Nazir Elmar Məmmədyarov “Xəzər Forum”nun işinə qatılmış və çıxış edib

Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində "Xəzər Forum"nun işinə qatılmış və çıxış etmişdir. Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya və Albaniya xarici işlər nazirləri, həmçinin ABŞ-ın Beynəlxalq Enerji Məsələləri üzrə Səfiri və Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi iştirak etmişlər.

Nazir Elmar Məmmədyarov öz çıxışında Azərbaycanın enerji strategiyası barədə ətraflı məlumat vermiş və regional enerji layihələrinin əhəmiyyətini vurğulamışdır. Nazir qeyd etmişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və siyasi iradəsi ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməli qoyulmuş və "Əsrin Müqaviləsi"nin imzalanması ilə reallaşmağa başlayan enerji dəhlizi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlarla daha da genişlənmiş və şaxələnmişdir.   Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışan nazir Elmar Məmmədyarov, TANAP və TAP layihələri, eləcə də bu layihələrin iştirakçısı olan ölkələr üçün strateji əhəmiyyətini qeyd etmişdir. Nazir bu layihələrin region dövlətlərinin iqtisadi tərəqqisi və sabitliyinin təmin olunmasında oynadığı roldan söz açmışdır. OLAYLAR

Ermənistan-Azərbaycan münaqişəsinin regional inkişafa mane törətdiyini qeyd edən nazir, bu münaqişənin tezliklə həllinin vacib olduğunu və bunun üçün ilk növbədə Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının, etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş insanların geri qayıtmasının zəruri olduğunu xüsusi vurğulamışdır.

Elmar Məmmədyarov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnamənin tələblərini yerinə yetirməyən Ermənistan, öz işğalçı siyasəti nəticəsində regionun bütün strateji layihələrindən kənarda qalmışdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00