“Saakaşvilinin çıxışını Çörçilin çıxışı ilə müqayisə etmək olar”-POLİTOLOQ
Elman Nəsirov: “Saakaşvilinin çıxışını qeyri-rəsmi şəxsin çıxışı kimi də qiymətləndirənlər var”
30 Sentyabr 2013 13:11 SiyasətBMT-nin 68-ci sessiyası zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın ünvanına sərt sözlər səsləndirib. Prezident çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Gürcüstan prezidentinin çıxışına siyasi elmlər doktoru, professor Elman Nəsirov münasibət bildirib.
Elman Nəsirov "OLAYLAR"a verdiyi açıqlamada qeyd edib ki, BMT-nin 68-ci sessiyasında Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı həm Rusiya mətbuatında, həm də beynəlxalq mətbuatda çox ciddi rezonansa səbəb olub. Xüsusilə də nəzərə alsaq ki, Gürcüstanda oktyabrın 27-si prezident seçkiləri keçiriləcək və bu seçkilərdən Gürcüstan qanunvericiliyinə müvafiq olaraq Mixail Saakaşvilinin növbəti dəfə prezident olmaq hüququ yoxdur. Elman Nəsirov hesab edir ki, belə olan təqdirdə Mixail Saakaşvilinin indiki halda BMT-də çıxışı üçün daha əl-qolu daha çox açıqdır və o öz fikirlərini sərbəst ifadə etmək üçün daha yaxşı imkanlara malikdir.
Gənc professorun sözlərinə görə, Gürcüstan prezidentinin bu çıxışı 1946-ci il mart ayının 5-də Çörçilin Fulhemdəki çıxışı ilə də müqayisə edilə bilər. Lakin politoloq bu müqayisəni bir qədər qüsurlu hesab edir. Elman Nəsirov eyni zamanda qeyd edir ki, o zaman Çörçill də ölkənin baş naziri deyildi və çıxış etmək üçün daha sərbəst idi. İndi Mixail Saakaşvili prezident olsa da belə çox qısa zamandan sonra prezidentlik postundan gedəcək. Buna görə də onun çıxışını qeyri-rəsmi şəxsin çıxışı kimi də qiymətləndirənlər var.
"Mixail Saakaşvili BMT tribunasındakı çıxışında Rusiyanı çox kəskin tənqid hədəfinə çevirib və bu tənqid hədəfinin əsas mahiyyəti ondan ibarətdir ki, Rusiya postsovet ölkələrinə münasibətdə təzyiq və təhdid siyasətini həyata keçirir. Konkret olaraq isə o qeyd edib ki, Rusiya Ukrayna, Moldova, Ermənistan, Azərbaycan kimi dövlətlərin güclənməsini heç bir halda istəmir. Bunun da əsas səbəbi onunla bağlıdır ki, bu ölkələr güclənərsə Rusiyanın monopoliyasından və təsir dairəsindən çıxmış olar. Belə olan vəziyyətdə onların Avropa İttifaqına inteqrasiyası sürətlənə bilər. Rusiyanın da əsas niyyəti bu dövlətlərin Avropa İttifaqına inteqrasiyasına mane olmaqdır" deyə Elman Nəsirov fikirlərini bildirib.
Elman Nəsirov Gürcüstan prezidentinin Dağlıq Qarabağ münaqişəsinə də toxunduöunu qeyd edib: "Saakaşvili bu çıxışı zamanı münaqişələrlə də bağlı məsələyə toxunub. Bu zaman Ermənistan-Azərbaycan münaqişəsi barədə də öz fikirlərini səsləndirib. Mixail Saakaşvilinin fikrincə heç bir halda Rusiya rəhbərliyi və konkret olaraq Putin Ermənistan -Azərbaycan müharibəsində nə Ermənistanın, nə də ki Azərbaycanın qalib gəlməsini istəmir. Saakaşvilinin fikrincə, bu gün Putin üçün tərəflərdən heç birinin üstünlük qazanması lazım deyil. Ona görə də tərəflər arasında gərginliyi saxlamaq istəyir. Çünki münaqişə həllini taparsa həmin respublikalar Rusiyadan uzaqlaşacaq və onların yolu Avropaya meyllənəcək".