaldığını vurğulayan müəllif, nəticədə Ermənistanın Rusiyanın yardımlarından və xaricdə, əsasən də, Rusiyada işləyən erməni miqrantların göndərdiyi vəsaitlərdən asılı vəziyyətə düşdüyü qeyd edir. İqtisadi böhranın ölkənin ixracı ilə idxalı arasındakı disbalansı artırmış və illik cari əməlliyat kəsirinin - 15,8%-ə çatmasına səbəb olmuşdur. Müəllifin fikrincə, Ermənistanın iqtisadi çətinlikləri daha çox siyasi məsələlərin nəticəsidir - Türkiyə və Azərbaycanla münasibətlərini korlayan ölkə iqtisadi təhdidlərə açıq və Rusiyanın yardımlarına möhtac vəziyyətdə qalıb.

Hesabatın "Azərbaycan: Tənəzzül dövründə inkişaf" adlanan bölməsində dünyanın iqitsadi tənəzül yaşadığı bir dövrdə ölkəmizin "neft gəlrilərindən səmərəli şəkildə istifadə etməklə iqtisadi inkişafını davam etdirdiyi və ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünn olmasına baxmayaraq əhalinin yaşayış səviyyəsinin xeyli yüksəldiyi qeyd edilir".

Müəllif vurğulayır ki, "Azərbaycan hökuməti sürətli iqtisadi inkişafdan ölkədə yoxsulluğun azaldılması üçün uğurla istifadə etmiş, 2001-ci ildə 49%-dən olan yoxsulluq səviyyəsi 2012-ci ildə 6%-ə enib". Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat qovşağına çevrilməsi istiqamətində işlər aparılır, tikintisi yekunlaşmaq üzrə olan Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Türkiyə, Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat sisteminin Avropanın nəqliyyat sistemi ilə əlaqələndirilməsi planlaşdırılır.

Regiondakı iqtisadi vəziyyətin təhlili ilə bağlı fikirlərini yekunklaşdıran müəllif qeyd edir ki, iqtisadi problemlərini xarici borclar hesabına həll etmək istəyən Ermənisanın bu strategiyası nəinki özünü doğrultmamış, əksinə nəhəng xarici borcun yığılmasına gətirib çıxarıb.

Hesabatın ikinci hissəsi hər üç Cənubi Qafqaz ölkəsinin daxili və xarici siyasi həyatında baş verməkdə olan əsas siyasi proselərinin təhlilinə həsr edilib. Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin istər daxili, istərsə xarici siyasətində ən önəmli məsələ olaraq qalmış, rəsmi Yerevan "sülhün əldə edilməsi və Azərbaycan torpaqlarının geri qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməyib". Ermənistandakı mövcud hökumət daxili və xarici siyasi strategiyasında Rusiyanın ölkədəki hərbi mövcudluğuna arxalanmağa davam etmişdir. Ermənistan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı Təşəbbüsü"ndə iştirak etsə də, 2013-cü ilin sentyabr ayında gözlənilmədən Rusiyanın irəli sürdüyü "Gömrük İttifaqı"na qoşulmaq niyyətini bəyan etmişdir. Bu addım Ermənistanın Avropa ilə inteqrasiya prosesindən kənarda qalması anlamına gəlir və Rusiyanın yeni qələbəsi kimi qiymətləndirilə bilər.

Hesabatda bildirilir ki, "Azərbaycandakı bu il baş tutacaq seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi şübhə doğurmur". Qeyd ediir ki, Azərbaycan Rusiya, İran, Türkiyə və ABŞ kimi qonşu dövlətlərlə balanslaşdırılmış siyasət yeridir.

Azərbaycanın dünyəvi müsəlman dövlət olması İranın regional maraqlarına ziddir və Tehran Azərbaycandakı dini qruplar üzərində təsir əldə etməyə çalışsa da, əsasən, uğursuz olublar. Region dövlətləri öz suverenliklərini qorumaq üçün bir-birindən fərqlənən strategiya həyata keçirməyə çalışırlar. Gürcüstan Avropa ilə yaxınlaşma xəttini üstün tutub. Təcrid vəziyyətində qalan Ermənistan isə Rusiya ilə daha da yaxınlaşmaq məcburiyyətində qalıb. Azərbaycana gəldikdə isə, müəllif vurğulayır ki, "Qərbə istiqamətlənmiş enerji ixrac strategiyası və balanslı xarici siyasət Azərbaycanı regionun ən stabil və uğurlu dövləti edib".

ANS PRESS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00