“Gürcülər Saakaşvilinin getməsinə razıdır” - FİKİR
“Gürcüstanın təhlükəsizliyinin qorunmasında, iqtisadiyyatına yatırımların edilməsində Azərbaycanın əhəmiyyətli mövqeyi var”
26 Sentyabr 2013 15:44 SiyasətPolitoloq Razi Nurullayev Gürcüstanda keçiriləcək prezident seçkisi barədə fikirlərini bildirib. Politoloq fikirlərini bildirərkən bunları qeyd edib: "Gürcüstanda keçiriləcək prezident seçkilərindən sonra vəziyyətin stabillikdən çıxması və qarışıqlığın yaradılması mümkün deyil. Çünki Bidzina İvanişvilinin hakimiyyəti dönəmində xalq arasında ciddi narazılıq yaranmayıb. "Gürcüstan Arzusu" Koalisiyasının daxildə kifayət qədər yüksək reytinqi var. Bununla yanaşı, prezident Mixail Saakaşvilinin də reytinqi düşməkdə davam edir. Gürcülər Saakaşvilinin getməsinə razıdır".
Politoloqun sözlərinə görə, seçkilərdə əsas mübarizə "Gürcü Arzusu" Koalisiyası ilə Saakaşvilinin Milli Hərəkatı arasında gedəcək. Amma, Saakaşvili İvanişvili ilə mübarizədə yenə də məğlub olacaq. Dünya ictimaiyyəti və dünya birliyi Gürcüstanda keçiriləcək seçkilərin nəticələrini əvvəlcədən bilir.
Razi Nurullayev prezident seçkilərinin nəticələrinin Gürcüstan-Azərbaycan münasibətlərinə edə biləcək təsirindən də danışıb: "Son zamanlar payızda keçiriləcək seçkilərdən sonra bu ölkədə Azərbaycan əleyhinə olan qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı söylənilir. Gürcüstanda hansı qüvvənin hakimiyyətə gəlib-gəlməməsindəna asılı olmayaraq Azərbaycanla heç bir halda çilingağac oynaya bilməz, Azərbaycanla diktə halında danışa bilməz. Bu ilk növbədə gürcülərin milli maraqlarına cavab verməyən haldır. Gürcüstanın təhlükəsizliyinin qorunmasında, iqtisadiyyatına yatırımların edilməsində Azərbaycanın əhəmiyyətli mövqeyi var. Azərbaycan Gürcüstana ən çətin vaxtlarında - Rusiyanın təzyiqlərinə baxmayaraq kömək edib, siyasi və iqtisadi güzəştlərə gedib, bu gün də Gürcüstana investisiya yatıran ölkələr arasında Azərbaycan öndədir. Amma Azərbaycanın sərmayələrinin, gördüyü işlərin, həyata keçirdiyi layihələrin şəffaf olması ilə bağlı gürcülər arasında bir narahatlıq var və bu həmişə gündəmdə qalmaqda davam edəcək".
Politoloq həmçinin qeyd edir ki, Azərbaycan bu ölkənin bir sıra beynəlxalq əhəmiyyətli layihələrinin reallaşdırılmasında önəmli rola malikdir. Eyni zamanda, Azərbaycan Gürcüstanın dünyada əhəmiyyətli təchizat ölkəsinə çevrilməsində əsas pay sahibidir. Razİi Nurullayev hesab edir ki, seçkilərdən sonra hakimiyyətə gələn qüvvənin Azərbaycanla başqa dildə danışması inandırıcı deyil. Politoloq həmçinin qeyd edir ki, Gürcüstanın Azərbaycandan üz döndərməsi gürcülərə baha başa gələ bilər və bunun üçün də heç bir əsas və məntiq yoxdur("OLAYLAR").