Almaniyada yaşayan soydaşlarımız Bundestaqa etiraz məktubu göndərib
30 Sentyabr 2013 13:32 SiyasətAlmaniya Bundestaqının üzvü Yürgen Klimkenin Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinə - Dağlıq-Qarabağ Muxtar Vilayətinə qeyri-leqal səfəri Azərbaycan ictimaiyyətinin, eləcə də Almaniyada yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, bununla əlaqədar Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi Almaniya Bundestaqına etiraz məktubu ünvanlayıb. Məktubda deyilir ki, Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin bu addımı BMT və Avropa Parlamenti tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən qətnamələrə ziddir. Dağlıq-Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu regiona edilən bütü səfərlər Azərbaycanın idarə orqanları tərəfindən tənzimlənməlidir. Məktubda həmçinin bildirilir ki, Yürgen Klimkenin Dağlıq-Qarabağa qanunsuz səfəri Azərbaycanın ərazi bütövlüyünü tanıyan Almaniya Federativ Respublikasının da siyasətinə ziddir. Onun heç bir ölkə tərəfindən tanınmamış "qondarma respublikanın qondarma hökümət başçısı" ilə görüşü, nəinki beynəlxalq hüquq normalarının pozulması və aqressorlara bəraət qazandıran bir hərəkət kimi, eləcə də Avropa İttifaqının, ümumiyyətlə, beynəlxalq qüvvələrin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətə qarşı atılan bir addım kimi qiymətləndirilə bilər. Bu isə Cənubi Qafqazda hökm surən murəkkəb munasibətləri daha da gərginləşdirir və sülh danışıqlarına zərbə vurur. AAKM Almaniyada yaşayan azərbaycanlılar adından bu cür təhrikedici hərəkətlərin gələcəkdə qarşısının alınmasının zəruri olduğunu vurğulayır və hesab edir ki, belə bir nəzarət Azərbaycanın Avropa ölkələri, xüsusilə də Almaniya ilə münasibətlərinin, əməkdaşlığının daha da inkişaf etməsinə yardım etmiş olar.