Azərbaycan neft və qazla yanaşı, bərpa olunan enerji resursları ilə də zəngindir - Selim Güven
19:07 İqtisadiyyatAzərbaycan yalnız neft və qazla deyil, həm də bərpa olunan enerji resursları ilə zəngindir.
Olaylar xəbər verir ki, bu barədə "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrə baş meneceri Selim Güven cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar"adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, bu resurslar, ölkənin coğrafi mövqeyi onu Mərkəzi Asiyadan Cənubi Qafqaza, Türkiyəyə və oradan da Avropaya uzanan bağlantı nöqtələrinin mərkəzinə gətirir.
"Buna görə də, investor nöqteyi-nəzərindən məsələ təkcə konkrеt bir layihədən getmir. Söhbət bazarlara çıxışdan və regiondakı strateji planlarınızı tamamlayan bir ekosistemin yaradılmasından gedir. Bu baxımdan, "ACWA Power" nöqteyi-nəzərindən Azərbaycan regional strategiyalarımızın və biznes planlarımızın mərkəzi, əsas hissəsidir.
"ACWA Power"ın Azərbaycandakı maliyyələşdirilə bilən investisiya layihələrindəki təcrübəsinə gəlincə, biz Azərbaycandakı investisiya hazırlıqlarına və fəaliyyətlərimizə 2020-ci illərin əvvəllərində başlamışdıq", - deyə o bildirib.
S.Güven əlavə edib ki, bərpa olunan enerji layihələrinin strateji əhəmiyyəti karbonun azaldılmasına keçidin bir hissəsidir. Lakin bu layihələr resursların şaxələndirilməsi ilə yanaşı, həm də resurs təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-"Ambrosetti"nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.