Azərbaycanda ailə institutu dəyişir: Ailələr niyə uşaq dünyaya gətirmək istəmir?
22:40 SosialBir vaxtlar daha çox ailədaxili və sosial müzakirələr çərçivəsində gündəmə gələn abort məsələsi son illərdə Azərbaycanda artıq demoqrafik göstəricilər fonunda da diqqət çəkən mövzulardan birinə çevrilir. Rəqəmlər göstərir ki, ölkədə hamiləliyin süni şəkildə sonlandırılması halları əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Bu artım yalnız ayrı-ayrı ailələrin verdiyi qərar kimi deyil, ümumilikdə cəmiyyətin ailə, nikah, valideynlik və gələcək planlarına münasibətində baş verən dəyişikliklər kontekstində də müzakirə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycanda 27,5 min abort qeydə alındığı halda, 2024-cü ildə bu rəqəm 78,2 minə yüksəlib. Həmin dövrdə hər 100 doğuşa düşən abortların sayı da 16,7-dən 77,4-ə çatıb. Bu dinamika məsələyə yalnız tibbi statistika kimi yanaşmağı kifayət etmir. Çünki hamiləliyin sonlandırılması qərarının arxasında müxtəlif səbəblər dayana bilər və hər bir hadisəni eyni səbəblə izah etmək mümkün deyil. Mövzunun digər tərəfi isə qadın sağlamlığı ilə bağlıdır. Hamiləliyin sonlandırılması tibbi prosedur olduğu üçün onun həyata keçirilmə şəraiti, həkim nəzarəti, qadının sağlamlıq vəziyyəti və sonrakı tibbi müşahidə kimi məsələlər də diqqətdən kənarda qala bilməz. Buna görə abortların sayındakı dəyişiklik yalnız "nə qədər abort edilib?" sualı ilə məhdudlaşmamalı, eyni zamanda bu qərarların hansı sosial və tibbi şəraitdə verildiyi də araşdırılmalıdır. Bəs bu artımın əsas səbəbləri nələrdir? İnsanlar əvvəlki illərlə müqayisədə niyə daha çox belə qərar verir? Maddi vəziyyət, ailə münasibətləri və gələcək planlar bu prosesdə hansı rolu oynayır?
Mövzunu Olaylar.az-a şərh edən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, son illər qonşu ölkələrdə olduğu kimi, ümumiyyətlə, dünyada gedən bir proses öz çılpaqlığı ilə Azərbaycanda da cəmiyyəti həyəcanlandırmağa başlayıb. Bu prosesin bir çox tərəfləri var və onun müxtəlif sosial, iqtisadi, demoqrafik və ailəvi səbəbləri mövcuddur. Lakin məsələnin mahiyyətini daha düzgün izah etmək üçün, ilk növbədə, müstəqillik dövründə ölkədə baş verən demoqrafik prosesləri bir qədər yada salmalıyıq. Çünki bu gün müşahidə etdiyimiz vəziyyət birdən-birə yaranmayıb və onun müəyyən tarixi mərhələləri var. Vaxtilə selektiv abortlar, yəni planlı şəkildə dünyaya qız uşağı gəlirdisə, onun tələf edilməsi prosesi Azərbaycanda geniş yayılmışdı. Bu, ailələrdə oğlan uşağına üstünlük verilməsi ilə bağlı müəyyən mental yanaşmaların nəticəsi idi. Bununla bağlı rəsmi xəstəxanalarda aparılan abortlara aid statistik məlumatlar var idi. Lakin həmin statistika məsələnin bütün mənzərəsini əks etdirmirdi. Çünki hələ qeyri-rəsmi, yəni kəndlərdə, rayonlarda yaşayan və ara mamaçaların köməyi ilə uşaqları saldıran insanların həyata keçirdiyi abortların statistikasını heç kim aparmırdı. Bu səbəbdən həmin dövrdə real rəqəmlərin rəsmi göstəricilərdən daha yüksək olması ehtimalı da mövcud idi. Amma fakt odur ki, rəsmi abortlar məhz ailədəki mental dəyərlərə görə, "yeddi oğul istəyən bir-iki qız gəlin" düşüncəsi fonunda Azərbaycan cəmiyyətində çox böyük rezonans yaradırdı. Oğlan uşağının ailənin davamçısı kimi qəbul edilməsi, qız uşağına münasibətdə isə fərqli yanaşmaların mövcud olması bu problemin əsas sosial tərəflərindən biri idi. Bu məsələ zaman keçdikcə təkcə ayrı-ayrı ailələrin problemi olmaqdan çıxaraq cəmiyyətin müzakirə etdiyi ciddi məsələlərdən birinə çevrildi. Ona görə də həm dövlət qurumları, həm kütləvi informasiya vasitələri, həm ziyalılar, həm də geniş cəmiyyət