“Müxalifətin sosial bazası dağınıq haldadır”-MİLLƏT VƏKİLİ

Musa Qasımlı: “Əlikram Hümmətov Azərbaycan xalqının və dövlətinin düşmənidir”

Milli Məclisin deputatı, professor Musa Qasımlı Milli Şuranın mitinqlərinin sönük keçməsi və xalqdan yetərincə dəstək almaması barədə fikirlərini "OLAYLAR"a bildirib.
Professor qeyd edib ki, müxalifətin mitinqlərinin sönük keçməsinin, sosial bazasının zəif olmasının bir çox səbəbləri var. Hər şeydən əvvəl bu mitinqlər göstərdi ki, müxalifətin ideyası və konkret layihələri yoxdur.  Musa Qasımlının sözlərinə görə, seçki kampaniyasını quru vədlər və tənqidlər üzərində qurmaq uğur gətirmir. Artıq Azərbaycan xalqı da 80-ci illərin xalqı deyil, hər şeyə dəqiq qiymət verməyi bacarır. Professor hesab edir ki, bu gün müxalifətin həm təşkilatı strukturu, həm sosial bazası dağınıq haldadır. Onun sözlərinə görə, müxalifətin ideya və layihələri yoxdur və bu səbəbdən də xalq içərisində dəstək qazanmır.
Millət vəkili qeyd edir ki, xalq içərisində dəstək qazanmayan bir təşkilatın keçirdiyi mitinqlər heç şübhəsiz sönük olmalıdır.
Professor Musa Qasımlı Əlikram Hümmətovun Ermənistana səfəri Azərbaycan xalqına qarşı xəyanət hesab edir: "Əlikram Hümmətov Azərbaycan xalqının və dövlətinin düşmənidir. Onun hərəkətləri Azərbaycana xəyanətdən başqa bir şey deyil. Daima Azərbaycana xəyanət etdiyinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb. Hesab edirəm ki, öz mənsub olduğu qrupun maraqlarını Azərbaycana düşmən olan dövlətin ayaqları altına atıb. Əlikram Hümmətovun hərəkətləri Azərbaycan xalqını və Azərbaycanı alçaltmağa xidmət etməkdən başqa bir şey deyil".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00