UNUTSAQ UNUDULARIQ

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistandan və xarici dövlətlərdən güclü dəstək alan erməni quldur dəstələrinin Qarabağda törətdyi 28 böyük qırğınlar nəticəsində Xankəndinin də tarixinə məşum anlar yazılıb. Azərbaycanın yüzlərlə yaşayış məntəqəsinin, o cümlədən Qarabağda 150-dən çox   dağıdılmış və yandırılmış yaşayiş məntəqələrinin sırasında Xankəndi də ərazi iddialı ermənilərin cinayətkar etnik təmizləmə siyasətinə məruz qalıb. Xan babalarımızın yadigarı və əmanəti olan dədə-baba torpaqlarımızda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, amansız işgəncələrin qurbanı olublar. 

Yerli azəbaycanlı əhalinin erməni terrorçuları tərəfindən görünməmiş vəhşiliklərə məruz qalması ilə yanaşı Xankəndi ətrafındakı azərbaycanlı kəndləri də dağıdılıb, yandırılıb və talan edilib. Yaşa və cinsə fərq qoyulmadan dinc əhaiyə divan tutulması isə insanlıq adına düşən ləkədir.    

İşğaldan öncə - 1970-ci illərdə Xankəndidə yaşayarkən  atamın dayısı - sağlam, dağ cüssəli, eşmə bığı və qızarmış gözləri ilə qəhrəmanlıq mücəssəməsi kimi hafizəmdən silinməyən  Məcid Həsənovla Xankəndinin qurtaracağındakı evlərində hər dəfə görüşəndə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər haqqında söhbətlərini maraqla, həm də ürək ağrısı ilə dinləyirdim. Xalqımın başına gələnlər uşaq qəlbimi göynədirdi. 

...Ermənilər 1918-ci ildə Xankənddən 10 km aralıda yerləşən Kosalar kəndinə Ballıca kəndindən hücum edərkən, düşmənin ilk hədəfi Canhəsən kəndi olub. Məcid Həsənovun ata və anası - Məşədi Əbdül kişi ilə Növrəstə xanım ilk olaraq azğınlaşmış ermənilərin hücumuna ilk məruz qalanlardan idilər. Onlar hücüm edən silahlı ermənilərə bir yerdə duz-çörək kəsdiklərini mehribanlıqla xatırladaraq düşmənçiliyə son qoymağa çağırıblar. Türk qanına susamış düşmən isə əvvəl Növrəstədən hansı əli ilə çörək verdiyini soruşaraq onun sağ və sol qolunu, sonra isə Məşədi Əbdüllə birgə başlarını kəsiblər. Sonra isə digər qanlı cinayətlər törədərək,  kəndi yandırmaqdan çəkinməyiblər.

Valideynlərinin faciəli ölümündən sonra Məcid Həsənov "qisası qiyamətə saxlamayıb". Mütəmadi olaraq təkbaşına Ballıca kəndinin yaxınlığındakı qoz ağacına dırmaşaraq tüfəngi ilə qəlbi soyuyanadək düşmən tərəfnin itgilərə məruz qoyub. Üç gün, beş gün, bir ay ermənilər ha cəhd göstərsələr də, Məcid kişini zərərsizləşdirə bilməyiblər, əksinə itki veriblər. Nəhayət, başını və silahını gətirənə böyük mükafat vəd ediblər. Hiyləgər ermənilərdən biri vəd olunmuş mükafata sahib çıxmaq üçün hardansa ələ keçirdiyi başqa bir silahı Simon adlı başçılarına təqdim edib. Ancaq Məcid kişi igidliyi ilə tanındığı kimi, onun silahı da tanındığı üçün  bu yalan baş tutmayıb.

...Ermənilərin törətdikləri cinayətlər haqqında Məcid kişinin söhbətlərini mən eşidəndə hələ ki "dünyanın düz vaxtı", saxta "xalqlar dostluğu"nun dəbdə olan vaxtı idi. Buna baxmayaraq, Məcid kişi həmişə təkrar-təkrar deyirdi ki, bu ermənilərə heç vaxt bel bağlamayın, etibar etməyin, fürsət düşən kimi düşmənçiliklərini davam etdirəcəklər...

Yeri gəlmişkən qeyd edim ki, Məcid Həsənovun nəvələrindən Rövşən Muradov Şuşa rayon prokuror vəzifəsində xidmət edərkən vilayətin millətçi rəhbərliyinin haqsız tələblərinə əməl etməyindən vəzifəsindən kənarlaşdırılıb, digər nəvəsi - Şuşa rayon polis şöbəsinin rəisi Faiq Muradov isə Birinci Qarabağ müharibəsində şəhid olub.

Dediklərin doğru çıxdı, Məcid Həsənov: mənfur erməni seperatçıları sənin ölümündən sonra - 30 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı ən qatı cinayətləri törətdilər. Amma ruhun şad olsun ki, Azərbaycanın sənin kimi düşmən qarşısından qaçmayan igid oğulları Qarabağı yağılardan təmizlədilər. 

Hikmət Cəmil Xuduyev

Əməkdar jurnalist,

Tarix üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31