buna qarşı maarifçilik işləri apardılar və sosial etirazlarını bildirdilər. Məsələnin ictimai müzakirəyə çıxarılması ilə yanaşı, insanlarda bu yanaşmanın fəsadları ilə bağlı müəyyən təsəvvür formalaşdırılmasına da çalışıldı. Hətta qanunvericilikdə də dəyişikliklər oldu. Yəni zaman keçdikcə selektiv abortların qarşısının alınması və bununla bağlı cəmiyyətin maarifləndirilməsi istiqamətində müəyyən addımlar atıldı. Amma vaxtilə bizim Qarabağ müharibəsi zamanı, hətta ümumən götürəndə, abortların sayı çox olsa da, evlilik, toy və boşanmaların sayı azalmışdı. Həmin dövrün sosial və demoqrafik reallıqları indiki vəziyyətdən müəyyən qədər fərqlənirdi. Ona görə də ən çətin illərdə belə bizdə abortların sayı doğuşların sayı ilə müqayisədə minimum 10-15 faiz, bəzən isə 20 faiz təşkil edirdi. Yəni abort məsələsi mövcud olsa da, onun cəmiyyətin demoqrafik davranışına təsiri indiki kimi geniş müzakirə olunan və müxtəlif amillərlə əlaqələndirilən məsələyə çevrilməmişdi.
Ekspert qeyd edib ki, son illərdə həm evliliyin sayının azalması, nikahların pozulmasının sayının az qala 50 faizi keçməsi, eyni zamanda bir çox iqtisadi, sosial və dünyadan gələn liberal təsirlər Azərbaycan ailəsində də böyük problemlərə çevrilib. Bu dəyişikliklər ailənin qurulmasına, ailə daxilində münasibətlərə, uşaq sahibi olmaqla bağlı qərarlara və ümumilikdə insanların gələcəyə baxışına təsir göstərir. Xüsusən də abortların sayı getdikcə artmaqdadır. Əhali sanki dünyaya uşaq gətirmək istəmir. Burada məsələni yalnız bir səbəblə izah etmək düzgün olmaz. Çünki ailə qurmaq, uşağın dünyaya gətirilməsi və onun böyüdülməsi bir-biri ilə bağlı çoxsaylı sosial və iqtisadi amilləri özündə birləşdirir. İnsanların gələcək planları, maddi imkanları, ailənin saxlanılması üçün tələb olunan xərclər, iş imkanları və digər məsələlər bütün bu prosesə təsir göstərə bilər. Ailə məsuliyyətini daşımağa hazır olmayan şəxslər rəsmi nikaha girsələr də, ailəni və gələcək övladlarını karyeralarına, bəzi hallarda isə bədən gözəlliyinə qurban verməyə çalışırlar. Yəni ailə və övlad məsələsi bəzi hallarda şəxsi karyera və digər fərdi prioritetlərlə qarşı-qarşıya gəlir. Nəticədə insan öz gələcək həyatını planlaşdırarkən uşaq sahibi olmaq məsələsinə də fərqli yanaşa bilir. Qonşu Türkiyədə və İranda da bu proses getdikcə müşahidə olunmaqdadır. Hətta bilirsiniz ki, Türkiyə Prezidenti türk qadınlarına müraciət etdi ki, ən azı üç uşaq dünyaya gətirsinlər. Sözün əsl mənasında, bu, elmi bir baxışdır. Bilirsiniz ki, bir qadın orta hesabla 2-3 uşaq dünyaya gətirməlidir ki, millətin demoqrafik problemi olmasın, əhalinin sayı azalmaqdan çoxalmağa doğru getsin. Burada söhbət təkcə ailənin neçə uşaq sahibi olmasından getmir, eyni zamanda ölkənin gələcək demoqrafik vəziyyətindən, əhalinin sayının qorunub saxlanılmasından və gələcəkdə bu sahədə yarana biləcək problemlərdən gedir. İndi Azərbaycanda da bu və ya digər dərəcədə, əsasən iqtisadi və sosial məsələlər, eyni zamanda boşanmalar abortların sayını durmadan artırır. İnsanların maddi vəziyyəti, ailələrin gəlirlərinin səviyyəsi, uşağın böyüdülməsi üçün tələb olunan xərclər və ailə münasibətlərində yaranan problemlər bu məsələyə təsir edən amillər sırasında nəzərdən keçirilə bilər. Əgər əvvəllər abort etmək yalnız mental dəyərlərlə bağlı idisə, indi artıq bu, adi bir hala çevrilib və heç kim də bundan utanıb-çəkinmir. Nə ictimai qınaq var, nə də qadınları bu yoldan çəkindirən hər hansı başqa bir vasitə tapmışıq. Əvvəllər bu məsələ müəyyən mental yanaşmalar çərçivəsində müzakirə olunurdusa, indi onun səbəbləri və motivləri daha çoxşaxəli xarakter alıb.
