AXCP-nin Milli Şura planı - SİYASİ ŞƏRH

Cəbhəçilər Müsavat qarşısında “ya Arifoğlu, ya Şura” şərtini qoyacaq

Prezident seçkilərinin qızğın çağı olsa da, Milli Şura daxilində, daha dəqiq desək, Müsavatla Milli Şura partiyaları arasında rəqabət mətbuat, sosial şəbəkələrə yansıyıb. Əvəz Temirxan, Rəsul Quliyev,  Eldəniz Quliyevin ardınca, AXCP funksionerləri Müsavatı xəyantdə suçlamağa başlayıblar. Narazılıq bu dəfə Pənah Hüseynlə Rauf Arifoğlunun Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin vəkili təyin olunması ilə başlanıb. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı facebook sosial şəbəkəsində gənc fəalların ona yazdığı iradlara belə cavab verib: "Gənc dostlar, Milli Şuranın üzvüyəm deyə, Rauf Arifoğlu ilə Pənah Hüseynin vəkilliyinə görə təəssüflərinizi, məyusluğunuzu mənə yazmayın. Bu adamlarla bərabər vəkil olmağı mən də sizin kimi qiymətləndirirəm. Qəti tərəfdarıyam ki, bu adamlarla bir dəfəlik üzülüşmək lazımdır". Əbülfəz Qurbanlının fikrincə, heç partiya rəhbərliyi də onların vəkil olmasını istəmirmiş: "Bu adamların vəkilliyini inanmıram ki, AXCP rəhbərliyi də istəsin. Ancaq nə edək? Biz koalisiya qurmuşuq, ümumi birlik naminə güzəştlər olur. Olan olub, bu adamlara vaxt ayırmaqdansa, diqqəti mitinqə, namizədimizin təbliğinə həsr edək".

Göründüyü kimi AXCP rəhbərliyinin Pənah Hüseynə və Rauf Arifoğluna dözümü seçkiyə qədər olacaq. Xatırladaq ki, Pənah Hüseynin adı keçsə də, əsas hədəf Rauf Arifoğludur. Milli Şuranın vahid namizədinin dəyişməsi, qurumun zəifləməsi, ACP və ALP liderlərinin Şuradan çıxması faktiki olaraq Rauf Arifoğlunun xidmətidir. Baş yazar işini bitmiş sayıb, Türkiyəyə yollanıb. Rauf Arifoğlu hesab edir ki, o Müsavatı böyük bir bəladan, parçalanmadan qoruyub. Amma bu indiki halda belədir. Seçkidən sonra mümkün olmayacaq. Çünki Milli Şuranın bütün üzv partiyaları faktiki olaraq Müsavata qarşıdır. Müsavat onsuz da məcburən Milli Şuraya daxil olmuşdu.  İsa Qəmbər üçün ötən altı ay bəlkə də siyasi karyerasının ən çətin dövrü oldu. O istəməyərək Şuraya daxil oldu, gah Şuranı Rauf Arifoğlundan qorudu, gah da Müsavatı AXCP-dən. Şuranın yaranması Müsavatın birliyə girməsi ilə mümkün olsa da, qurumun zəifləməsi də Müsavatın zərbələri ilə mümkün oldu. AXCP, El hərəkatı bunu unutmayıb. AXCP funksionerlərinin açıqlamaları göstərir ki, seçkidən sonra vəziyyət Müsavat üçün yaxşı olmayacaq. Milli Şura daxilində onsuz da Müsavat əleyhinə ittifaq var. Seçkidən sonra bu ittifaq daha da güclənəcək. Müsavat əleyhinə koalisiya yaranacaq. Sızan xəbərlərə görə,  AXCP, ACP, ALP, El hərəkatı Müsavat qarşısında Rauf Arifoğlunun partiyadan çıxarılması məsələsini qoyacaq. Xatırladaq ki, 2005-ci ildə Müsavat AXCP qarşısında "Azadlıq" blokunda müttəfqilik qarşılığında Asim Mollazadə və Əliməmməd Nuriyevin partiyadan çıxarılması məsələsini qoymuşdu. AXCP bu şərtləri yerinə yetirdi və blok yarandı. Bu dəfə şərt qoyan tərəf AXCP-dir. Bəs bu şərt qoyularsa, Müsavat hansı addımı atacaq? İsa Qəmbər baş yazardan imtina edə bilər. Amma o halda, partiya ciddi itkilərlə üzləşəcək. Böyük bir təbliğat ruporundan məhrum olacaq. İsa Qəmbəri AXCP ilə savaş yolunu seçməsi isə özünün siyasi karyerası üçün fəsadlar doğuracaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00