Müxalifətdə pul və villa davası: Əli Kərimlidən cavab gözləyirlər
27 Sentyabr 2013 11:00 Siyasət"Əli Kərimli 8 milyon manatı necə qazandı və xərclədi..." başlıqlı araşdırmanın "Virtual Azərbaycan" saytında dərc olunmasından sonra sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin varidatı və əmlakı ilə bağlı gərgin mübahisələr başlanıb.Milli.Az bildirir ki, jurnalist Eynulla Fətullayevin məqaləsində AXCP sədri Əli Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Rafiq qızı Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları keçir.Məqalədə deyilir: "Məlum olur ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan Azərbaycan reallığında (yeri gəlmişkən, təkcə Azərbaycan yox, elə Qərb reallığında da!) fantastik görünən məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar. Özü də nağd şəkildə...Bu qədər pul Əli Kərimliyə haradan gəlib? O, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib. Bizneslə məşğul deyil. Nə o, nə də AXCP beynəlxalq fond və təşkilatlardan qrant almayıblar. Bəs bu qədər maliyyə vəsaiti Ə.Kərimliyə hansı mənbələrdən gəlib?Milli Təhlükəsizlik Nazirliyi 2012-ci il, martın 27-də Ə.Kərimlinin qaynı Elnur Seyidovu həbs etməklə bu suallara qismən cavab verib. Elnur Seyidov "Texnikabank"da çox qəribə və müəmmalı şəkildə yüksək post tuturdu. O ta həbs olunduğu günə qədər bu bankın ən böyük filialı sayılan Yasamal filialının rəis müavini vəzifəsini daşıyırdı. E.Seyidov 2011-ci il yanvarın 28-dən 2012-ci il fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb. Bəs bu pullar kimə və hara göndərilib? Bu, çox böyük sualdır. Məlumatlı mənbələr deyirlər ki, nəqdləşdirilmiş bu pulun xərclənən hissəsini hətta istintaq da müəyyən edə bilməyib.Lakin bunlar da hələ hamısı deyil. Əli Kərimlinin hələ heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il, sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində "Texnikabank"da 75 min funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparıb.Mötəbər mənbələrin verdiyi informasiyaya görə, Əli Kərimli 2008-ci ildə "Texnikabank"ın Yasamal filialından 145 min manat məbləğində kredit götürüb. Despotik ölkədə ədalət, demokratiya uğrunda mübarizə aparan baş müxalifətçi bu kredit borcunu cəmisi bir neçə ayın içində çox asanlıqla, yəni heç bir ləngimə və problem olmadan ödəyib qurtarıb. Yeri gəlmişkən, özü də təkcə öz borcunu da yox! Əli Kərimli oğlu Türkel Kərimlinin də 20 min 640 funt-sterlinq və 12147 manatlıq iki kredit borcunu ödəyərək borc hesablarını bağlayıb. Bəs bunu hansı mənbələr hesabına edib? İşsiz müxalifətçi bu 200 min manatı qəfildən haradan tapmışdı? Və Əli Kərimli inanılmaz məbləğdəki bu yekə pulları nəyə xərcləmişdi?"Eynulla Fətullayev daha sonra bildirir ki, 2009-cu ilin sentyabrında isə Əli Kərimli dünyanın ən nəhəng və aparıcı banklarından biri olan "Barklays Bank PLC" bankında oğlunun - yenə həmin Türkel Kərimlinin adına hesab açdırıb. Türkel Kərimli elə həmin il də Böyük Britaniyanın çox nüfuzlu və bahalı ali məktəbi olan "S.T.Edwards School"un tələbəsi olur. Əli Kərimli 2009-cu il, iyulun 29-dan etibarən oğlunun "Barklays Bank PLC" bankındakı hesabına böyük məbləğlərdə pullar köçürməyə başlayır. Ölkənin heç yerdə işləməyən baş müxalifətçisi iyulun 29-da 30 min funt-sterlinq məbləğindəki ilk tranşı göndərir."Yüz minlər və milyonlar təkcə Kərimlinin özünün yox, onun həm də müavinlərinin bank hesablarında ora-bura "hoppanır". Məsələn, AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynovun "Rabitəbank"ın Sumqayıt filialında babat bank hesabı var. 2013-cü il mayın 15-də Hüseynovun bank hesabında qəfildən "yağlı" bir məbləğdə pul peyda oldu - 46 min 464 manat! QHT-lərə Dövlət Dəstəyi Şurasından Əli Kərimlinin hakimiyyəti davamlı tənqid edən digər müavini İlham Hüseynlinin "Əmrahbank"dakı hesabına isə 4 min manat köçürülüb.AXCP Rəyasət Heyətinin digər üzvü Rövşən Quliyev isə mebel istehsalı ilə məşğuldur. Rövşən Quliyevin özünün xırda mebel fabriki, Hacıqabulda mebel mağazası, "Toshiba" elektirk malları satışı mağazası, "Yeganə" şadlıq evində mebel salonu var. Hər iki azərbaycanlıdan biri belə ciddi biznesi yalnız arzulaya bilər, elə deyilmi?!" - məqalədə yazılır.Bəhs etdiyimiz iddialarla bağlı AXCP funksionerləri dünən Facebook-da çoxsaylı suallara "hədəf" olublar.Həmin suallar arasında ən "yumşaq" təsir bağışlayanı "Əli Kərimli şəffaf və transparent siyasətdən danışırsa, qanunsuz gəlirlərinin olmadığını deyirsə, onda belə pullar, dəbdəbəli villa, zənginlik haradandır, varidatın mənbəyi nədir?" kimi səslənib.AXCP funksionerləri iddiaları "avantüra, heç bir əsası olmayan təxribat" adlandırsalar da, suallar səngimir.AXCP-nin mətbuat katibi Natiq Ədilov Facebook-dakı profilində dünən bir qədər emosional şəkildə yazıb: "Eynulla Fətullayevin AXCP sədri barədə yazdığı məqalə ilə sual çox gəlir. Çox təəssüf, ictimai etimadını sıfırın altına qədər salmış bu adamın yazısı cəmiyyətdə reaksiya doğura bilir.Mən düşünürdüm, dostlar gülər və ya başqa emosional formada Eynullanı yad edib bu yazının üstündən keçər.Amma nəzərə alaraq ki, bu dəfə qara piarda konkret rəqəmlər, bank adları çəkilir, ev şəkilləri, filan var, hansısa təcrübəsiz adamlarda sual yarana bilər. Ona görə də mənbə nə qədər qeyri-ciddi olsa da, rəsmi təkzib verəcəyik. Hələlik isə deyim ki, yazıdakı "ən böyük sübut" fotosu olan ev Əli bəyə aid deyil.Qısa deyim, yazılanlar tam yalandır. Bax, fərq də budur. Eynullanın ağır günündə Əli Kərimli və onun əqidədaşları bütün ictimai qınağı üzərinə götürərək ona, ailəsinə həyan olmuşdu. Bu isə Eynulladır. Hər kimdir,cəhənnəm olsun, əsas məqam budur: Dostlar, o məlun yalan yazır, böhtan atır".Fəqət, belə emosional və sərt statusdan sonra suallar daha da artıb. Facebook-da Əli Kərimlinin varidatı ilə bağlı iddialara dəqiq cavab istəyənlər arasında gənclər total üstünlük təşkil edirlər.