Kulturoloqun fikrincə, belə sürətlə abortların sayı artsa, boşanmaların sayı çoxalsa, Ailə Məcəlləsində dəyişiklik etmək lazım gələcək. Abortların ümumiyyətlə qadağan edilməsi məsələsi ortaya qoyulacaq. Üstəlik, dövlətin ailə və uşaqları dəstəkləməklə bağlı ayrıca yeni güzəşt paketi qəbul edilməlidir. Yəni məsələnin yalnız qadağalar vasitəsilə həll edilməsi kifayət deyil. Paralel olaraq ailələrin, xüsusilə də gənc ailələrin sosial və iqtisadi baxımdan dəstəklənməsi də nəzərdə tutulmalıdır. İqtisadi cəhətdən ailəni saxlamaq və iki gənc işsiz, evsiz insanın ailə qurub, sonra da ailəni artıraraq iki-üç uşağı dünyaya gətirməsi mümkün deyil. Çünki ailənin qurulması üçün ilk növbədə müəyyən sosial və maddi təminat lazımdır. Gənc insanların işinin, yaşayış yerinin və gəlirinin olmaması onların ailə qurmaq və sonradan uşaq sahibi olmaqla bağlı qərarlarına birbaşa təsir göstərə bilər. Çünki bir uşağın dünyaya gəlməsi üçün hamilə qadının sağlamlığından tutmuş qidalanmasına, istirahətindən tutmuş digər tibbi və sağlamlıq xərclərinə qədər çox böyük vəsait lazım olur. Hamiləlik dövründə qadının sağlamlığına diqqət yetirilməsi, müayinələrdən keçməsi, düzgün qidalanması və lazımi tibbi nəzarətin təmin olunması da ailə üçün əlavə maliyyə məsuliyyəti yaradır. Bu məsuliyyət isə xüsusilə gəliri aşağı olan ailələr üçün daha ciddi problemə çevrilə bilər. Daha sonra dünyaya gələn uşaq əvvəlki kimi nə baba-nənənin, nə də qohum-əqrəbanın köməyi olmadan böyüməlidir. Əvvəllər bir çox ailələrdə uşağın böyüdülməsində baba-nənə və digər qohumların müəyyən rolu olurdu. İndi isə ailələrin sosial strukturu və yaşayış tərzi dəyişdiyindən bu dəstək hər zaman əvvəlki səviyyədə olmur. Bu da gənc ailələrin üzərinə daha böyük məsuliyyət qoyur. Onun da həftədə iki-üç dəfə süni qida ilə qidalanması lazım gələndə, bilirsiniz ki, süni qidaların, ana südü əvəzedicilərinin də qiyməti durmadan artır. Uşağın bezlərindən tutmuş dərmanlarına qədər, həkim nəzarətindən keçməsindən tutmuş sağlam böyüməsi üçün lazım olan qidalanmaya qədər, hamilə qadının və eyni zamanda yeni doğulmuş ananın qidalanmasına qədər çox böyük vəsaitlər tələb olunur. Yəni uşağın dünyaya gəlməsi ilə ailənin qarşısında yeni və davamlı xərclər meydana çıxır. Bu xərclər yalnız doğuşla bitmir, uşağın böyüməsi ilə birlikdə davam edir. İndi bilirsiniz ki, hər kəs orta və yuxarı təbəqənin nümayəndəsi deyil. Əsasən kasıbların sayı artır. Dünyanın hər yerində olduğu kimi, bizdə də iqtisadi vəziyyət pisləşməkdədir. Bu baxımdan ailə qurmaq və uşaqların sayını artırmaq məsələsinə insanların maddi imkanları da təsir göstərir. Əgər ailənin gündəlik ehtiyaclarını qarşılamaq imkanları məhduddursa, əlavə uşağın dünyaya gətirilməsi də həmin ailə