“Dünya ictimaiyyətinin Dağlıq Qarabağ məsələsində birləşdirilməsi lazımdır”
Vurğun Həsənli: “Biz bu məsələdə böyük dövlətlərin birliyini əldə etsək, Rusiyanın əl-qolu “bağlanacaq””
30 Sentyabr 2013 13:49 SiyasətSevda Türkiyənin Ankara Universitetinin doktorantı, politoloq Vurğun Həsənli Gürcüstan prezidenti Mixail Saakaşvilinin BMT tribunasında səsləndirdiyi fikirlərə münasibət bildirib. Vurğun Həsənli "OLAYLAR"a verdiyi açıqlamada qeyd edib ki, Mixail Saakaşvili regionun problemlərini dünya ictimaiyyətinə çatdırarkən həmişə diplomatik üslubdan kənar, "çılpaq" fikir bildirməyi tərcih edir. Əslində bu həqiqəti hər kəs bilir və regionun Rusiya reallığını qəbul edir. Politoloqun sözlərinə görə, ölkə rəhbərliyi səviyyəsində "Saakaşvili üslubu" kimi açıqca fikir bəyan etməkdən qaçınırlar.
Vurğun Həsənli Saakaşvilinin BMT tribunasından Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsini bizim üçün müsbət addım kimi dəyərləndirib. Lakin poltoloq Saakaşvilinin bu çıxışının nəyəsə təsir göstərəcəyini düşünmədiyini deyir.
Politoloq Vurğun Həsənli Dağlıq Qarabağ məsələsinin həllinin iki mühim yolu olduğunu qeyd edir : "Birincisi, sülh yoludur. Sülh yolu ilə həllinə nail olmaq üçün, dünya ictimaiyyətinin Dağlıq Qarabağ məsələsində birləşdirilməsi lazımdır. Müqayisə düzgün olmasa da, Liviya və Suriya məsələsində gördük. Bir məsələnin həllində böyük dövlətlərin birliyini əldə edə bilsək, Rusiyanın da məsələdə əli-qolu "bağlanacaq". Amma bildirməliyəm ki, bu elə də asan iş deyil. Xüsusən bizim xaricdə olan hər soydaşımız Qarabağ məsələsində müxalifəti-iqtidarı ilə birlikdə hərəkət etməlidir. İkinci yol isə, hərbi müdaxilədir ki, bu variantda da öncə dünya ictimaiyyəti bu mərhələyə hazırlanmalıdır. Yoxsa hər ölən erməni üçün erməni lobbisi tərəfindən qətliam şüvənliyi qalxacaq və dünya ictimaiyyətinin qınağı biz haqlı ikən bizə yönələcək".
Vurğun Həsənli qeyd edir ki, bizim bu cür yavaş templə Dağlıq Qarabağ məsələsində radikal dəyişiklik edə biləcəyimiz real görsənmir. Daha çox çalışmalı, məsələni daha çox insanın diqqətinə çatdırmalıyıq.
Politoloqun sözlərinə görə, dünya ictimaiyyətinin diqqətinə çatdırarkən belə ajiotatik bir yol seçilməməlidir. Hər region, hər ölkə üçün fərqli format seçilməlidir. Vurğun Həsənlinin sözlərinə görə, hər bir ölkə xalqı nəyi sevirsə, o yolla çatdırılmalıdır. Yoxsa istənilən nəticə alına bilməz. Məsələn, Yaponiyada Dağlıq Qarabağ həqiqətlərini bizim anlayışımızla çatdırsaq uğur qazana bilmərik. Çünki o cəmiyyətdə məlum atom bombası hadisəsindən sonra müharibəyə nifrət böyükdür. Onlar müharibə ilə bağlı hər hansısa məlumat dinləmək istəmir. Yaponlara çatdırarkən Qarabağ mədəniyyətindən başlanılıb sülhsevərlik istiqamətində bir yol seçilməlidir. Yaxud dəqiq araşdırılma aparılıb məntiqli bir yol seçilməlidir.
Gənc politoloq son olaraq qeyd edir ki, hər zaman, hər yerdə, hamımız Qarabağ üçün çalışmalıyıq. Çalışmalıyıq ki, Qarabağ Ermənistan dövlətinin qurulduğu köhnə Azərbaycan torpaqları kimi itirilməsin.