üçün daha böyük maliyyə yükü yaradır. Bununla yanaşı, əmək bazarında baş verən dəyişiklikləri də nəzərə almaq lazımdır. Süni intellekt, avtomatlaşma və robotlaşma ona gətirib çıxarıb ki, iş yerləri getdikcə ixtisar olunur, maaşlar azaldılır. Ənənəvi insan əməyi ilə pul qazanma üsulları yeni innovativ üsullara keçid alıb. Hər kəs bu yeniliyə hazır deyil. Hər kəs startap edə bilmir, hər kəs varlana bilmir. Bu dəyişikliklər də insanların gələcəklə bağlı qərarlarına təsir edir. Ənənəvi iş yerlərinin azalması, yeni texnologiyaların əmək bazarına daxil olması və insanların yeni peşələrə uyğunlaşmaq məcburiyyətində qalması müəyyən sosial çətinliklər yaradır. Hər bir insanın bu dəyişikliklərə eyni sürətlə uyğunlaşması mümkün deyil. Buna görə də iqtisadi sabitliyin olmaması ailə və övlad məsələsinə də öz təsirini göstərə bilər. Ona görə gənclər ya dünyaya uşaq gətirmək istəmirlər, ya aborta gedirlər, ya da başqa nikahlar pozulur və rəsmi boşanmaya getməyə məcbur olurlar. Bu proseslərin hər biri bir-biri ilə müəyyən mənada əlaqəlidir və yalnız bir səbəb üzərindən izah edilə bilməz. Ailə institutunda baş verən dəyişikliklər, iqtisadi problemlər, sosial şərait və insanların həyat tərzindəki dəyişikliklər birlikdə nəzərdən keçirilməlidir. Bütün bu problemlər, əlbəttə ki, yalnız bir yanaşma ilə həll oluna bilməz. Kompleks şəkildə problemin həllini tapmağa çalışmaq lazımdır. Bir çox ölkələrdə olduğu kimi, abortla bağlı müəyyən qadağanedici məsələlərlə yanaşı, həm də həvəsləndirici, motivasiyaedici, ailəni dəstəkləyən proqramlar həyata keçirmək lazımdır ki, bizdə demoqrafik partlayış baş verməsin. Yəni bir tərəfdən ailə və uşaqların müdafiəsinə yönələn tədbirlər görülməli, digər tərəfdən isə gənc ailələrin üzləşdiyi sosial və iqtisadi problemlərin həllinə diqqət artırılmalıdır. Ailənin qurulması və uşağın dünyaya gətirilməsi üçün yalnız mənəvi çağırışlar kifayət etmir. Bunun üçün ailənin real sosial və iqtisadi imkanlarının da nəzərə alınması vacibdir.
"Demoqrafik məsələlər uzunmüddətli prosesdir və bu sahədə bu gün verilən qərarların nəticələri gələcəkdə özünü göstərə bilər. Ona görə də məsələyə vaxtında və kompleks şəkildə yanaşmaq lazımdır. Ailə institutunun möhkəmləndirilməsi, uşaqların və gənc ailələrin dəstəklənməsi, eyni zamanda abortların artmasına səbəb olan amillərin araşdırılması bu istiqamətdə vacib məsələlərdir. Demoqrafik partlayış baş versə, bu, gələcəyimiz üçün də heç də yaxşı nəticə vəd etmir. Ona görə də həm demoqrafik vəziyyətin qorunması, həm ailələrin dəstəklənməsi, həm də abortların və boşanmaların artmasına səbəb olan sosial-iqtisadi amillərin aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülməlidir", - deyə yazıçı əlavə edib.
Səidə Ramazanova